Ərdoğanın Qarabağ mesajları çox önəmlidir

Türkiyə Prezidenti bəyan etdi ki, rus sülhməramlıları orada müvəqqətidir


Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edərək Moskvada keçirilmiş üçtərəfli görüş barədə türkiyəli həmkarını məlumatlandırıb. Türkiyə prezidenti “Telegram” kanalında Putinlə danışıqlarına dair məlumat yayıb. Ərdoğan Rusiya və Türkiyənin məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib: “Türk-rus ortaq mərkəzinə dair dəyərləndirmələr apardıq. Türkiyənin bölgədə sabitliyi qoruyacağını və hər cür dəstəyi verməyimizin lazım olduğunu, sülh adına yeni dövrün başladığını söylədik.

Biz Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaratmaq istəyirik”. Dağlıq Qarabağda yaxın gələcəkdə sülhməramlılara ehtiyacın olmayacağını bir müddət əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da ifadə etmişdi. Ekspertlərin sözlərinə görə, bu açıqlamaları ilə həm Ərdoğan, həm də Çavuşoğlu Rusiyanın birtərəfli qaydada Dağlıq Qarabağda hərbi iştirakından narahat olduqlarını bildirmək istəyirlər. Digər tərəfdən Ankara bu açıqlama ilə Moskvaya mesaj da göndərir ki, Rusiya hərbçilərinin Dağlıq Qarabağda varlığı müvəqqəti olmalıdır. Təbii olaraq, bu məqam Azərbaycanın da maraqlarına uyğundur. 

Rusiya və Türkiyə liderlərinin müzakirəsini “Şərq”ə dəyərləndirən siyasi şərhçi, fəlsəfə elmləri doktoru Füzuli Məhəmməd öncə Moskva görüşləri barəsində fikirlərini bəyan edib. Analitik vurğulayıb ki, görüşü təşkil edən Rusiya Qarabağın “statusu” məsələsini qaldırmadı və arxa plana atdı. Çünki bu məqam Moskvanı maraqlandırmır:

“Kreml daha çox regiondakı geosiyasi sabitliyi təmin etmək üçün kommunikasiyaların bərpasını təmin etmək, Ermənistan da daxil olmaqla bölgədəki bütün ölkələr arasında əməkdaşlıq yaratmaq məqsədi güdür. Kommunikasiya ilə bağlı müzakirələrin arxasında bu məqam dayanır. Maraqlı cəhət odur ki, bu cür əməkdaşlıq formatının təşəbbüskarı Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Məhz dövlət başçımız “altılıq əməkdaşlıq platforması”nı təklif etmişdi.

Atılan addımlar həmin istiqamət üzrədir. Digər məqam ondan ibarətdir ki, dünyada qlobal miqyasda geosiyasi mənzərə çox mürəkkəbdir. Regiona kənar təsirlərin olması ehtimalı çoxdur. Bu təsirlərin neytrallaşması üçün bölgədə sabitlik olmalıdır. Sabitliyin qarantı kimi Rusiya və Türkiyə çıxış edir. İki böyük dövlət Qarabağ daxil olmaqla, Cənubi Qafqazda təhlükəsizliyin təminatı sayılır”. 

Ekspert vurğulayıb ki, Ərdoğan çox böyük siyasətçi və liderdir. Hər zaman strateji məqamları düşünür:

“Rusiya dövlət başçısı ilə telefon danışığı Putinin təşəbbüsü sayəsində baş tutub. Telefon söhbətinin təfərrüatı haqqında məlumat verən Türkiyə prezidenti iki mühüm məqama diqqət çəkib.

Vurğulayıb ki, kommunikasiyaların açılması yönündə atılmış addımları dəstəkləyir. O da hesab edir ki, Çindən tutmuş Avropaya qədər böyük bir məkanda irimiqyaslı layihələrin reallaşması, Azərbaycan və Türkiyənin içində olduğu yeni nəqliyyat marşrutunun yaranması olduqca zəruridir. Putin də bu cür düşünür.

Ərdoğanın Rusiya sülhməramlıları ilə bağlı ifadələrini də normal qarşılamaq lazımdır. Sülhməramlıya o vaxt ehtiyac duyulmur ki, bölgədə sabitlik təmin olunur, təhlükə qalmır. Kiminsə kənardan gəlib “sülh” təsis etməsi tələb edilmir. Türkiyə lideri də bəyan edir ki, rus sülhməramlıları orada müvəqqətidir. Gələcəkdə elə vəziyyət yaratmalı, bölgədə əməkdaşlığı elə səviyyəyə çatdırmalıyıq ki, ümumiyyətlə, sülhməramlı qüvvələrin varlığına zərurət olmasın. Həm də Ərdoğan ABŞ və Avropa ölkələrinə mesaj verir ki, bundan sonra heç bir dövlətin regiona “sülhməramlı” adı ilə müdaxiləsinə imkan verilməyəcək.

Çünki məqsəd Cənubi Qafqazda hansısa ölkənin hərbi kontingentini yaratmaq deyil. Əgər Türkiyənin belə bir məqsədi, fəaliyyəti yoxdursa, Rusiya, İran və Qərb dövlətlərinin də olmamalıdır.

Bölgəmiz mümkün qədər silahsızlaşdırılmalı, hərbsizləşdirilməlidir. Qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək lazımdır ki, sülh və sabitlik davamlı olsun. Türkiyə rəhbəri bunları diqqətə çatdırmaq istəyir”.