Qarabağ üçün yeni gündəlik tərtib olunub

Moskvada imzalanmış 4 maddəlik bəyanat regiona nəfəs gətirəcək

"Kommunikasiyaların açılması o deməkdir ki, yaxın zamanda bütün məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar"

Ayın 11-də Moskvada baş tutan üçtərəfli görüş olduqca ciddi strateji əhəmiyyətə malikdir. Görüş postmüharibə dövründə əldə edilən nəticələrin bir növ hesabatı və bundan sonrakı fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi idi. 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilməsi, regionda sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım idi.

Görüşdə yeni imzalanmış 4 maddədən ibarət bəyanatı ümumi prosesin davamı kimi qiymətləndirməliyik. Həm yerli, həm də xarici ekspertlər 11 yanvar görüşünü şərh edərkən Azərbaycanın strateji hədəflərinə bir qədər də yaxınlaşdığını vurğulayırlar. Ermənistan Baş naziri Nikol Paşinyan görüşə saysız-hesabsız absurd təkliflərlə gəlsə də, istəklərinin heç biri nəzərə alınmadı. Paşinyan görüşə zorla gəlmişdi, çünki xalq hava limanında qarşısını kəsmişdi. Ümumilikdə, görüşdəki diplomatik jestlər də qalibi məğlubdan açıq-aydın sezməyə imkan verdi. Ermənistan mini kapitulyasiya aktına imza atmağa məcbur qaldı. Həmçinin, 10 noyabr razılaşmasına əsasən, yubanan öhdəliklərlə bağlı ciddi xəbərdarlıqlar aldı. İndiki situasiyada yalnız 1 diktə edən tərəf var, o da Azərbaycandır. 

Məlum olduğu kimi üçtərəfli Bəyanatda qeyd olunan əsas məsələlər yol-nəqliyyat infrastrukturunun bərpa edilməsinə aiddir və hazırkı mərhələdə bu, olduqca prioritet məsələdir. Çünki regionun nəqliyyat və iqtisadi əlaqələrinin pozulması və bunu 30 ildən çox davam etməsi regional inteqrasiya və iqtisadi inkişafa çox böyük zərbə idi. Əslində hazırkı tarixi mərhələdə iqtisadi inkişafın gətirəcəyi rifah regionda sülh və sabitliyin də davamlı olması üçün başlıca faktorlardan biridir.

Ona görə də bəyanatda növbəti mərhələ üçün konkret icraedici strukturun yaradılması və onun fəaliyyət istiqamətlərinin və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi önümüzdəki mərhələdə regionun nəqliyyat-kommunikasiya infrastrukturunun tezliklə bərpa ediləcəyindən xəbər verir. Əsas məsələlərdən biri isə Azərbaycanı Naxçıvanla birləşdirən dəmiryolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca vacib kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir. Tarixi layihənin effektiv həlli üçün hər üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində birgə İşçi Qrup da yaradıldı. İşçi Qrupu bu ilin martın 1-nə kimi avtomobil, dəmiryolu xətlərinin açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb təqdim edəcək. Hamıya məlumdur ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən, ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınan sərhədlərimizi bərpa etdikdən sonra regionda kommunikasiyaların açılmasında, iqtisadi və ticari əlaqələrin bərpa olunmasında ən çox maraqlı olan Azərbaycandır. 30 il blokada vəziyyətində olan Naxçıvanla birbaşa avtomobil və dəmiryolu əlaqəsinin yaranması ilk növbədə muxtar respublikanın inkişafı, gediş-gəlişin asanlaşdılrılması, nəqliyyat xərclərinin kifayət qədər azaldılması və bütövlükdə Azərbaycanın anklav bölgəsi ilə bütövləşməsi deməkdir. Həmçinin, Azərbaycanla Naxçıvan arasında iqtisadi və nəqliyyat dəhlizinin işə düşməsi Türkiyə ilə quru əlaqələrimizin yaranmasıdır.

Bunun nəticəsində Türkiyənin Azərbaycan üzərindən türk dünyasına asan çıxışı təmin edilir və bu coğrafiya ilə birbaşa bağlantı əldə olunur. Eyni zamanda Azərbaycan İpək Yolu marşrutu üzrə ikinci alternativ dəhliz qazanır. Bu dəhliz yüklərin daşınması baxımından ölkəmizin Gürcüstandan asılılığına son qoyur. Daha qısa yol olduğundan nəqliyyat xərclərini azaldır və beynəlxalq bazarda rəqabət aparmaq imkanımızı xeyli yaxşılaşdırır. Bununla yanaşı, Daqlıq Qarabağın Azərbaycana inteqrasiya prosesini sürətləndirir. Bu məsələdə ölkəmizə qarşı ola biləcək mümkün təzyiqləri neytrallaşdırır və beynəlxalq aləmdə siyasi mövqeyimizi daha da gücləndirir. 

Nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Rusiya, Türkiyə ilə yanaşı, Ermənistan dövlətinin və xalqının da maraqlarına cavab verir. Mehri vasitəsilə Türkiyə-Naxçıvan-Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan-İran və Ermənistan-Rusiya nəqliyyat xətlərinin bərpası adıçəkilən bütün ölkələr üçün faydalıdır. Paşinyan daxili auditoriya üçün görüşdəki nəticələr haqqında ikibaşlı danışsa da, fakt faktlığında qalır kı, Rusiya və Azərbaycan liderləri regionun yeni geosiyasi xəritəsini artıq cızıblar. Elə Prezident İlham Əliyevin üçtərəfli görüşün nəticəsi olaraq birgə Bəyanatda səsləndirdiyi fikirlər də postmüharibə dövründə Ermənistanda və Qərbdəki bəzi revanşist qüvvələr üçün çox vacib ismarış sayılmalıdır: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi nəticəsində Cənubi Qafqaz yeni qonşuluq münasibətlərinə qədəm qoyur. 

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov da bildirib ki, regionda yeni kommunikasiya və nəqliyyat əlaqələrinin yaradılmasına, köhnə kommunikasiyanın bərpa olunmasına start verilib. Bu o deməkdir ki, yaxın vaxtlarda Azərbaycanla Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yol inşa olunacaq: “Hansı ki, bu yol Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq. Bundan əlavə, Azərbaycan ərazisindən keçməklə Ermənistanla Rusiyanı əlaqələndirəcək yol inşa olunacaq. Bu isə Ermənistanın Rusiya ilə quru yol əlaqəsində Gürcüstandan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Eyni zamanda Bakı və digər şəhərləri Xankəndi ilə əlaqələndirəcək yollar inşa olunacaq. Rəsmi Bakı Dağlıq Qarabağın tamamilə Azərbaycanın tərkibinə qaytarılmasının üçüncü mərhələsinə daxil olur”. 

Görüşün nəticələri ilə bağlı “Şərq”ə danışan millət vəkili, politoloq Hikmət Babaoğlu vurğulayıb ki, yanvarın 11-də Moskvada baş tutan ikinci üçtərəfli görüş 10 noyabr Bəyanatında əks olunan maddələrdən sadəcə birinin icrasına həsr edilmişdi. Deputatın sözlərinə görə, rəhbərlərin müzakirələr fonunda fokuslandığı əsas məqam kommunikasiyaların bərpası idi:

“Üçtərəfli Bəyannamə imzalandıqdan sonra Prezident İlham Əliyev bir ifadə işlətdi. Ölkə rəhbəri dedi ki, “Qarabağ münaqişəsi keçmişdə qaldı”. İmzalanmış 4 maddəlik anlaşma sənədini məhz bu tezisə söykənərək şərh etmək lazımdır. İndiyə qədər “postmüharibə dövrü” terminini işlədirdik, sülhün uzunmüddətli bərqərar olması mərhələsindən danışırdıq. Cənab Prezident bunu bir addım daha irəli çəkərək ümumiyyətlə münaqişənin keçmişdə qaldığını vurğuladı. Əgər münaqişə artıq başa çatıbsa, növbəti mərhələ quruculuq, inkişaf, tərəfdaşlıq və əməkdaşlıq müstəvisində olmalıdır. Moskva bəyannaməsində “altıtərəfli” yeni əməkdaşlıq və tərəfdaşlıq platformasının yaradılmasının ilkin əsasları qoyuldu. Bu nədən ibarətdir? Zəngəzur nəqliyyat-kommunikasiya dəhlizinin açılması sayəsində Rusiya-Türkiyə, İran-Ermənistan, Rusiya-Ermənistan və Azərbaycan-Türkiyə arasında iqtisadi əlaqələr daha da genişlənəcək. İqtisadi faktor bəzi siyasi məsələlərdən ona görə önə çəkilir ki, kommunikasiyaların bərpası 30 ildir iflic edilmiş regional iqtisadiyyatın dirçəlməsi deməkdir. Bu isə özlüyündə rifah və əməkdaşlığı şərtləndirən birinci amildir. Çünki nəqliyyat və iqtisadi əlaqələr hər bir cəmiyyətə firavan həyat gətirir. Rifah isə öz-özlüyündə sülhə və sabitliyə doğru atılmış uzunmüddətli addıma səbəb olur. Bu baxımdan 4 maddəlik bəyanat kifayət qədər əhəmiyyətlidir. İşçi Qrupu martın 1-nə qədər həyata keçirilməsi vacib olan kommunikasiyalarla bağlı layihələr təqdim edəcək. Beləliklə bölgədə çox sürətli bərpa prosesi gedəcək”. 

Politoloq Tofiq Abbasov da “Şərq”ə bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətdən getsə belə ölkənin yeni rəhbərləri 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməyə məcburdur. Siyasi şərhçinin sözlərinə görə, rəhbərlikdə kimin təmsil olunmasından asılı olmayaraq, Ermənistan dövlət olaraq məsuliyyət daşıyır:

“Düzdür, Ermənistan tərəfi daim çalışacaq ki, məsələləri siyasi yöndə müzakirəyə çıxartsın. Ancaq Moskva görüşünün əsas üstünlüyü ondadır ki, Kremldəki müzakirələr Azərbaycanın qələbəsinin işığında aparıldı. Rəsmi Bakı siyasi aspektləri hələlik arxa plana keçirərək, iqtisadi komponentləri önə çıxarır. Kommunikasiyaların açılması o deməkdir ki, yaxın zamanda bütün məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar. Geri dönüş Xankəndi, Xocalı və Xocavəndi də əhatə edəcək.

Rusiya və Azərbaycan prezidentlərinin həmahəng mövqeləri, qətiyyətli yanaşmaları nəticəsində yeni gündəlik tərtib olunub. Moskvada “altılıq” əməkdaşlıq platformasının təməl daşı qoyulub. Belə məqamda Yerevan özünü kənarda saxlaya, öhdəliklərindən qaça bilməz. Əslində Ermənistanda ağıllı adamlar yeni mərhələnin onlar üçün daha yaxşı olacağının fərqindədirlər.

Kommunikasiya xətlərinin bərpası erməni xalqının iqtisadi vəziyyətini xeyli dirçəldəcək. Ermənistan prosesləri real dəyərləndirməyi bacarmalıdır”. 
Analitik əlavə edib ki, iqtisadi proseslərlə siyasi hadisələr paralel cərəyan edir:

“Bir sahədə böhran yaşanırsa, avtomatik digərinə də sirayət edir. Çünki iki sahə arasında üzvü bağlılıq var. Azərbaycan tərəfi siyasi və hərbi cəhətdən Dağlıq Qarabağ münaqişəsini çözdü. Rəsmi Bakı bu məsələlərə yenidən qayıtmayacağını bildirir. “Status” söhbəti müzakirə mövzusu olmayacaq. Ermənilərin Xankəndi və ətrafında yaşaması problemi də həllini tapmaq üzrədir. Geriyə sadəcə iqtisadi dirçəliş və yeni layihələrin reallaşdırılması qalır.

Kommunikasiya və iqtisadiyyatın bərpası bölgə ilə yanaşı bütövlükdə regiona da sülh və sabitlik gətirəcək. Ondan sonra hər hansı mübahisəli məsələ də qalmayacaq”.