Trampa qarşı impiçment !- “Siyasi fəaliyyətinin qarşısı alınır”

“Narahatlıq var ki, Tramp və onun tərəfdarları gələcəkdə siyasi fəaliyyətlərini yeni formada davam etdirə bilərlər”

“Bu hadisə onu göstərir ki, Amerika cəmiyyətində müəyyən parçalanma var”

“Parçalanmanın ən böyük təhlükəsi isə bu ölkədə bir partiyalı sistemin formalaşma ehtimalıdır”

ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçmenti məsələsinə baxılır. O, üsyana təhrikdə və digər ağır cinayətlərdə günahlandırılır. Sənəddə D. Trampın impiçmenti və onun gələcəkdə seçki yolu ilə istənilən vəzifəni tutmağa qadağa nəzərdə tutulur. Nümayəndələr Palatası da Trampın impiçmentinə səs verib. Yanvarın 6-da Konqres binasına hücumlardan sonra sosial media şirkətləri onun hesablarını bloklamağa başlayıb. “Snapchat” sosial media platforması keçən həftə Trampın dondurulmuş hesabı ilə bağlı son qərarını verib. “Twitter” şirkətinin rəhbəri Cek Dorsi Trampın hesabının bloklanmasına münasibət bildirib. Onun sözlərinə görə, qərar təhlükəli presedent təşkil etsə də, düzgündür.



Baş verənləri “Sherg.az”a şərh edən millət vəkili Asim Mollazadənin fikrincə, Amerikada yaranan gərginliyin səbəbləri seçki prosesində yeni üsuldan istifadə ilə bağlıdır:

“Poçt vasitəsilə səsvermə və sonra səslərin hesablanmasında yeni qayda tətbiq edildi. Bunun üçün Tramp və onun tərəfdarları ciddi ittihamlar irəli sürdülər. Düzdür, məhkəmələr bu ittihamları qəbul etmədi, amma şübhələr qaldı və gərginliyə səbəb oldu. Əvvəlcə Tramp və tərəfdarlarının seçicilərə fikirlərini ifadə etmək üçün məhz elektron media vasitələrindən istifadə olunurdu. Kapitolidəki hadisələrdən sonra isə fövqaladə vəziyyət yarandı. Beləliklə, ABŞ prezidenti bu vasitələrdən məhrum edildi”.

Parlamentari qeyd edib ki, böyük şirkətlərin siyasi proseslərə müdaxiləsi təhlükəli haldır:

“Həmin şirkətlər söz azadlığını məhdudlaşdırmaqla məşğuldurlar. Təbii ki, bu hal Amerikanın imicinə böyük zərər gətirib. Fikrimcə, baş verənlər ciddi araşdırılacaq.

Trampa qarşı impiçment müzakirələrinin əsas səbibi də onun gələcəkdə siyasi fəaliyyətinin qarşısını almaqdır. Narahatlıq var ki, Tramp və onun tərəfdarları gələcəkdə siyasi fəaliyyətlərini yeni formada davam etdirə bilərlər. Bu hadisə onu göstərir ki, Amerika cəmiyyətində müəyyən parçalanma var.

Parçalanmanın ən böyük təhlükəsi isə bu ölkədə bir partiyalı sistemin formalaşma ehtimalıdır. Çünki həm Konqresin təmsilçilər palatasında, həm də Senatda bir partiya üstünlük qazanıb.

Onlar da administrasiya ilə həmfikir olduqları üçün söz azadlığını məhdudlaşdırırlar. Eyni zamanda şirkətlər vasitəsilə siyasətə müdaxilə etdirlər.

Baş verənlər Amerikaya dost olan ölkələrdə ciddi narahatlıq doğurur. Ən azından şirkətlərin fəaliyyəti araşdırılmalı və onların siyasətə müdaxilə etmə imkanları məhdudlaşdırılmalıdır”.