Nizaməddin Şəmsizadə: "İngilis filosof Nizamini türk dahisi adlandırıb”

Dünən ADA Universitetində keçirilən mətbuat konfransında Mədəniyyət naziri Anar Kərimov çıxış edib. O, bildirib ki, 2021-ci il ərzində Azərbaycanda ICESKO-nun regional mərkəzi yaradılacaq və bir çox ölkələri əhatə edəcək. 2021-ci ilin "Nizami ili" elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Anar Kərimov əlavə edib ki, bu tədbir Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq.


Məsələni "Sherg.az"a dəyərləndirən Dövlət mükafatı lauretı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə regional mərkəzin yaradılmasını müsbət hadisə kimi qiymətləndirib:

"Bizim üçün çətin və şərəfli olan tarixi dövrdə “Nizami ili” elan edilməsini böyük hadisə hesab edirəm. Klassiklərimizi kompaniya xarakterli öyrənməliyik. Nizami bir regiona, respublikaya aid deyil, bütün bəşəriyyətə məxsus sənətkardır. Bəlkə də, Sovet dövründə Nizamini yanlış öyrəniblər. Əlbəttə, Nizaminin bütün tədqiqatçılarını təqdir edirəm.

Lakin Sovet dövründə tədqiq olan klassiklərimiz, xüsusən Nizami, Füzuli kimi sənətkarlarımızın dinə, sufizm cərəyanına münasibəti bir qədər geniş şəkildə tədqiq olunmağa möhtacdır. Nizami xüsusilə, ispan və türk sivilizasiya tərkibində öyrənilməlidir. O farca yazıb, 1980-ci illərdə Nizaminin Tackistanda “Xəmsə”si çap edilmişdi.

Onun müqqədiməsində yazmışdılar ki, Nizami öz ana dilində daha yaxşı dərk olunur. İranın sabiq prezidenti Azərbayana gəlib Nizami məqbərəsində olarkən onu fars şairi kimi təqdim etmişdi. Bu, yanlışdır.

Nizami bütün ruh etibarilə türk oğludur. Füzuli deyir ki, mən ərəbcə də, farsca da yazdım, amma türk dili ruhuma daha uyğundur. Nizami türk dilində yazmasa da, türkcə düşünüb. Məsələn, Çingiz Aytmatov rus dilində yazıb. Bu o deməkdir ki, Ç.Aytmatov rus yazıçısıdır?! O türkdür, eləcə də, Nizami".

Ş.Nizamzadə Nizami Gəncəvini dindən ayıranlarla razı olmadığını bildirib. Lakin onu tamamilə İslam dininə bağlamağı da düzgün hesab etmir:

"İngilis filosofu Frensis Bekonun “Dahilər” seriyasında Firdovsi, Homer, Nizami, Nəvai, Şekspirin adını çəkir və bildirir ki, beş dahi, dahilərin dahisidir.

Onlardan biri yunan, biri fars, biri ingilis, biri də türk ədəbiyyatının nümayəndəsidir. Bəşəriyyət insanın mənəvi cəhətinə, təkamülünə yardım edən bütün suallara Nizaminin əsərlərində cavab tapmaq olar.

Nizami türk bədii təxəyyülünün dahisidir. XIX əsrə qədər Şərq ədəbiyyatında “sənin, mənim” anlayışı olmayıb. Şərq ədəbiyyatı və yunan xalqlarını birləşdirən kontekst var idi. Bu konteksti yaradanlardan biri də Nizami olub.

Məncə, onu daha qlobal şəkildə öyrənmək üçün böyük tədqiqatlar aparan mərkəzin yaradılmasına ehtiyac var. Cənab Prezidentin də sərəncamı məhz buna xidmət edir”.