Vətəndaşların dollar əndişəsi anlaşılandır

Çünki hazırda xarici valyuta mübadiləsində məhdudiyyətlər var

Ölkəmizdə dolların yeni ildən bahalaşacağı proqnozlaşdırılsa da, Mərkəzi Bank  yanvar ayının 13-dən etibarən dolların manata olan məzənnəsini 1.70 manat səviyyəsində müəyyən  olduğunu açıqlayır və bununla da baş verən  narahatlıqlara heç bir ehtiyac olmadığını vurğulayır. 
Ancaq yenə də insanlar dolların qiymətinin hər an qalxa biləcəyindən ehtiyat edirlər. Hazırda bankların fərdi şəxslərə dollar verməməsi, dollarla mübadilə işlərinin aparılmaması və s. məsələlər insanların narahatlıqlarına əsas yaradır. 

Məzənnə əvvəlki ilə uyğun olaraq dəyişməz qalırsa banklar niyə əhalinin dollara olan tələbatını qarşılamır, insanlara xarici valyuta ilə kreditlər  verməkdən, manatla dolları mübadilə etməkdən və s. çəkinirlər?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlama verib:

"Məzənnə ilə bağlı ajiotajın yaranmasına səbəb dolların satışına qoyulan məhdudiyyətlərlə bağlıdır. Əgər hansısa bir vətəndaş bir neçə banka gedib dollar ala bilmirsə, istər-istəməz əks-fikir yaranır. İnsanlar üçün çətinliklər yaradılır, müəyyən sənədləşmə işlərinin görülməsi və izahat tələb olunur, bir çox banklarda günortadan sonra ümumiyyətlə dollar satılmır və s. bütün bunlar təşvişə və şayiələrin daha da genişlənməsinə səbəb olur.

Hər kəsə məlumdur ki, Azərbaycanda məzənnə inzibati qaydada tətbiq olunur. Burada bazar iqtisadiyyatı qaydaları çalışmır. Yəni üzən məzənnə rejimi deyil. Mərkəzi Bank elan etsə də, üzən məzənnə rejiminə keçə bilmədi. Bunun üçün fundamental səbəblər var. Çünki Azərbaycanda iqtisadi resursların sayı azdır. Buna görə də valyuta rahat şəkildə alınıb-satıla bilmir. 

Bütün bunlar hamıya məlumdur. Mərkəzi Bank isə israrla heç bir problemin olmadığını deyir. Vətəndaşlar üçün isə bunu sözdə demək bəs etmir. Buna görə də bu işi artıq əməldə göstərmək lazımdır. Yəni məhdudiyyətlər aradan qaldırılmalıdır.

İnsanlar üçün heç bir anlamı olmayan məhdudiyyətlər qoyulub. Məsələn, hər bir vətəndaş il ərzində cəmi iyirmi min manatlıq valyuta ala bilər. Bu məhdudiyyət  hansı məntiqlə qoyulub? Dediyim kimi, satışlarda, sənədləşmələrdə problemlər var. Bütün bu problemlər qaldıqca vətəndaşlarda dolların məzənnəsinin qalxacağı və manatda devalvasiya olacağı hissi qalmaqda davam edəcək. 

Mərkəzi Bank insanların bu fikirlərdən daşınmağını istəyirsə, bu qadağaları tezliklə aradan qaldırmalıdır. İnsanlar görsələr ki, valyuta sərbəst şəkildə alınıb-satıla bilir, heç bir problem yoxdur, o zaman belə problem və gözləntilərin də heç bir əsası olmayacaq".

Ağarza Elçinoğlu