Düşmənin “Xallı” dediyi kəşfiyyatçının bacısı: “Bir neçə postu “təmizləyib" və...”

“...Ayın 28-də, atışma olmadığı bir vaxtda isə düşmənin snayperinin qurbanı olub”

“Oktyabrın 2-də - mənim ad günümdə cənazəsi gəldi”


Torpaq uğrunda ölən varsa, vətəndir. İkinci Qarabağ müharibəsi dövründə minlərlə hərbçimiz Vətən uğrunda canından keçdi. Necə deyərlər, onlar torpağı qanları ilə yudular. Aralarında peşəkar döyüşçü də var idi, könüllü də. Amma heç bir fərq hiss edilmədi. Düşmənin xain gülləsinə tuş gələn professionallarımız, savaşdan sağ çıxan könüllülərimiz heç də az deyildi.

Müharibə belədir- heç kimə, hətta arxa cəbhədəkilərə belə, güzəştə getmir.

Vətən savaşı Xüsusi Təyinatlı Qoşunların kapitanı Həmidağa Hüseynzadə üçün də son döyüşlər oldu. Şəhidin bacısı Xavər Kərimova qardaşının həyat barədə “Sherg.az”a danışıb: 

“1990-cı il avqustun 13-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Hərbi akademiyada davam etdirib. Sonra Ehtiyat Zabit Hazırlığı Kursları bazasında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyətə başlayıb. Tovuz, Ağdam və Füzulidə ayrı-ayrı vaxtlarda xidmət edib. Qardaşım 2016-cı ildəki Aprel döyüşlərində öz dəstəsi ilə birlikdə Lələtəpə yüksəkliyinin alınmasında böyük şücaət və qəhrəmanlıq göstərib.

Bundan sonra isə Prezident, Ali Baş Komandan onu müvafiq medalla təltif edib. Qardaşım soyadını daşıdığı “Mixaylo” ləqəbli (red: Mehdi Hüseynzadə) döyüşçütək cəsarətli idi. Üzündə xal olduğuna görə, ermənilər onu “Xallı” adlandırırlarmış. Qardaşım həmişə müxtəlif vasitələrlə həmin xalı gizlədirdi ki, tanınmasın”.

Xavər xanım şəhidimizin müharibədə iştirak etməyindən bixəbər olduğunu deyib: 

“N saylı hərbi hissədə qrup rəhbəri idi. Kəşfiyyatçı olduğuna görə çox danışmağı sevmirdi. Ümumiyyətlə, işi ilə bağlı nəsə demirdi. Sonuncu dəfə sentyabrın 25-də danışmışam.

Dedi ki, təlimə gedirəm. Bu “təlim”in Vətən müharibəsi olduğunu nə biləydim? Döyüş yoldaşlarının dediyinə görə, qrupun önündə gedən qardaşım Murovdağ yüksəkliyində bir neçə postu “təmizləyib”. Ayın 28-də, atışma olmadığı bir vaxtda isə düşmənin snayperinin qurbanı olub.

Oktyabrın 2-də- mənim ad günümdə cənazəsi gəldi. II Fəxri Xiyabanda dəfn etdik. Allah qardaşımın timsalında bütün şəhidlərə rəhmət eləsin”.