Pandemiyanın mənfi təsiri miqrasiyadan da yan keçmədi

Ancaq növbəti ildə bu sahədə artım müşahidə olunacaq

Ötən il Azərbaycanda daimi yaşamaq üçün verilən icazələrin sayı 18 faiz aşağı düşüb. 2019-cu ildə  2041 şəxsə icazə verilibsə, bu say 2020-ci ildə 1669 olub. Rəqəmlərə əsasən, icazələrdən 633-ü Gürcüstan, 448-i Rusiya,112-si Türkiyə, 88-i İran, 65-i Türkmənistan, 293-ü digər ölkələrin vətəndaşlarına şamil olunub. 

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, sosial məsələlər üzrə fəlsəfə doktoru Azər Allahverənov məsələ haqqında "Şərq"ə münasibət bildirərkən deyib ki, bunun başlıca səbəbi bütün dünyada tüğyan edən koronavirus pandemiyasıdır:

"Ölkədə pandemiyaya qədər olan dövrə nəzər salanda miqrasiya proseslərinin intensiv şəkildə statistik göstəricilər üzrə artmasını görmək olar. Azərbaycanda miqrasiyanın bu və ya digər göstəriciləri üzrə ildən-ilə artımlar müşahidə olunub.

Koronavirus infeksiyasının yayılması bir çox sahələrə mənfi təsir göstərdiyi kimi miqrasiya sahəsindən də yan keçməyib.

Ötən ilin əvvəlindən başlayaraq sərhədlərdə giriş-çıxışlara müəyyən məhdudiyyətlər tətbiq edilib. Həmçinin ölkə ərazisində qalan əcnəbilərin öz ölkələrinə qayıtması üçün şərait yaradılması burada yaşayan miqrantların sayının azalmasına səbəb olub.

Bundan əvvəlki dönəmlərə baxdıqda bir il üçün təsadüf edilən minimum rəqəm 170-180 min  təşkil etsə də, pandemiya dövründə ölkə ərazisində qalan əcnəbilərin sayında azalma qeydə alınıb.

Ölkədə yaşayan miqrantların buranı tərk etməsi, yeni insanların isə gələ bilməməsi rəqəmlərin müəyyən dərəcədə aşağı düşməsinə gətirib çıxarıb.

Miqrasiya sahəsində ümumi statistik göstəricilərə nəzər yetirəndə görmək olur ki, ölkədə yaşamaq istəyən miqrantların sayının yüksək olması  bu icazələrin miqdarına təsir edir". 

A.Allahverənov həmçinin qeyd edib ki, növbəti dövrdə bu sahədə artım müşahidə olunacaq:

"Düşünürəm ki, dünyada, həmçinin Azərbaycanda epidemiyanın təsiri nisbətən zəiflədikcə ölkələrarası miqrasiya mübadiləsi üçün yeni imkanlar yarandıqdan sonra bu sahədəki statistik rəqəmlərdə artım hiss olunacaq.

Gələcək dövrdə ölkədəki sərhədlərdə giriş-çıxış məhdudiyyətlərinin aradan qaldırılması həmin sahənin inkişafına daha da təkan verəcək". 

Aytac Ali