ABŞ-da gərginlik dərinləşməyəcək

"Həm siyasi qüvvələr, həm də cəmiyyətin böyük əksəriyyəti ölkənin daha ciddi problemlərinin olduğunun fərqindədir"

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Vaşinqtonda fövqəladə vəziyyət rejimi tətbiq edib. Buna səbəb yanvarın 20-də yeni prezident Co Baydenin andiçmə mərasimi zamanı təhlükəsizliyin təmin edilməsidir. “ABC News”un jurnalisti Aaron Katerski Federal Təhqiqat Bürosunun daxili sənədinə istinadla bildirib ki, həftə ərzində ABŞ-ın bütün ştatlarında, Vaşinqtonda, andiçmə mərasimində silahlı etiraz aksiyalarının təşkili planlaşdırılır: “Silahlı etiraz aksiyaları 16 yanvar-20 yanvar tarixlərində 50 ştatın hamısında Qanunvericilik Məclisləri qarşısında olacaq”.

FTB-nin məlumatına görə, onlara məlum olan bir qrup silahlı şəxs paytaxta yola düşməyə hazırlaşır: “Onlar xəbərdar ediblər ki, əgər Konqres 25-ci düzəliş vasitəsilə prezidentin vəzifəsindən kənarlaşdırılmasına cəhd etsə, böyük bir qiyam olacaq”. Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens hazırkı Prezident Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün Konqresi ölkə konstitusiyasının 25-ci düzəlişdən istifadə etməyə çağırmışdı. Lakin iğtişaş ehtimalından sonra Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina edib. Pens prezidentin səlahiyyət müddətinin bitməsinə cəmi səkkiz gün qaldığına görə impiçmentin yersiz olmasına diqqət çəkib. Vitse-prezident Konqresi cəmiyyəti daha da bölə biləcək və ya qarşıdurmanın artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb. 

Amerikadakı gərginliyi “Şərq”ə dəyərləndirən Türkiyədə yaşayan professor, siyasi şərhçi Toğrul İsmayıl deyib ki, ABŞ-da baş verən olaylar amerikalılar üçün gözlənilməz idi. Amma Prezident Donald Tramp riskli addımlar atmağı, kəskin ifadələr söyləməyi xoşlayan siyasətçidir. Politoloqun sözlərinə görə, bu cür davranışlar Amerika siyasətinə yaddır:

“Son hadisələr göstərdi ki, ABŞ “demokratiyanın beşiyi” sayılsa da, daxildə ciddi problemlər yaşanır. Dünya nizamı və proseslər sürətlə dəyişir. Prezident Tramp ölkədaxili bəzi islahatlar aparmağa çalışsa da, istəyinə tam nail ola bilmədi.

Ən ciddi problem afroamerikalılara qarşı təzyiqlər və aşağılayıcı münasibətin olmasıdır. Etirazların geniş vüsət almasının səbəbi ağların irqi üstünlüyü və bunun səbəb olduğu problemlərdir. Hətta prezidentin çıxışlarında zaman-zaman irqi ayrıseçkiliyin, bölücülüyün şahidi oluruq.

Bir sıra əyalətlərdə irqi diskriminasiya güclüdür. Lakin Kapitolidə yaşanan insident və sonrakı etirazlar birbaşa cəmiyyətdəki gərginliklə bağlı deyil. Amerika siyasətindəki problemlər də tədricən üzə çıxmaqdadır. Şübhə yox ki, qarşıdurmadan öz maraqları üçün yararlanmağa çalışan fərqli qüvvələr də mövcuddur.

Yaşanan proseslərdən bir daha aydın oldu ki, siyasi ambisiyaları bacarığından və təcrübəsindən böyük olan bir şəxsin hakimiyyətə gəlişi dünyanın ən demokratik ölkəsində belə xaosa yol açır. Seçkidə açıq fərqlə məğlub olmuş siyasətçinin postunu tərk etməməsi demokratik cəmiyyətlərdə də qarşıdurmaya səbəb olur. Amma belə şəraitdə dərhal qanunun aliliyi məsələsi gündəmə gəlir. İstər Demokratların, istərsə də Respublikaçıların əsas tələbi ölkədə hüququn aliliyinin qorunması və işləməsidir”. 

Professor vurğulayıb ki, demokratiya sadəcə seçkilərdə uğur qazanmaq deyil, eyni zamanda seçkidə məğlub olduqda problem yaratmadan hakimiyyətdən getmək mədəniyyətini sərgiləməkdir:

“Proseslərin dərinləşəcəyini düşünmürəm. Həm siyasi qüvvələr, həm də cəmiyyətin böyük əksəriyyəti ölkənin daha ciddi problemlərinin olduğunun fərqindədir. Çox güman ki, siyasi elita yaşananlardan dərs çıxaracaq və təkrarlanmaması üçün əlindən gələni edəcək. Amerika kimi ölkələrdə gec-tez hamı qanunun aliliyini qəbul etmək məcburiyyətində qalır. Etirazlardan sonra Trampa qarşı atılan addımlar, qadağalar, məhdudlaşdırıcı hərəkətlər bunu deməyə əsas verir.

Hesab edirəm ki, ABŞ-da qarşıdurmanın qarşısının alınması zamanı istifadə olunan həlletmə mexanizmləri digər ölkələr üçün də nümunə ola bilər”.