"Baş daşını Səxavətin Bakıdakı evinin qarajında saxladıq"

Firuz Səxavət: "Görürdük ki, hər dəfə atam, anam necə pərişan olur, bunu da özlərinə bir dərd edirlər. Atam da artıq qocalmışdı. Səxavətin oğluna məsləhət gördük ki, baş daşını ləğv etdirsin" 

"Arzuya bax; dedik ki, inşallah, kəndimiz nə vaxt işğaldan azad olunar, yeni baş daşı düzəltdirərik...


Vətən müharibəsindəki qələbə təkcə ərazilərin işğaldan azad edilməsi deyil. Bu qələbə hərtərəfli azadlıqdır. Əsarətdə saxlanan torpaqlarımızın azadlığı, Qarabağ havasının, Qarabağ nəfəsinin azadlığı, köçkün insanlarımızın azadlığı, evlərimizin, obalarımızın, yurd yerlərimizin azadlığı… və axirət evimizin – məzarlıqlarımızın da azadlığıdır. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun Ağdamdakı məzarının döyüş yoldaşları, dostları, hərbçilər və ailə üzvləri tərəfindən ziyarətini əks etdirən video bir müddət əvvəl sosial şəbəkələrdə yayıldı. Bu dəfə isə azadlığa qovuşan daha bir məzar – Qarabağın bülbülü, bənzərsiz səsi ilə könülləri fəth etmiş mərhum Səxavət Məmmədovun Abdal-Gülablıdakı məzarı tapılıb və ziyarət olunub. Mərhum xanəndənin məzarının ziyarət olunmasını əks etdirən videolar da sosial şəbəkəyə yerləşdirilib.        

Qısaca xatırladaq ki, Səxavət Məmmədov 1991-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişdi. O zaman Qarabağda müharibə gedirdi və bu səbəbdən də Səxavətin məzarının üstü götürülməmiş qaldı. Halbuki baş daşı hazırlanmışdı və Abdal-Gülablıya aparılmalıydı. Amma xanəndənin yarımçıq qalmış taleyi kimi məzar daşı da Bakıda qaldı, “sahibinə” qovuşa bilmədi. 



“Şərq” mərhum xanəndənin qardaşı, xanəndə Firuz Səxavətlə əlaqə saxlayıb,  məzarla bağlı onun fikirlərini öyrənib: 

-  Səxavət 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında həlak oldu. Oktyabrın 1-i dəfn mərasimi idi. Kənddə güclü atışma vardı. Biz Səxavəti, güllə-baran altında dəfn elədik. Gözlədik ki, sakitlik yaransın, qəbrin üstünü düzəltdirək. Bu il, gələn il, dedik, uzandı, 29 il oldu... Şükür ki, əsgərlərimizin rəşadəti, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib artıq. Xalqımızın birliyi ilə biz bu böyük qələbəyə nail olduq. Bundan sonra Səxavətin də məzarı adına, özünə layiq şəkildə düzəldiləcək. 

- Bildiyimiz qədər, mərhum  Səxavətin məzarı üçün hazırlanmış baş daşını kəndə apara bilməmisiniz, Bakıda evində qalıb... 

- Bəli, elədir. Kənddə vəziyyət gərgin idi, sonra da kəndimiz işğal olundu. Baş daşını Səxavətin Bakıdakı evinin qarajında saxladıq. Uzun müddət baş daşı qarajda qaldı. Görürdük ki, hər dəfə atam, anam necə pərişan olur, bunu da özlərinə bir dərd edirlər. Atam da artıq qocalmışdı. Səxavətin oğluna məsləhət gördük ki, baş daşını ləğv etdirsin. Arzuya bax; dedik ki, inşəllah, kəndimiz nə vaxt işğaldan azad olunar, yeni baş daşı düzəltdirərik... 

- Ata-ananız o zaman Səxavətin evində yaşayırdı? 

- Bilirsiz, bizim qohumlardan bir neçəsi hələ işğaldan çox əvvəl Bakıya gəlmişdilər, Binəqədi rayonu ərazisində yaşayırdılar. Əvvəlcə əmim gəlmişdi, sonra Səxavət... Kəndimiz işğal olunanda ona görə ailəmiz də Binəqədi ərazisində məskunlaşdı. Səxavətin də evi orda idi. Həyətdə iki ev vardı. Birində Səxavət özü ailəsi yaşayırdı, bir evdə isə atam, anam. 

- Siz getmisiniz azad olunan Abdal-Gülablıya? 

- Bəli, getmişəm. Elə şey olar, getməyim?!. 

- Müəyyən təhlükələr var, mülki insanlarımızın gedişlərinə çox icazə verilmir, ona görə soruşdum. 

- Sağ olsunlar, hərbiçi dostlarımızın köməyi ilə getdik. 

- Necədi kəndiniz? 

- ... Nə deyim... İndiyə qədər müəyyən videolar yayılırdı, youtub kanalında baxırdıq, görürdük kəndi... Gözlə görmək başqadı... Oranın nəfəsini çəkmək başqadı... Bir dəfə getmişəm, elə yenə can atıram... 

- Adətən, Məkkəni ziyarət edənlər təkrar, bir də ziyarət etmək istəyir, irad tutanlara da “Məkkəni bir dəfə görən, bir də görmək istəyər” deyirlər. Təxminən eyni hisslərdir, yəqin. Fərq burasındadır ki, ora bizim doğma torpaqlardı. Doğma torpağa can atmaq istəyi tamamilə təbiidi... 

- Əlbəttə. Ayağım doğma torpağa dəyib. Kəndimizin torpağına ayaq basmışam. Can atıram gedəm... 

- Evinizi tapa bildiniz? 

- Evimiz salamat qalmayıb. Amma yerini tapdım...
 
- Təxminən, səmtinə uyğun? 

- Təxminən deyəndə ki, 18 il orda yaşamışam, necə tapmaya bilərəm?!. Yollar qalıb, kəndimizin bir tərəfi meşə yolu idi. Xankəndinə, Əsgərana gedən yoldu. Bütün kəndi gəzdim. 

- Evlər çox dağılıb yəqin... 

- Bizim evlərin hamısını söküb dağıdıblar. Gəlmələr üçün balaca evlər tikilib, təxminən 50-60 ev vardı. Bizim kənddə gəlmə ermənilər yerləşdirilib deyə, mina da çox basdırılmayıb. Həm də Abdal-Gülablıdan Xankəndinə yaxındır, gediş-gəlib olub, ona görə. Dünyada çox müharibələr olub, bir çox xalqlar müharibə aparıb bir-birilə. Düşmən olublar. Ancaq ermənilər kimi alçağı yoxdur. Düşmənin mərdi də bir xoşbəxtlikmiş. Dünyada ən şərəfsiz düşmən bizim qismətimizə düşüb. Başa düşmək olmur ki, bunlara torpaq lazım idisə, niyə torpaqdan istifadə etməyiblər? Necə ola bilər ki, 28 il bir yerdə yaşayasan, orada heç bir iş görməyəsən?! Nəsə əkməyəsən, becərməyəsən?!. Yaşamırsız, yaşamayın. Evləri niyə dağıdırsız?.. Elə bil ki, təbiət də ermənilərə qarşı olub. 28 ildə torpaq sanki heç nə yetirməyib. Bir ağac da bitməyib. Bundan sonra görəcəklər, hamı görəcək, Qarabağ necə gözəlləşəcək. Çünki öz əzəli sahibləri, doğma sakinləri qayıdır Qarabağa. 

- Məzarlığa da getdiniz... 

- Birinci məzarlığa getdim. Səxavətin məzarını ziyarət etdim. Məndən əvvəl hərbçilər olmuşdu orda. Hərbçi dostlarımız arasında kəndimizdən bir oğlan da vardı, məzarı tapmışdılar. 

- İnşallah, məskunlaşma başlasın, Səxavətin məzarı da düzələcək. 

- Əlbəttə, şübhəsiz. Hər yer, məzarlıqlar da abadlaşacaq. 

- İnşallah, sizin də avazınız Ablad-Gülablıdan gələr. 

- İnşallah!