Türkiyə AB münasibətləri ! – Kimdir günahkar? – Ərdoğan sübut edir


"Fransa, Yunanıstan, Kipr kimi dövlətlər Türkiyənin bu qurumda təmsilçiyinə imkan verməyəcək”

“Qardaş ölkə rəhbəri bütün bunları çox gözəl bilir”

“Sadəcə Ərdoğan AB ilə rəsmi Ankara münasibətlərinin alınmamasının Türkiyədən yox, Avropadan qaynaqlandığını göstərmək üçün işlər görəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə gələcəyini Avropa Birliyində (AB) görür. Qardaş ölkə başçısı qeyd edib ki, hökümət bu istiqamətdə addımlar atır:
“AB Türkiyənin gündəmindədir”.

 Türkiyə lideri 2021-ci ilə qədər AB ilə immiqrasiya sahəsində əməkdaşlıq üçün yeni təsirli bir mühitin yaradılmasına başlandığını vurğulayıb. R.T.Ərdoğan AB ilə Gömrük İttifaqının yenilənməsini və Türkiyənin AB-yə üzvlüyü üçün yeni addımların düşünüldüyünü söyləyib. 



Ərdoğanın çıxışı “Sherg.az”a dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı vurğulayıb ki, Türkiyə və AB münasibətləri çox qəlizdir. Qardaş ölkənin uzun müddət bu təşkilata üzv olmaq istiqamətində addımlar atdığını deyən partiya sədri diqqətə çatdırıb ki, AB dəfələrlə Türkiyəni aldadıb və onu üzvlüyə qəbul etməyib:

“Hətta sonuncu dəfə Türkiyəyə tamhüquqlu üzvlük yox, başqa statuslu üzv kimi təkliflər verdi. Əslində AB ən çox əhaliyə sahib olan müsəlman dövlətini qəbul etmək istəmir.

Çünki sözügedən qurum həm iqtisadi, həm də sosial baxımdan qardaş ölkənin onu üstələyəciyini düşünür. Ərdoğan bilir ki, AB onları qəbul etmək niyyətində deyil.

Amma özünün konstruktiv olduğunu və bu təşkilatla düşmən olmadığını bildirmək üçün belə çıxış edib. Çünki AB sonuncu dəfə miqrantlarla bağlı üzərinə düşən öhdəliyi götürmədi.

Qardaş ölkə məlum təşkilatın təhlükəsizlik buferi rolunda çıxış etdi və miqrantların kütləvi şəkildə Avropaya axınının qarşısını aldı. Amma Avropa Türkiyəyə vəd etdiyi kompensasiyanı ödəmədi”.

Təşkilat sədri qeyd edib ki, bu qurumda təmsil olunan Fransa, Yunanıstan, Kipr kimi dövlətlər Türkiyənin təmsilçiyinə imkan verməyəcək:
“Bir ölkə əleyhinə çıxdığı zaman üzvlük qəbul edilmir.

Ərdoğan bütün bunları çox gözəl bilir. Sadəcə olaraq AB ilə Türkiyə münasibətlərinin alınmamasının Türkiyədən yox, Avropadan qaynaqlandığını göstərmək üçün işlər görəcək.

Atalar demişkən, yalançını evinə qədər qovub sübut edəcək ki, AB rəsmi Ankaranı tamahüquqlu bir üzv kimi qəbul etmək istəmir”.