Tək əldən səs çıxmaz

Korrupsiyaya qarşı mübarizədə bütün qüvvələr səfərbər edilməlidir

Vətəndaş cəmiyyətlərinin bu prosesdə açıq iştirakı təmin edilməlidir

"İctimaiyyət korrupsiyaya qarşı mübarizədə fəal iştirak edə bilmir. Ona görə ki, məlumat verən şəxs özü sonradan təzyiqlərə məruz qalır"

Azərbaycanın Baş prokuroru Kamran Əliyev korrupsiyaya qarşı mübarizə çərçivəsində ciddi işlər aparılmasının zəruriliyindən danışıb.  “Real” televiziyasına açıqlamasında baş prokuror deyib ki, korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirilməlidir: “Bu cinayətləri törədənlərə qarşı həmin sahədə korrupsiya şəbəkələri müəyyən edilməklə onların məhv edilməsi istiqamətində işlər davam etdirilməlidir. Onları elə məhv etməliyik ki, daha yerində başqa şəbəkələr yaranmasın”.

Ziyanın ödənilməsi istiqamətində Baş Prokurorluq tərəfindən həyata keçirilən işlərdən də danışan K.Əliyev vurğulayıb ki, korrupsiya cinayətləri nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın ödənilməsi çox vacibdir: “Çünki dövlət büdcəsinə və vətəndaşlara vurulan ziyanın bərpası çox mühümdür. Bir çox işlərdə vətəndaşlara vurulan ziyanlarla bağlı vətəndaşları daha çox onlara vurulan ziyanın ödənilməsi maraqlandırır, nəinki təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi. Təbii ki, bunların hər ikisi təmin edilməlidir: Həm vətəndaşa və dövlətə vurulan ziyan bərpa edilməli, həm də təqsirli şəxs məsuliyyətə cəlb olunmalıdır. Ona görə də bu sahədə tərəfimizdən prioritet istiqamət müəyyən edilməlidir. Mən korrupsiyaya qarşı mübarizə məsələsini nəzərdə tuturam. Sistemli və məqsədyönlü şəkildə fəaliyyətimiz həyata keçirilməlidir. Ümid edirəm ki, belə də olacaq”.

Prezident vətəndaşları aktivliyə çağırır

Baş prokurorun açıqlaması gözlənilməz sayılmaz. K.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin parametrlərindən çıxış edir.

Korrupsiyaya qarşı mübarizə, dövlətin və vətəndaşların maraqlarının qorunması dövlət siyasətinin hər zaman prioriteti olub. Prezident İlham Əliyevin məlum sərəncamı ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya“  təsdiqlənib. Milli Strategiyada dövlət qurumlarının, qeyri-dövlət sektorunun, həmçinin biz vətəndaşların öhdəsinə düşən vəzifələr açıq qeyd edilir, göstərilir. Milli Strategiyada açıq şəkildə bildirilir ki, korrupsiyaya qarşı mübarizə məqsədilə dövlət orqanlarında daxili nəzarət qurumlarının təkmilləşdirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi nəzərdə tutulur.
Şəxslərin də bu orqanlara birbaşa müraciət etməsi üçün imkanlar yaradılmalı və onların qərar qəbuletmə prosesi daha operativ olmalıdır. Eyni zamanda ictimaiyyətlə əlaqələrin gücləndirilməsi üçün qaynar xətlərin və qaynar xətlərə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi sisteminin yaradılması, bu xətlər barədə ictimaiyyətin məlumatlandırılması üçün tədbirlər müəyyən edilir. Korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsi də böyük önəm kəsb edir və bu məsələni tənzimləyəcək qanunvericilik bazasının gücləndirilməsi nəzərdə tutulur.  Milli Strategiya Planı dövlət və yerli özünüidarə orqanlarının fəaliyyət istiqamətlərini müəyyən edir.  

Qeyd edək ki, Prezident İlham Əliyev hökumət nümayəndələri ilə keçirdiyi müşavirələrdə, yeni təyinatlar zamanı, vəzifə səlahiyyəti verdiyi şəxslərlə görüşlərində də  korrupsiya ilə mübarizənin əhəmiyyətini vurğulayır. Hökumət nümayəndələri ilə keçirdiyi müşavirələrdən birində cənab prezident demişdi ki, elə etməliyik, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin;  “Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni bu bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.
Baş Prokurorluq da Prezidentin tapşırıq və tövsiyələrini diqqətə alaraq Fəaliyyət Planı müəyyən edib və buna uyğun iş aparır. Ölkədə aparılan əsaslı islahatlar korrupsiyaya qarşı mübarizəni də əhatə edir. Baş Prokurorluğun Fəaliyyət Planında qeyd olunur ki, korrupsiyaya qarşı mübarizənin tam səmərəli şəkildə aparılması, qanunun aliliyini təmin etməklə sosial ədalətin bərqərar olunması kimi hədəfləri daim diqqət mərkəzində saxlamaqla bu istiqamətdə zəruri islahatlar davam etdirilməlidir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə prokurorluğun fəallığı artmalı və prinsipiallıq nümayiş etdirilməlidir. Burada həm inzibati yollardan, həm institusional dəyişikliklərdən, həmçinin cəza tədbirlərindən istifadə olunmasına diqqət yetirilməklə tədbirlərin kompleks xarakter daşıması göz önündə tutulmalıdır.

“Korrupsiyaya qarşı Mübarizə İdarəsi avtonom fəaliyyət göstərməlidir”

Bu günlərdə Korrupsiyaya qarşı Mübarizə İdarəsi “Azərxalça” ASC-nin fəaliyyəti ilə bağlı təhqiqat aparıb. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir  ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq dövlət idarəçiliyində maliyyə şəffaflığının təmin edilməsi istiqamətində qarşıya çıxan korrupsiya hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.  Belə tədbirlərdən biri kimi “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.  İdarə Heyətinin sədri korrupsiyaya yolvermə və vəzifədən sui-istifadədə təqsirləndirilir.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının  sədri, hüquq müdafiəçisi  Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında  qeyd etdi ki, hazırkı baş prokuror cənab Kamran Əliyev bu vəzifəyədək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olub:  

 - 2003-cü ildən başlayaraq Azərbaycanda ardıcıl olaraq korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir. Bu müddət ərzində korrupsiya ilə mübarizə sahəsində 1 dövlət proqramı. 1 strategiya və 2 milli fəaliyyət planı təsdiq olunub və reallaşdırılıb (hazırda 3-cü fəaliyyət planı icra edilməkdədir).  2019 cu il üçün  NHMT ekspertləri tərəfindən “Hökumətin antikorrupsiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi aparılıb.  Nəticə belədir ki, korrupsiyaya qarşı mübarizə üzrə müvafiq qurumların fəaliyyəti effektiv hesab edilə bilməz. Problem onların müstəqil olub-olmaması ilə bağlı deyildir. Problem bu qurumların və onların tabe oldugu yuxarı qurumların səmərəli hesabatlılıq sistemindən və onlara həqiqi və güclü parlament nəzarətinin olmamasından qaynaqlanır.  İkincisi, korrupsiya ilə mübarizə orqanının prokurorluq orqanlarının tabeliyində deyil, avtonom təsisat kimi fəaliyyət göstərməsi daha effektiv ola bilər. Bu halda qurumun təşkili və üzvlərinin təyinatı bilavasitə parlament tərəfindən həyata keçirilməli, təsisat qanunverici orqan qarşısında hesabat verməlidir.  Üçüncüsü, vəzifəli şəxslər tərəfindən əmlak və gəlirlər bəyannaməsinin təqdim edilməsi və həmin bəyannamələrin ictimaiyyətə açıqlanması qanunvericilik tələbi kimi müəyyən edilməlidir. 

“İctimaiyyəti inandırmaq  onun etibarını qazanmaqdır” 

M.Qəhrəmanlı qeyd etdi ki, rayon icra hakimlərinin həbsilə yanaşı bu strukturların fəaliyyətinin təkmilləşdirilməsi, onların fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması çox vacidbdir: 

- Bu cür həbslər kampaniya xarakteri daşımamalıdır. Şübhəsiz ki, cinayət törətmiş şəxslərin qanunlar çərçivəsində cəzalandırılması, o cümlədən həbsi hüquqidir. Lakin korrupsiyanı yaradan səbəblər aradan qaldırılmadıqda işdən çıxarma və həbs zəruri effekti təmin etməyəcək.  Korrupsiya ilə mübarizə üzrə müvafiq Komissiyada vətəndaş cəmiyyəti də iştirak etməlidir.  QHT qanunvericiliyinə və qrant fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılmaqla vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətinə olan hüquqi maneələr  aradan qaldırılmalıdır.  

Antikorrupsiya siyasətinin işlənib hazırlanmasında, həyata keçirilməsində, habelə monitorinq və qiymətləndirilməsində  vətəndaş cəmiyyətinin əhəmiyyətli və açıq iştirakı  təmin edilməlidir. İctimaiyyət korrupsiyaya qarşı mübarizədə fəal iştirak edə bilmir. Ona görə ki,  məlumat verən şəxs özü sonradan təzyiqlərə məruz qalır. Onun təhlükəsizliyi təmin olunmur. Müvafiq qurumlar özləri də bunun marağında deyil.

Bəs vətəndaşı necə inandırmalı və onu korrupsiya ilə mübarizəyə necə cəlb etməli? M.Qəhrəmanlı bildirdi ki, bunun üçün ərizə və müraciətlərə baxılma haqqında qanuna əməl olunmalıdır:  

- Belə ki, hər hansı bir şəxs vəzifəli bir şəxsdən şikayət ərizəsi yazanda müraciət yenidən həmin vəzifəli şəxsə  yönəldilməsin.  Bunun üçün də məxfilik təmin olunmalıdır.  Qeyd etdiyim kimi, korrupsiya ilə mübarizə aparan yeni, müstəqil bir qurum yaradılmalıdır. Baş prokuror yanında yox, parlament qarşısında hesabatlılığı olan müstəqil bir qurum. Korrupsiya ilə mübarizə aparmaq onsuz da prokurorluq  orqanlarının işidir. İctimaiyyəti isə inandırmaq  fəaliyyətdən asılıdır.  İctimaiyyətin etibarını qazanmaq elə onları inandırmaqdır. Hələlik isə bu etibar yoxdur. Ona görə ki, zərbə sonda bumeranqla şikayət edən şəxsə yönəlir. İctimaiyyətin maraqları ictimai birliklər və müstəqil media tərəfindən qorunmalıdır. Əks halda ictimaiyyət müdafiəsiz qalır. Qanunları bilmək azdır. Vətəndaşa qanunların işlək olduğu əyani göstərilməlidir. Vəzifəli şəxs qanunlara əməl etməlidir ki, vətəndaş da təhülkə ilə üz-üzə qalmasın.