“Xudu” ləqəbli döyüşçü: “Dəfələrlə mühasirəyə düşsək də...”

“..Heç bir yüksəkliyi əldən vermədik”

“Düşmən hiylələrinə, “tələ”lərinə rəğmən, heç bir yaralı döyüş yoldaşımızı hərb meydanında qoymurduq”


İkinci Qarabağ savaşında döyüşçülərimiz Vətən uğrunda borclarını layiqincə yerinə yetirdilər. İndi növbə bizdədir. Şəhid və qazilərimizi xalqımıza tanıtmaqla qismən də olsa,  təsəlli tapmağa çalışırıq. 

“Sherg.az”ın növbəti belə müsahiblərindən biri 1992-ci il təvəllüdlü Anar Xuduzadədir. İki uşaq atası olan qəhrəmanımız bizimlə söhbətində vətənin taleyinin hər şeydən müqəddəs olduğunu deyib:

 “Sentyabrın 28-də məni hərbi komissarlığa çağırdılar və beləliklə, cəbhəyə yollandım. N saylı hərbi hissənin döyüşlərində pulemyotçu kimi iştirak edirdim. Hərənin bir ləqəbi var idi.

Mənə də “Xudu” deyirdilər. Eyni məqsəd- torpaqlarımızı azad etmək uğrunda can alıb, can verirdik. Dəfələrlə mühasirəyə düşsək də, heç bir yüksəkliyi əldən vermədik.

Düşmən hiylələrinə, “tələ”lərinə rəğmən, heç bir yaralı döyüş yoldaşımızı hərb meydanında qoymurduq. Allah qazilərimizə can sağlığı versin. Həmçinin komandirimiz kapitan Ülvi Hüseynovun timsalında bütün şəhidlərimizə rəhmət diləyirəm”.