Həm ucuz, həm də sərfəli...

Qənaətcil avtomobillər artıq Azərbaycan bazarına daxil  olub

"Artıq həm alıcılar, həm də satıcılar  "yaşıl" avtomobillərə keçidə hazırdırlar"

Hibridlər daxili yanma mühərrikləri ilə işləyir, ona görə elektromobillər daha münasibdir

Avtomobillərin atmosferə buraxdığı zəhərli maddələr ekologiyanı korlamaqla yanaşı insan sağlamlığı üçün də ciddi təhlükə hesab olunur. Belə ki, bu tip maddələr insan orqanizmində bir çox xəstəliklərin ortaya çıxmasına zəmin yaradır. Bu səbəbdən Avropa ölkələri, Yaponiya, ABŞ və digər dövlətlər atmosferə zərər verməyən elektromobil və hibrid avtomobillərin istehsalını həyata keçirməyi qərara alıb.

Təqribən 20 il bundan əvvəl ilk olaraq Yaponiya şirkəti hibrid avtomobillərin istehsalına başlayıb. Hazırda isə dünyanın bütün məşhur avtomobil markaları elektromobil və hibrid avtomobillərin istehsalına geniş yer ayırır. Bəs Azərbaycanda atmosferə zərər verməyən bu tip avtomobillərin istifadəsi mümkündürmü? Bu avtomobillərin gələcəkdə təmiri üçün ümumiyyətlə, texniki heyət ölkəmizdə lazımi səviyyədədirmi?

Sualımızı cavablandıran ekstremal sürücülük üzrə mütəxəssis Ruslan Musayev "Şərq"ə açıqlamasında bildirib ki, hazırda ölkə avtomobil bazarında rəsmi dilerlər tərəfindən hibridlər və elektromobillər də satılır. Ekspert hesab edir ki, artıq həm alıcılar, həm də satıcılar  "yaşıl" avtomobillərə keçidə hazırdırlar:

"İş yalnız ekoloji cəhətdən təmiz avtomobillərin satışını stimullaşdırmadadır - gömrük rüsumları və subsidiyalarda. Qeyd edim ki, elektromobillərin kütləvi tətbiqi və istismarı şəhərimizin ekologiyasını bir qədər yaxşılaşdıra bilər. Hibridlər də məqsədəuyğundur. Amma elektromobillər daha yaxşıdır. Hibridlər daxili yanma mühərrikləri ilə işləyir. Bu səbəbdən, az da olsa, zərərli tullantıları var. Amma elektromobillər sırf ekoloji avtomobillər sayılır. Özüm bu cür maşınlardan “Hyundai İoniq”i test etmişəm. Bu maşın tam elektrik mühərriki ilə təmin olunub. Belə maşınlar daxili yanma mühərriki olan avtomobillərdən daha ucuz başa gəlir. Test etdiyim müddətdə maşın hər 200 km-ə 10 manatadək qənaət etməyə imkan verirdi. İl ərzində onu getdiyimiz yola vursaq, nəticədə böyük məbləğə qənaət etmiş olduğumuzu görərik". 

R.Musayev bu avtomobillərin texniki heyət məsələsinə də toxunub:

"Rəsmi nümayəndəlikdə lazımi texniki hazırlıq olmasa, bu zaman istehsalçı hibrid və elektrokarları nümayəndəliyə satışa verməz. İstehsalçı texniki hazırlıq keçmiş personal olmadan heç bir modelin satışına icazə vermir. Üstəlik, mütləq olan ehtiyat hissələri də satıcının anbarında olmalıdır".