Medianın müasir çağırışlara uyğunlaşması zərurətdən doğan məsələdir

İşin icrasına birlikdə başlamalıyıq ki, nəticə arzuladığımız şəkildə olsun

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun əsasında Medianın İnkişafı Agentliyi yaradılmasına qərar verilib. Fərmanda vurğulanıb ki, mətbuat sahəsində həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb.

Medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılıb. Redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülüb. Bununla yanaşı, vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə də ehtiyac var. O baxımdan qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediası daha çox bəhrələnməlidir.

Mətbuat nümayəndələrinin fikrincə, Medianın İnkişafı Agentliyinin yaradılması, yalnız ölkə mediasının deyil, bütövlükdə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında yeni mərhələnin başlanğıcıdır. Çünki bu gün dünyada cərəyan edən bütün proseslərin təməlində informasiya və onun təhlükəsizliyi dayanır. İnformasiya təhlükəsizliyi vətəndaşın, ictimai maraqların, dövlətin təhlükəsizliyinin əsas istiqamətidir və bütün digər istiqamətlərin gələcək perspektivlərini müəyyənləşdirir. İnformasiya mühitində etimadlılığı təmin etmədən dövlət-vətəndaş münasibətlərində şəffaflığa, qarşılıqlı anlaşmaya nail olmaq olduqca çətindir. 

Demokratik Jurnalistlər Liqasının rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli “Şərq”ə deyib ki, KİVDF dövlətin media orqanlarına birbaşa dəstəyini, qayğısını ifadə etmək üçün yaradılmışdı. Ekspert xatırladıb ki, Fondun təsis edilməsi medianın inkişafında və peşəkarlaşmasında dövlətin maraqlı olduğunun göstəricisi idi:

“Ötən müddət ərzində Fond müəyyən işlər görüb. Amma dövran dəyişib və yeni tələblər, çağırışlar ortaya çıxıb. Təbii olaraq media sahəsi də yeni çağırışlara cavab verməlidir. Medianın İnkişafı Agentliyi mətbuatın müasir dövrün tələblərinə cavab verməsinə dəstək məqsədi ilə yaradılıb. Müraciətlərimizdə dəfələrlə qeyd edirdik ki, medianın fəaliyyət forması, inkişaf konsepsiyası mütləq dəyişməlidir. Artıq bu dəyişimin əsası qoyulub. Fərmanda göstərildiyi kimi yaxın müddətdə KİV-in fəaliyyət istiqamətləri hazırlanacaq. Müasir çağırışlara uyğunlaşmaq zərurətdən doğan məsələdir. MİA-nın necə fəaliyyət göstərəcəyini isə zaman göstərəcək, hər halda uğurlar arzulayırıq. Bütün jurnalist təşkilatları öz təkliflərini irəli sürməli, reklam bazarı, yayım siyasəti, onlayn medianın fəaliyyəti və s. tələblərinin konsepsiyada yer almasında maraqlı olmalıdır. İşin icrasına birlikdə başlamalıyıq ki, nəticə arzuladığımız şəkildə olsun”. 

“Türküstan” qəzetinin və “Türküstan.info” saytının baş redaktoru Aqil Camal da “Şərq”ə açıqlamasında “kütləvi informasiya vasitələri” terminindən imtinanı doğru addım sayıb. Baş redaktorun sözlərinə görə, bu, sovet dövründən qalma bir istilah idi:

“İkincisi, Fond “kütləvi informasiya vasitələrinə dövlət dəstəyi” adlandırılsa da, yalnız çap mediasını əhatə edirdi. Yeni yaradılan qurumun adı həm fəaliyyət sahəsini dəqiq ifadə edir, həm də, nizamnaməsindən göründüyü kimi bütövlükdə medianı əhatələyir. Qurumun adından “dövlət dəstəyi” ifadəsinin çıxarılması da düzgün oldu. Bu forma bir çox hallarda birmənalı qarşılanmırdı. İradlar bildirilirdi ki, media azad olmalı, dövlət dəstəyindən asılılığı qalmamalıdır. Agentliyin nizamnaməsinə media subyektlərinin bütün dairəsi daxil edilib. Nəzərə almaq lazımdır ki, qurum üçün nəzərdə tutulmuş indiki büdcə ilə bütün iddiaçı media qurumlarını əhatə etmək mümkün olmayacaq. Bu baxımdan, qarşıdakı dövrdə qurumun büdcəsinin artırılmasına baxıla bilər”. 

A.Camal bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması və sahələr üzrə ixtisas artırma ilə bağlı son zamanlar Fond fəaliyyətə başlamışdı:

“Xarici mütəxəssislərin cəlb olunması yolu ilə bir neçə təlim təşkil olunmuşdu. Yəqin ki, bundan sonra bu məsələ sistemli hal alacaq. Media qurumlarının layihələrinin dəstəklənməsi prinsiplərinə gəlincə, ümid edirik ki, ənənəvi yanaşmalar tədricən ortadan qalxacaq. Daha kimlərinsə ortaya nəticə qoymadan hansısa keçmiş “xidmətlərinə”, yaxud da dövlətin indiyə qədərki dəstəyi sayəsində bu günlərə gəlib çıxdığına görə davamlı olaraq dəstəklənməsi praktikası olmayacaq. Bu gün istər çap mediasında, istərsə onlayn mediada az-çox oxucusu, ictimai çəkisi və etimadı olan media qurumları təqribən bəllidir. Onların bir daha müəyyən olunması üçün müəyyən metodlar tətbiq edilə bilər. Yəqin ki, start verilmiş proses bir neçə ay çəkəcək. Çünki dəyişikliklər qanunvericiliklə də təsbit olunmalıdır. Bu baxımdan, qarşıdakı dönəmdə media cameəsinin bu məsələlərdə aktiv olacağını gözləyirəm”.