"Müharibədə hər dəqiqən, hər anın ölümdür"

"Şuşada görünməyək deyə ocaq qalayıb isinə bilmirdik"

Elbrus Vahidov: "Biz iki ay yuxarıda olduq, aşağı düşmədik. Düz iki ay çimmədik. Şərait də, imkan da yox idi. Erməni postunu alanda, üzümüz gülürdü"


İkinci Qarabağ savaşçılarının bir hissəsi yanvar ayının əvvəllərində tərxis olundu. Evə gəldikdən sonra onların hər biri sosial şəbəkələrdə cəbhə xatirələrini yazır, müharibə gündəliklərindən danışırlar. Biz də zaman-zaman həmin paylaşımlarla rastlaşırıq. Məsələn, yaxın günlərdə feysbukda bir status diqqətimi çəkdi. Başlığı “Cəbhə xatirələri” idi:

“Oktyabrın 5-də günorta vaxtı Füzuli istiqamətində təyin olunan mövqeyimizə çatdıq. Özümüzlə gətirdiyimiz sursatları doldurub ərazidə mövqe tutduq. Füzulidə şiddətli döyüşlər gedirdi. Bizim vəzifəmiz irəlidən düşmənin hər hansı qəfil əks-hücumunu önləmək, arxa cəbhəni gücləndirmək, qarşıdakı bölmələrimiz irəliləyən zaman onların arxasınca hərəkət edərək mövqelər qurub müşahidə aparmaq idi. Düşmənin artilleriya atəşləri bir dəqiqə də olsun ara vermirdi. Vəziyyətə uyğun olaraq gecələr qaranlıqda və yalnız dağlarla səssiz hərəkət edirdik. Beləcə 3 gün fəaliyyətdən sonra oktyabrın 8-də səhərə yaxın hava işıqlanmazdan əvvəl maşınlarla Füzulidən Cəbrayıla yola düşdük”.

O statusun müəllifi Vətən müharibəsi iştirakçısı Elbrus Vahidovdur. Elbrus 1993-cü ildə Salyan rayonunda dünyaya gəlib. 2020-ci ilin sentyabrında Vətən savaşına manqa komandiri vəzifəsinə yollanıb. "Şərq" savaşçı ilə söhbət aparıb.  Elbrusun döyüş yolunu özündən eşidək. 

- Statuslarından az-çox döyüş yolunuz haqqında oxumuşam. Lakin sizdən eşitmək istərdim. Savaşa hardan başladınız?

- Beş oktyabrda  Beyləqandan Lələtəpəyə doğru irəlilədik. Horadiz, Lələtəpə istiqamətində ayın 8-nə kimi müdafiədəydik. Sonra  Cəbrayıla getdik. Cəbrayıldakı yüksəkliyi götürdük. On altı oktyabra qədər Cəbrayılda vuruşduq. Ardınca Hadruta yollandıq. Xocavənddə 1666 adlı yüksəklik var. Akaku, Tuğ və Azıx kəndlərinin üstündə yerləşir. 31 oktyabra qədər orda olmuşuq. Noyabrın 1-dən, 15-nə qədər Şuşada qaldıq. Biz müharibəni Şuşada yekunlaşdırdıq. Şuşakəndi azad etmək sonuncu döyüş tapşırığımız idi. Ora iki dəfə hücum etdik, uğursuz oldu. Üçüncü dəfə əməliyyatı icra edə bildik. 

- Nə kimi çətinlikləriniz oldu?

- Hamımız çağırışla gəlmişdik. Hərbçi deyildik. Bəzən ərzağımız tükənirdi, suyumuz olmurdu. Artilleriya atəşi altında qalırdıq, qorunmaq lazım idi. Ərazilərimizi müdafiə edib, hücuma keçməliydik. Əsl döyüşçü kimi tapşırıqları yerinə yetirməliydik. Şükür hamısının öhdəsindən gəldik. 

- Bir az da Şuşa döyüşlərindən bəhs edək. Orda nələr baş verdi?

- Oktyabrın 31-i  Xocavənddəki mövqemizi başqa bölmələrə təhvil verib, Hadruta gəldik. Noyabrın 1-i Hadrutdan çıxıb, Şuşaya yollandıq. “Topxana” meşəsinin içi ilə, cığırlarla getdik. Şuşada Muxtarkəndin yanında fermada mövqe tutduq. Ardınca Şuşakəndə hücum elədik. Noyabrın 6-sı birinci həmlədə bizi minamyotla vurdular. İkinci dəfə  gecə saatlarında hücuma keçdik. Orda da mühasirəyə saldılar. Ayın 9-da üçüncü hücumla Şuşakəndi azad etdik. Xüsusi təyinatlı Qüvvələr isə Daşaltı kəndini ələ keçirib, ordan da Şuşa şəhərinə  qalxıblar. Onlar bizdən bir gün əvvəl Şuşanı azad edib. Şuşakənd isə Şuşanın ətrafında yerləşir. Təxminən Bakı və Lökbatan kimidir.

- Eşitdiyimiz qədəri ilə Şuşada əlbəyaxa döyüşlər olub...

- Düzdür, amma bizdə yox idi. O, Xüsusi Təyinatlı Qüvvələrə aiddir. Çünki onlar ön cəbhədəydilər. Həm də XTQ-lərin əlbəyaxa döyüşdə təcrübələri çoxdur. Bıçaqla, avtomatın süngüsü ilə ermənilərin beynini dağıdırdılar. Biz isə postlara hücum edirdik, atəş açırdıq. Şuşaya gedəndə Xüsusi Təyinatlılar Muxtarkəndə qədər əraziləri təmizləmişdilər. Amma yüksəkliklərdən avtomobil kolonumuzu hədəf alırdılar. Ona görə maşınlardan düşüb piyada getməli olduq. Çünki bir maşında 20-25 nəfər var idi, mərmi düşüb hər birimiz şəhid ola bilərdik.  

- Ən çox harda əziyyət çəkdiniz?

- Şuşada. Orda çox itki verdik. Biz hücum edirdik, onlar minamyotla vururdular. Özü də ermənilər  hücum etməyiblər, ancaq minamyotla atəş açıblar.  Nə əks-hücum ediblər, nə də başqa bir şey. Ancaq artilleriya və strateji mövqelərdən istifadə etməklə döyüşüblər. Biz də minamyot atəşi altına  düşmüşük. Ona görə itkilərimiz çox oldu. Həm də havanın soyuqluğu ilə əlaqədar  çətinlik çəkdik. Görünməyək deyə ocaq da qalamırdıq, isinə bilmirdik. Şuşanın relyefi də çətin idi, Füzuli kimi  düzənlik deyildi. Orda ən aşağı  yüksəklik 1200-1300 metrdir. Bu səbəbdən döyüşlər də ağır keçdi. Yəqin döyüş yoldaşlarım da mənimlə eyni fikirdədir.

- Odun-alovun içindən şəhidləri, yaralıları necə təxliyə edirdiniz? 

- O da başqa dərd idi. Onları atəş altından çıxartmaq, tibb məntəqəsinə yola salmaq çətin olurdu. Çünki biz ana yollarla getmirdik. Gecələr dağ cığırları ilə  irəliləyirdik. Ora da hərbi tibbi yardım maşınları  gələ bilmirdi. Təssəvvür edin, döyüşürsən və ambulans səndən 3-4 kilometr geridə dayanıb. O məsafəni gedib, yaralını çatdırmalısan. Sonra maşın onları tibb məntəqəsinə aparmalıdır. Ona görə bölüyün sanitar-atıcıları əsgərin yarasını sarıyıb, yola salırdılar. 

- Ölümə çox yaxın olduğunuz bir an olub hər halda...

- Müharibədə hər dəqiqən, hər anın  ölümdür. Lakin lap dəqiqini desək. Xocavənddə 1666  yüksəkliyində mövqe tutmuşduq. Oktyabrın 20-də  günorta atəş başlandı. Biz də səngərdən çıxa bilmədik. Mərmi düşdü, neçə əsgərimiz şəhid oldu. O an hər şeyin bitdiyini düşünürdüm. Çünki minamyot elə yağırdı ki...  Şükür Allaha, sağ-salamatam. Allah şəhidlərimizə rəhmət eləsin. 

- Bu qədər çətinlikdən sonra Şuşaya daxil olanda hansı hissləri keçirdiniz?

- Şuşakənd  Xankəndi ilə Şuşanın qarşısıdır. Təpədən baxanda Şuşa şəhəri görünür.  Elə bil balkondan dənizə baxırsan. Dağın başında Şuşadır, dərədə Xankəndidir. Şuşakənddən hər iki şəhər aydın görsənir. Orda Şuşanın gözəlliyini seyr etdim. Qalın meşələri, gur çayları göz oxşayırdı.

- Biz müharibə müddətində savaşçılarımızın pozitiv videolarını, fotolarını görürdük. Ağır müharibə şəraitində gülər üzünüzü itirməməyi necə bacarırdınız?

- Müharibədə çətinlikdən bir az ümid parlayan kimi, evdəkilərlə əlaqə saxlayanda sevinirdik. Çünki  günlərlə ailəmizlə danışa bilmirdik. Bir kəlmə danışan kimi əhval-ruhiyəmiz yüksəlirdi. Ac qalırdıq. Bir balaca şərait tapanda gülürdük. Biz iki ay yuxarıda olduq, aşağı düşmədik. Düz iki ay çimmədik. Şərait də, imkan da yox idi. Erməni postunu alanda, üzümüz gülürdü. Həm də ümidli olmaq lazım idi. Əhvalımızı yüksəltməliydik. Dünya azərbaycanlılarının ümidi bizəydi. Çox şükür, gözləntiləri doğrultduq. Bir də mən müharibə başlamazdan əvvəl Birinci  Qarabağ savaşından yazılar yazırdım. Daim o yerlərin həsrətini çəkirdim. Otuz ildən sonra Qarabağı canımızla, qanımızla azad edəndə qürur duyurduq, fərəhliydik. Həmin hissləri ifadə etməkdə acizəm.

- Deyəsən həm də yazarsınız..

- Bədii əsərlər yazmamışam. Birinci Qarabağ müharibəsi, Orta əsrlər tarixi haqqında araşdırmalarım var. Horadiz əməliyyatı ilə bağlı məqalə yazmışam..   Azərbaycan tarixini araşdırmışam. Axundov adına kitabxanada qəzet səhifələrini oxuyaraq, tədqiqatlar aparmışam. Məsələn, 4 iyun Gəncə hadisələri, Səlcuqlar dövründən yazılarım var. 

- Bəs müharibə gündəliklərinizdən kitab hazırlamaq fikriniz varmı?

- Gələcəkdə bu barədə bir iş görməyi düşünürəm. 

-İnanıram ki, əla alınacaq.

- Ümumiyyətlə məndə yazı bacarığı yaxşıdır. Özümdən razıyam kimi çıxmasın. Məqalələrimdən görə bilərsiz. 

- Mütləq baxacam.

- Son olaraq sivil həyata adaptasiya prosesiniz necə gedir?

- Düşünürdüm ki, müharibədən sonra  sivil həyat psixoloji baxımdan çətin olacaq. Amma hər şey qaydasındadır. Hər halda həkimə, psixoloji yardıma ehtiyac var. Lakin həm sağlamlığım, həm də psixoloji durumum normaldır.

-Var olasız...