Böyük türk yolunun açılması qaçılmazdır

İranın da kommunikasiya xətlərinə qoşulmaq niyyəti məlumdur

“Moskva görüşünün ən vacib məqamı “böyük türk yolu”nun açılmasına hazırlıq işlərinin başlanmasıdır”. Bu barədə “Şərq”ə açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Ekspert bildirib ki, imzalanan sənəddə Ermənistandan Rusiyaya yüklərin daşınması üçün kommunikasiya xətlərinin açılması qeyd olunur və qonşu ölkələrin qoşulacağı da vurğulanır:

“Anlaşmada keçən “qonşu ölkə” ifadəsi birbaşa Türkiyəni nəzərdə tutur. Sadəcə görünür, erməni cəmiyyətini qıcıqlandırmamaq üçün Türkiyə adı “qonşu ölkə” sözü ilə əvəzlənib.

İranın da kommunikasiya xətlərinə qoşulmaq niyyəti məlumdur. Ötən gün İran rəsmiləri məhz Xudafərin keçid məntəqəsi vasitəsilə regional nəqliyyat layihələrinə qoşulmaq istədiklərini bəyan etdilər.

Həmçinin, yaxın zamanda Mərkəzi Asiyanın türk respublikalarının iştirakı ilə nəqliyyat infrastrukturunu daha da genişləndirmək mümkündür”.