“TikTok” beyinləri “yuyur”

“Hətta bəzi ölkələrdə intihar və boşanmaların böyük hissəsi “TikTok”un üzərinə düşür”

“Bu platforma texniki olaraq prosesi elə qurub ki, ancaq bayağı, mental dəyərlərə sığmayan görüntülər paylaşılır”


“TikTok” 13-15 yaş arası yeniyetmələrin hesablarını şəxsi (private) edəcək. Şirkətin verdiyi məlumata əsasən belə hesablarda paylaşılan videoları yalnız müəllifin icazə verdiyi istifadəçilər görə biləcək. Bununla yanaşı, “TikTok” bir sıra yeni təhlükəsizlik parametrlərini də istifadəçilərin ixtiyarına verəcək.
Şirkətin məlumatında bildirilir ki, “TikTok” platformada elə bir təhlükəsiz mühit yaratmağa çalışır ki, hətta azyaşlılar da öz videolarını rahat şəkildə paylaşa bilsinlər.

Yeniliklər təkcə 13-15 yaş arası deyil, 16-17 yaşlı istifadəçiləri də əhatə edir. Bundan sonra sonuncuların paylaşdığı videoların şərh bölümünə də məhdudiyyətlər tətbiq olunacaq. Həmçinin bu videolar üçün yüklənmə funksiyasını söndürmək və ya məhdudlaşdırmaq mümkün olacaq.



İnternet-media eksperti Səbuhi Abbasovun “Sherg.az”a açıqlamasına görə, yeni təhlükəsizlik parametrləri “TikTok”dakı xoşagəlməz məqamlara ciddi təsir göstərməyəcək:

“Ölkəmizdə sosial medianın inkişafı sürətlə gedir. Sosial medianın müsbət tendensiyadan əlavə mənfi tərəflərini də görürük. Ən mühüm məqamlardan biri odur ki, Azərbaycanda sosial şəbəkələrin nümayəndəlikləri olmadığı üçün ölkəmiz müəyyən məhdudiyyətlərin olmasında iştirak edə bilmir. Ya sosial medianın tamamilə bloklanmasını həyata keçirə, ya da istifadəni bütövlükdə azad edə bilərik. Bu da özü ilə bərabər böyük fəsadlar gətirir. Həmin fəsadların ən böyük payı “TikTok”un üzərinə düşür”.

S.Abbasov qeyd edib ki, “TikTok” insanların beyininin “yuyulması”, dəyərlərin məhv olmasına səbəb olur:

“Aparılan araşdırmalar onu göstərir ki, son 3 ildə “TikTok”dan kütləvi şəkildə istifadə edən cəmiyyətlərdə mənəvi cəhətdən ciddi fəsadlar yaranır. Bu fəsadların ən böyük zərəri isə dövlətin üzərinə düşür.

Fikrimcə, “TikTok”un  son qəbul etdiyi məhdudiyyətlər sadəcə formal xarakter daşıyır. Həmin məhdudiyyətlər “TikTok”dakı fəsadların çox az hissəsinin qarşısını alacaq.

Çünki oradakı istifadəçilər paylaşdıqları materialların onların gələcək həyatlarına nə qədər təsir edib-etməyəcəyini anlamaq gücündə deyillər. Ona görə də şüurlu və şüursuz şəkildə şəxsi həyatlarına aid materialları müəyyən mental dəyərlərə sığmayan formada paylaşırlar.

Bu amil isə qısa müddətdə onların şəxsi həyatı üçün ciddi problemlər yaradır. Hətta bəzi ölkələrdə intihar və boşanmaların böyük hissəsi “TikTok”un üzərinə düşür”.

Ekspertin sözlərinə görə, “TikTok” platforması texniki olaraq prosesi elə qurub ki, ancaq bayağı, mental dəyərlərə sığmayan görüntülər paylaşmaqla qısa zamanda məhşurlaşsın və biznes gəlirləri daha da artsın:

“Tətbiq edilən yeni məhdudiyyətlər müəyyən qurumların “gözündən pərda asmaq” üçündür”.