Dəmir yolu xətti çəkilsə Ermənistan daha asılı vəziyyətə düşəcək

"Azərbaycan ərazisindən Ermənistana dəmir yolu xətti çəkiləcək. Bu halda Azərbaycan nə qazanacaq? Bir çox insan düşünür ki, bu hal yaxşı deyil. Çünki aciz durumda olan Ermənistanı sona kimi asılı vəziyyətə salmaq lazımdır".  


Bu fikirləri "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. Ekspert bildirib ki, artıq Ermənistan cəmiyyəti faktiki durumla  razılaşmağa başlayıb:

"Azərbaycan iqtisadi baxımdan dəmir yolunu çəkməklə Ermənistanı daha çox özündən asılı vəziyyətə salacaq, nəinki Rusiya. Azərbaycanın marağı bundan sonra silahla yox, diplomatiya yoluyla Ermənistanı özündən asılı vəziyyətə salmaqdır.

Bu, Ermənistana müəyyən qədər sərf edir. Çünki onları Rusiya meydanda bir müddət tək qoyub və öz maraqları çərçivəsindən çıxış ediblər.

Azərbaycan isə hər zaman öz qonşularına hörmətlə yanaşıb. Bildiyimiz kimi, ermənilərin beynində yalnız bir ideya var, "Böyük Ermənistan". Amma onların bir mənfi cəhəti var, o da daha yaxşı şəraitdə olan yerdə yaşamaqdır. Torpağı aldınsa, onu münbitləşdirmək, üzərində infrastrukturu qurmaq lazımdır. Bu isə ermənilərə xas xüsusiyyət deyil. Onlarda kiminsə ərazisini zəbt edib, orada aciz durumda yaşamaq siyasəti var. Əsas odur burada oturum, amma oranı gözəlləşdirməyim.

Bu isə ona dəlalətdir ki, onlarda torpaq sevgisi, Vətən sevgisi anlayışı yoxdur. Ermənilər harda yaxşı şəhər var, orada yaşamağa üstünlük verirlər".