Qırğız xalqı Sadır Japarova şans və imkan verdi

O, seçki öncəsində müəyyən vədlər vermişdi. Görünür, yeni prezidentin platformasına xalqın ümidləri böyükdür

Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və idarəetmə formasına dair referendum başa çatıb. Mərkəzi Seçki Komissiyası Sadır Japarovun seçkilərdə 52.11 faiz səslə qalib gəldiyini bəyan edib. Prezident seçkiləri ilə eyni vaxtda idarəetmə üsulu ilə bağlı da referendum keçirilib. Ölkənin 80 faizdən çox seçicisi köhnə prezident idarə üsuluna səs veriblər.

Bu o deməkdir ki, indiki prezidentin səlahiyyətləri daha da genişləndirilir. Sadır Japarov Sooronbay Jeenbekovun istefasından sonra müvəqqəti hökumətdə prezident və baş nazir vəzifəsini icra edib. 14 noyabr 2020-ci il tarixində isə seçkilərə etiraz olaraq istefa verib.



Mərkəzi Asiya ölkəsində baş tutmuş seçkilərlə bağlı “Şərq”ə danışan politoloq İlqar Vəlizadə bildirib ki, Japarov seçkiyə qədər bir neçə ay Qırğızıstana faktiki rəhbərlik edib. Ekspertin fikrincə, seçicilərin böyük əksəriyyətinin ona səs verməsi göstərir ki, qırğız xalqı köhnə kursun davam etməsində maraqlıdır:

“Sadır Japarov seçki öncəsində müəyyən vədlər vermişdi. Görünür, yeni prezidentin platformasına xalqın ümidləri böyükdür. Ölkədə ən ciddi problem yoxsulluqdur. Əhalinin böyük hissəsi kasıb vəziyyətdə yaşayır.

Japarovun əsas vədləri insanların rifah səviyyəsinin yüksəldilməsi, yoxsulluğun aradan qaldırılması yönündə idi.

O, Qırğızıstana xarici investisiyaların cəlb olunması, iqtisadi durumun düzəldilməsi ilə bağlı seçicilərə söz verib. Seçicilər bir növ yeni prezidentə şans və imkan veriblər ki, öz vədlərini reallaşdırsın.

Sadır Japarov baş nazir vəzifəsini icra edərkən bir sıra addımlar atıb və müsbət dəyişiklikdə maraqlı olduğunu təsdiqləyib. O baxımdan yeni prezidentə müəyyən ümidlər var”.