Azərbaycan tərəfini suçlamaq növbəti təxribatdır

"Separatçıların hiylələrinə göz yummaq başqa fəsadlara yol açar"

Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub. Separatçıların nümayəndəsi Vahram Poğosyanın açıqlamasına görə, ötən gün Xankəndi sakini olan bir neçə “sərxoş” havaya atəş açıbmış. Poğosyan onların “saxlanıldığını” deyib. Məlumat üçün bildirək ki, hadisədən sonra Ermənistan mətbuatında Şuşadakı Azərbaycan hərbçilərinin guya Xankəndi istiqamətində atəş açması ilə bağlı dezinformasiya yayılmışdı. Rəsmi Bakının sərt mövqeyindən sonra absurd ittihama son qoyulub və ermənilər başqa senari uydurmağa məcbur qalıblar. 



Xankəndidə baş verən təxribatı “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, arutyunyanların, balasanyanların təxribatlarına birdəfəlik son qoyulmalıdır. Ekspertin sözlərinə görə, separatçıların hiylələrinə göz yummaq başqa fəsadlara yol açar:

“Ermənistandan iki deputat Xankəndinə gələrək separatçılarla görüşüb, müzakirələr aparıblar. Rusiya sülhməramlılarına güvənən separatçılar hədlərini aşan hərəkətlərə yol verir, sərsəm bəyanatlar səsləndirirlər.

Xankəndidə yaşanan olaydan dərhal sonra Azərbaycan tərəfini suçlamaq növbəti təxribatdır. Məqsəd bölgədə vəziyyəti gərgin saxlamaqdır.

Əllərindən heç nə gəlmədikdə yalan xəbərlər, dezinformasiyalar tirajlayırlar. Dağlıq Qarabağla bağlı problemləri həll etmək üçün bölgədə konstitusion hüquqlarımızı bərpa etməli, nəzarəti öz əlimizə almalıyıq. Əks halda separatçılar iyrənc metodlarla əsəblərimizi tarıma çəkməyə davam edəcəklər. Dəmir yumruq onların başına enmədikcə təxribatlarından əl çəkməyəcəklər”.