Professordan İLGİNC İDDİA: “Rusiyanın dağılması başlanır" – PƏRDƏARXASI


“210 milyonluq Pakistan, 85 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycan birlikdə onlardan 2 dəfə çoxdur”

“44 günlük müharibə göstərdi ki, gücümüz, hər bir imkanımız da var. Ermənilər və onların arxasında olan Rusiya narahatdır”

“Necə ki, Dağlıq Qarabağ problemini yaratdılar, ardınca SSR dağılıb əllərindən çıxdı. İndi də Rusiyanın dağılması gündəmə gəlir”


Yanvarın 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ara Ayvazyan arasında telefon danışığı baş tutub. Məlumata görə tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvarda Moskvada Dağlıq Qarabağla bağlı imzaladıqları bəyanatın icrasını müzakirə ediblər.Bildirilir ki, Rusiya və Ermənistan XİN başçıları ikitərəfli münasibətlər və regional gündəm barədə fikir mübadiləsi aparıblar.


Görüşü şərh edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev söyləyib ki, əslində bu danışıqlar gözlənilən idi:

" Paşinyan həm Qarabağın statusunu, həm də əsirlərin dəyişdirilməsi məsələsini gündəmə gətirdi. Lakin Azərbaycan Prezidenti çıxışında dedi ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb, artıq gələcək haqqında düşünməliyik. 10 noyabr bəyanatının 9-cu bəndinə əsasən yeni bəyanat qəbul olunub. Bu da, sırf Azərbaycanın iqtisadi maraqlarına uyğun olan addım idi. Digər məsələlər kənarda qaldı. Nəzərə almalıyıq ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığında məhz Qarabağ məsələsini gündəmə gətirib. Rusiyanın sülhməramlı qüvvələri bu günə qədər daha çox Ermənistanın maraqlarını güdürdü. Bəyanatdan sonra Rusiyanın xarici işlər naziri S.Lavrov və onun erməni həmkarı A.Ayvazyanla telefon danışığında yəqin ki, bu məsələni müzakirə ediblər. Rusiya onlara bildirməlidir ki, indiyə qədər etdiklərimizi artıq edə bilməcəyik. Çünki sülhməramlılar həm tikinti, həm məskunlaşdırma ilə məşğuldular. BMT nizamnaməsinin 6-cı bəndi sülhməramlılarla bağlıdır. Onlar özlərinə aid olmayan işləri görəndə, Azərbaycan tərəfinin haqlı narazılıqları olur. Bəlkə də, Lavrov A. Ayvazyana qeyri-qanuni yolla Xankəndiyə səfərini  təkrarlamamasını bildirilib".

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan hərbi əsir götürməyib. Onlar Azərbaycan ərazisinə diversiya qrupu ilə daxil olublar. Azərbaycan ondan qabaq 160 nəfəri buraxıb, lakin 62 nəfəri saxlayacaq:

"Onlara qarşı cinayət işi qaldırılıb. Azərbaycan bunun üçün hər şey edəcək. İndi istintaq gedir. Sonradan “onları kim göndərib?” kimi sualların cavabı tapılacaq. Onlar Ermənistanda əsgərliyə çağırılanları Qarabağa göndərməklə həyasızlıq nümayiş etdirirlər.

Burada ən maraqlı olanlar Rusiya XİN başçısı Lavrov və bu ölkənin baş naziri erməni əsilli Mixail Mişustindir. Bu şəxslər 44 günlük müharibə ərzində mediada Azərbaycan əleyhinə təbliğat aparırdılar. Rusiyanın baş naziri onlara dövlət mükafatı təqdim etdi. Bu o deməkdir ki, ermənilərin maraqlarını layiqli təmsil ediblər. Lakin hələ bilinmir ki, Mixail Mişustin vəzifədə qalacaq, yoxsa qalmayacaq. Erməni kökənlilər çalışacaq ki, nəsə etsinlər. Amma narahatlığa əsas yoxdur. Arxamızda Türkiyə kimi böyük və qardaş dövlətimiz var".

C.Nuriyev sonda Azərbaycan XİN ilə Pakistan XİN arasında əməliyyatların birgə idarə olunması barəsində memorandum imzalaması məsələsinə toxunub:

"Əməliyyat yalnız döyüş bölgəsində olur. Azərbaycanı nüvə silahı olan başqa bir dövlət açıq şəkildə dəstəkləyir. 210 milyonluq Pakistan, 85 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycan birlikdə onlardan 2 dəfə çoxdur. 44 günlük müharibə göstərdi ki, gücümüz, hər bir imkanımız da var. Ermənilər və onların arxasında olan Rusiya narahatdır. Necə ki, Dağlıq Qarabağ problemini yaratdılar, ardınca SSR dağılıb əllərindən çıxdı. Yenidən bu problemi gündəmə gətirməyə çalışırlarsa, tam əminliklə demək olar ki, Rusiyanın dağılması başlanır".