"Aydınlar" aydınlığa çıxdı

Partiya sədrini seçdi, indi növbəti seçkiyə hazırlaşır

Qulamhüseyn Əlibəyli: "İqtidar üzünü siyasi partiyalara çevirdi. Mühüm qərarların qəbulunda məsləhətləşmələr aparılmalıdır"

Aydınlar Partiyasının videokonfrans formatında növbəti qurultayı keçirilib və açıq səsvermə yolu ilə Qulamhüseyn Əlibəyli yenidən sədr seçilib. Həmçinin, Ali Məclisin tərkibi təsdiq olunub, Nəzarət Təftiş Komissiyası yaradılıb, sədrin müavinləri, komitə sədrləri seçilib və partiyanın Siyasi Şurası formalaşdırılıb.

Ümumən, siyasi təşkilatın fəaliyyəti qənaətbəxş hesab olunub. Nümayəndələrə partiyanın mərkəzi orqanlarının fəaliyyətinin daha da gücləndirilməsi tövsiyə olunub.

Növbəti dəfə partiyaya sədr seçilən Qulamhüseyn Əlibəyli “Şərq”ə açıqlamasında ilk dəfə videoformatda baş tutan qurultayın normal keçdiyini, problem yaşanmadığını bildirib. Sədr vurğulayıb ki, sadəcə texniki səbəblərdən bəzi qurultay nümayəndələri iclasa qatıla bilməyib:

“73 nəfər nümayəndə qeydiyyatdan keçmişdi və xeyli hissəsi sona qədər onlayn qurultayda iştirak etdi. Demək olar ki, internetlə bağlı texniki çatışmazlıqları saymasaq, qurultayımızın problemsiz keçdiyini deyə bilərik”. 

Sədr yeni dönəmdə qarşıya qoyulan vəzifələrdən söz açıb:

“Cari fəaliyyətimizi davam etdirəcəyik. Qurultayda da səsləndi ki, partiyanın təşkilati strukturlarını möhkəmləndirmək lazımdır. Son dönəmlərdə əlaqələrimiz nisbətən zəifləmişdi. Düşünürük ki, yeni dönəmdə həm siyasi, həm də informasiya fəaliyyətimizi genişləndirməliyik. Ən əsası isə hər siyasi qurum kimi növbəti seçkilərə hazırlıq görəcəyik”. 

Q.Əlibəyli ölkədəki siyasi həmrəyliyə və iqtidarın müxalif partiyalara münasibətinə də toxunub:

“Ötən ilin ən mühüm nailiyyətlərindən biri 44 günlük Vətən müharibəsi və möhtəşəm qələbəmiz idisə, digər məsələ daxili siyasi münasibətlərdə baş verən müsbət dəyişiklik idi. İqtidar üzünü ölkədəki siyasi partiyalara çevirdi. Partiyalar da hakimiyyətin jestini dəyərləndirdi və Vətən müharibəsi dövründə bütünlüklə dövlətin, Ali Baş Komandanın yanında dayandılar.

Artıq müharibə dövrü başa çatıb, quruculuq dövrünə qədəm qoymuşuq. Bu dövr ərzində siyasi münasibətlərdə yeniləşmə daha da inkişaf etdirilməlidir. İqtidarla müxalifət arasında siyasi dialoqların davamı gəlməlidir.

Mühüm siyasi qərarların qəbul edilməsində partiyaların iştirakı təmin olunmalı, onlarla məsləhətləşmələr aparılmalıdır. Belə yanaşma bütövlükdə siyasi sistemdə əsaslı islahatlara gətirib çıxara bilər”.