Akif Aşırlı: "Media holdinqlərin yaranmasına qərar vermək lazımdır" 

"Ölkədəki media strukturlarının fəaliyyətini birmənalı qiymətləndirmək doğru olmaz. KİV-i çap mediasına, yeni mediaya bölməyin də tərəfdarı deyiləm. Onunla razıyam ki, ölkənin media strukturlarında ciddi böhran yaşanır. Bu da onunla bağlıdır ki, ənənəvi çap mediası, peşəkar media yeni çağırışlara uyğun davranmağa çalışsa da, nəticə müsbət olmur. Yeni medianın isə keyfiyyət etibarı ilə media parametrlərinə, qanunlarına uyğun fəaliyyətində problem var".

Bunu Teleqraf.com-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Onun sözlərinə görə, son dönəmdə televiziyalarda müəyyən irəliləyişlər baş verdi:

"Bu da cəmiyyətə, mövzuya, media fəaliyyətinə yanaşmada, yaradıcılıq məsələlərində yeni baxışın nəticəsi idi.

Hesab edirəm ki, biz ilk olaraq yaradıcılıq məsələlərinə diqqətlə yanaşmalıyıq. Həm çap, həm də internet mediası olaraq bu məsələlərə ciddi maraq göstərməli, dünyada baş verən tendensiyalara, cəmiyyətin inkişafına uyğun müəyyən hədəflərə yönəlik informasiya siyasəti yeritməliyik.

Əsas problemlərdən biri KİV-in reklam bazarıdır. KİV-in reklam bazarı, demək olar ki, yoxdur.  Bu gün daha çox sosial şəbəkələr reklam əldə edir. İşimizi əsas sosial media şəbəkələri üzərindən qurub, fəaliyyət aparmağa məcburuq. Sosial şəbəkələr isə kirli bazardır. Bəzən informasiyalarda həqiqəti özündə əks etdirən, dəqiq ictimai maraqları güdən informasiyaların çəkisi çox yüngül olur. Ciddi media sosial şəbəkələrin üstünlüklərindən düzgün istifadə etməyi bacarmalıdır".

A.Aşırlının fikrincə, KİV haqqında qanun yenidən hazırlanmalıdır:

"KİVDF-nin yeni heyəti formalaşdı. Heyət yaxşıdır, yaradıcı yanaşmalar ortaya qoyulur. Lakin elə məsələlər var ki, KİVDF-nin səlahiyyətlərinə aid deyil, məsələn, yayım şəbəkəsinin düzgün işləməməsi. Rayonlara, Bakının əyalətlərinə qəzet çatdırmaqda problemlə üzləşirik. Bəzən deyirlər ki, qəzet oxunmur. Qəzet oxunur, sadəcə çap olunan məhsulları zamanında çatdıra bilmirik. Yeni media, yeni yayım şəbəkəsi qurulmalıdır.

Fikrimcə, KİV-in fəaliyyəti ilə bağlı qanun dəyişdirilməldir. Yeni media elementləri ilə bağlı hüquqi anlayışlar dəqiqləşdirilməlidir. Zaman dəyişir. Artıq media holdinqlərin yaranmasına qərar vermək lazımdır".