"Teleqrama" böyük axın təsadüfi deyil

Çünki məxfiliyə və insan haqlarına tam təminat verir

Texnologiyanın inkişafı insanların həyatını həm asanlaşdırır, həm də çətinləşdirir. Belə ki, fiziki olaraq işlərimiz sadələşsə də, mənəvi olaraq yüklərimiz artır. Məsələn, bütün sirlərimizi bilən ən yaxın dostumuz olan sosial şəbəkələrin təhlükəsizliyi  bizdə suallar yaradır. Mesajlarımızı 3-cü tərəfə oxuya bilərmi? Artıq sosial medialarda gündəm olan təhlükəsizlik, informasiyaların toplanılması və dataların başqa şirkətlərə satılması insanları narahat edir. Hər kəs hansı məlumatların götürülməsi, onun necə istifadə edilməsi haqqında açıqlama gözləyir. Bir neçə gün bundan öncə isə “WhatsApp” messencerinin konfidensiallıq siyasətinin dəyişməsi nəticəsində son günlər bir çox tanınmış şəxslər ondan imtina edərək, başqa sosial şəbəkələrə qoşuldular. Xüsusilə də, Teleqrama axın daha çox oldu. Bəs görəsən, WhatsApp, yoxsa Teleqram?

Bunlardan hansı daha təhlükəsizdir? İnsanların bu barədə fikirləri nədir? Biz də “Şərq” olaraq bu faktı nəzərə alıb  əhali arasında sorğu keçirdik. Həmin sorğunu təqdim edirik:

Anar Ağayarov: "Vatsap məsələsinə telekomçu olaraq mövqeyim birmənalıdır. Bir sıra mobil operatorlar var ki, onlar işə başlayarkən sizin şəxsi informasiyanızı dövlət orqanlarına ötürmək barədə öhdəlik götürür. Həmçinin şəxsi informasiyalarınız çox zaman kommersiya şirkətlərinə ötürülür. Məsələn, hər hansısa "X Mall"-ın yanından keçəndə onun içindəki bir dükandan reklam SMS-i gəlir. Hər halda təsadüfən aldığınızı düşünürsünüz. Amma əslində bu belə deyil. Buna görə də hansısa sosial şəbəkəni silib başqasını yazmağa heç bir ehtiyac yoxdur. Yəni  vatsapı silib, teleqrama keçmək sadəcə "qarı nənənin nağılı" məsələsidir".

Aqşin Hacızadə: "Vatsap mesaj yayımı olaraq qərbin yaratdığı xidmət sahəsidir. Ona görə də onu etibarlı hesab etmirəm. Bu yayımı əvəz edən, bizlərə daha üstün sayılan Türkiyənin BİP-i artıq istifadədədir. Hesab edirəm ki, BİP bizim üçün daha etibarlıdır. Niyə? Çünki bu media Türkiyənindir və bu çox sadədir. Ondan istifadə edərkən özümü daha güvənli və təhlükəsiz hesab edirəm".

 Toğrul Sadıqov: "Teleqramın istifadəçisinə sərgilədiyi münasibət xoşuma gəlir. Bunu həm Rusiyada, həm də Belarusda gördük. Məxfiliyə və insanın haqlarına önəm verirlər. Düşünürəm ki, hər kəs belə mövzularda gözüaçıq olmalıdır. Əgər hər iki proqram eyni funksiyaya malikdirsə, sizin məlumatlarınıza daha həssas və daha hörmətlə yanaşanı seçməliyik. Bu baxımdan vatsapı deyil, teleqramı üstün tuturam". 

Cavid Kərimov:

"Vatsapın təhlükəsizliyi teleqramdan çox-çox geri qalır. Məsələn,"Telegram"da "secretchat" var ki, heç bir hostda saxlamadan "encrypted" formada yalnız telefonda saxlanılır, vatsapda isə bu yoxdur. Bu imkan verir ki, heç bir yerdə loqlanma olmasın.  Hətta qarşındakı adamı xəbərdar etmədən hər iki tərəfdən çatın detallarını silə bilirsən. "Whatsap"da isə bu, müddətlidir və məlumat silinən zaman da bilinir. "Secret chat" istifadə edərkən hətta sənin şifrəni qırarlarsa, sayt üzərindən onun baxılması mümkün deyil. Lakin "whatsap"da mümkündür. Teleqramda olan üstün funksiyalar onun güvənli olduğunu göstərir".

Yadigar Bayramlı:

"Əslində uzun müddətdir  ki, "Telegram" işlədirəm. Və mənə görə müsbət olan bir çox xüsusiyyətləri var. Bu gün deyilən bir çox sosial şəbəkələr barədə neqativləri hər birinə aid etmək olar. Onda gərək heç birini istifadə etməyək. Hər gün onlarla insanın "Facebook", "Twitter", "İnstagram" hesabı oğurlanır. Yəni internetdən təhlükəsiz istifadə edə bilməyən birinin onsuz harda olsa hesabı ələ keçiriləcək".