Yazarlar Afəti “topa tutdular”: “O klassik ədəbiyyatın başına bir bəladır” - VİDEO

Xəbər verdiyimiz kimi müğənni Afət Fərmanqızı  Nəsiminin “Sığmazam” qəzəlindən sonra Nizami Gəncəvinin yaradıcılığına müraciət edib. O, “Sherg.az”a açıqlamasında Nizaminin qəzəlinə oxuduğu mahnının yanvar ayının sonunda ictimaiyyətə təqdim olunacağını söyləyib:“Qəzəlin sözləri çox gözəldir.Hamımızın gündəlik işlətdiyimiz sadə ifadələrdir. Çox qəliz, yaxud da farsca olan qəzəllərdən deyil, öz dilimizdədir. Bir də bu dəfə hind mahnısı ilə oxumamışam. Cənubi Azərbaycan musiqisi ilə sintez etmişəm. Qeyd edim ki, musiqisi Peyman Təbriziyə, sözləri Nizami Gəncəviyə məxsusdur. Ayın 25-dən sonra “YouTube”da olacaq”.


Müğənninin bu açıqlaması ictimaiyyətdə müzakirələrə səbəb olub. A.Fərmanqızı yenidən tənqidlərə məruz qalıb. Həm sosial şəbəkə istifadəçiləri, həm də ziyalılar müğənnini “top atəşi”nə tutublar. 

Məsələn tanınmış ədəbi tənqidçi Əsəd Cahangir Feysbuk hesabında status yazaraq Afətin açıqlamasına sərt reaksiya verib:

“Doğrudan da bu xanım klassik ədəbiyyatın başına bir bəladır, bir afətdir. Məscid hazır olmamış indidən əsasını dayayıb. Yəni bu xanım bilmir ki Nəsimi, Nizami, Füzuli onluq deyil? Nizami ilində "xaltura" qəti qadağandır!

Heç bir kanal bunun bayağı, klassikanı təhqir edən mahnısını göstərməsə yaxşıdır. Ayıbdır!”

 Ə.Cahangirin paylaşımına yüzlərlə rəy gəlib. Digər şair və yazarlar, eləcə də digər istifadəçilər müğənninin dahi şairin yaradıcılığına üz tutmasına kəskin mövqe sərgiləyiblər. 

 Tanınmış yazar Kənan Hacı:

“Gör dünya nə günə qalıb. Nəsimişünaslar maddi çətinliklər içində çabalayırlar. Böyük zəhmət bahasına illərini sərf etdiyi kitabları nəşr etdirə bilmir”.  
Zülfiyyə Eldarqızı: “Günah səndə deyil  ki, sənə şərait yaradanlardadı. Utanmasan oynamağa nə var ki?! Bu ərdən boşanıb, müğənnilik iddiasına düşənlər o qədər özlərindən razıdılar ki...”

Günəş Qarabağlı: “Nə qədər gec deyil Nizami Gəncəvini Afətdən qorumaq lazımdır. Nizami əsrlər sonra başına gələcəkləri bilsə, heç nə yazmazdı. Məncə Afət bu dəfə

 “Sən mənim qəlbimə həkim, sənə qul oldu könül,  
 ən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz! 
 Nə gözüm var arayım mən səni, bəxtimdə ki yox,               
 Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!” 

qəzəlini oxuyacaq. 

Güloğlan Əbilov: 

“Ümidimiz el qınağınadır. Ədəbiyyatımıza onlarla uşaq-muşaq daraşıb. Musiqimiz də rəhmətlik Tələt Qasımov demiş, “bir dıqqan” səsi olmayan “ xalq artist”lərinin belə həyasını-abrını ətəyinə bükənlərin əlində əsir-yesir qalıb, qiymətdən, dəyərdən düşüb. Lazımi səviyyədə də tədbir görməli və bu biabrçılığa son qoymalı, olanların biganəliyini nəzərə alıb özümüz bir xalq kimi ölçü götürməliyik! Ən azından belələrini harda görsək, fitə basıb dəli dərdinə salmalıyıq! Hələlik başqa çarəmiz yox, təəssüf ki!”

Xəqani Şirməmməd Seyid Əzim Şirvaninin N. Gəncəviyə hsər etdiyi şeiri paylaşıb: 

Ey Nizami, ey nizamı dağılan, 
Ey Gəncədə izzü ehtişamı dağılan,
Olmuşmu sənlə mən kimi aləmdə 
Beyti, evi, məktəbi, kəlamı dağılan? 

 Banu Xanım: “Bunlar televiziya məkanına çıxırlar. Ona görə də bizim sözümüzü eşidən kimdir?!”

Tanınmış şair Vəli Xramçaylı:

“Bu nə hikkə, bu  nə əda !Bat a dünya bat. Oxumaq nədi hələ də anlamır”