Türklər QARABAĞDA !- “Yeni iş yerləri yaradılır”

İşğaldan azad edilən ərazilərimizin iqtisadi potensialı prioritet məsələlərdən biridir. Azərbaycanlı iş adamı, iqtisadçı Rauf Rüstəmov bildirib ki, Dağlıq Qarabağ “Bir millət, iki dövlət” şüarı ilə modernləşdiriləcək. Onun sözlərinə görə, bölgədə 1,5 milyon əhalinin yerləşməsi gözlənilir:
“Bu, daha çox mənzil ehtiyacını gündəmə gətirir. Elan edilən investisiyanın ümumilikdə cari həcmi 27 milyard dollardır. Sənaye, kənd təsərrüfatı, xidmət sektorlarında da investisiya imkanı var”.

İqtisadçı qeyd edib ki, Azərbaycanın 20 faiz ərazisi yenidən qurulacaq: “Söhbət təxminən 30 ildir sərmayə qoyulmayan 18 min kvadrat kilometrlik bölgədən gedir. Bu çərçivədə şəhərlərin qurulması, sənaye, kənd təsərrüfatı, xidmət sahələrində investisiyalara ehtiyac var.

Bu nöqtədə diqqət Türkiyəyə yönəlib. Qardaş ölkədən bölgəyə gələcək investorlara dəstək veriləcəyi gözlənilir. Kiçik və orta müəssisələr Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İnvestisiya Agentliyinə birbaşa müraciət edərək lazımlı təşviq və dəstək paketindən faydalana biləcəklər.

Böyük şirkətlər isə İqtisadiyyat Nazirliyinin nəzdində yaradılan İnvestisiya Holdinqi ilə görüşərək uzunmüddətli və birbaşa dəstəyindən yararlana biləcəklər. Əminəm ki, türk podratçılar bölgədə rasional həllər təklif edəcəklər.

Türkiyə keçmişdə, xüsusən də müharibə zamanı Azərbaycana mənəvi dəstək verdi və uzatdığı əl ortadadır. Bizlər bu münasibəti heç vaxt unutmayacağıq”.



İqtisadçı-ekspert Azər Mehdiyev “Sherg.az”a bildirib ki, işğaldan azad edilən ərazilərimiz kənd təsərrüfatının inkişafı və emal sənayesi baxımından perspektivlidir:

“Qarabağ və ətraf rayonlar həmçinin turizmin inkişafı üçün də böyük əhəmiyyətə malikdir. Qısa müddətdə sahibkarlar hesabına bölgəyə yerli investisiyaların cəlb edilməsi mümkündür.

Bölgədə təhlükəsizlik tədbirləri görüldükcə həmin ərazilərdə kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün xarici investorların cəlb olunması lazımdır.

Bu, investisiya imkanlarını genişləndirərək ölkədə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək. Məlumdur ki, hazırda ölkəmizdə həlli ən vacib olan problemlərdən biri budur”.

İqtisadçı vurğulayıb ki, Türkiyə tikinti sektorunda dünya üzrə ən geniş təcrübəsi olan ölkələrdən biridir:

“Bu baxımdan qardaş Türkiyənin təcrübəsindən istifadə etmək olar. Təbii ki, yalnız türk yox, digər xarici investorların da bölgəyə cəlb olunması lazımdır. Amma xarici investorların infrasturuktur layihələrində yox, xidmət sahələrində iştirakı da vacibdir.

Çünki xarici investorlar infrasturuktur layihələrində özlərinə valyuta tapırlar. Emal sahəsində dünyada tanınmış investorların cəlb olunması ilə yeni müəssisələrin yaradılması əsas məqamlardan biridir.

Bu, bölgədəki ərazilərdə yeni iş yerlərinin yaradılması üçün də önəmli prosesdir”.