İranın ZƏRİF siyasəti:“Rusiyanın “əli” ilə Qarabağa gəlmək istəyir” 

“Ola bilsin ki, perspektivdə Qarabağda Rusiyanın yanında İran da görünsün”

“İran bütün hallarda vurnuxur ki, Qarabağda fəaliyyət göstərsin”

“Amma bölgəyə İranın yerinə Pakistan  buraxılmalıdır. Çünki Pakistan ölkəmizin haqq işini hər zaman müdafiə edib”



İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 26-da Moskvaya səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində İran XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
M. Zaxarova qeyd edib ki, görüş zamanı Rusiya və İran XİN başçıları bir sıra beynəlxalq məsələləri müzakirə edəcəklər. Nazirlər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Dağlıq Qarabağ, Suriya, Əfqanıstan və Körfəzdə mövcud vəziyyət barədə fikir mübadiləsi aparacaqlar.

Yaxın müddətdə baş tutacaq səfəri “Sherg.az”a dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, son zamanlar İrana qarşı təzyiqlər artıb:

“Yanvarın 20-dən, yəni Bayden prezident olandan sonra ABŞ-ın İrana olan siyasətində yeni sanksiyaların tətbiq ediləcəyi gündəmdədir. Amerika həmçinin Rusiyaya qarşı da sanksiya tətbiq edir və müxtəlif məhdudlaşdırıcı tədbirlər həyata keçirir. Cavad Zərifin də Rusiyaya səfəri perspektivdə Amerika ilə münasibətlərin qurulması və ABŞ-dan gözlənilən təzyiqlərin qarşısının birgə alınmasına hesablanıb. Şübhəsiz ki, belə görüşlərdə regional məsələlər də müzakirə olunacaq. Bunlardan ən vacibi isə Dağlıq Qarabağdır”.

S.Soltan vurğulayıb ki, Azərbaycan Qarabağda quruculuq işlərində iştirak etmək üçün müxtəlif dövlətlərə müraciət edib:

“İran da istəyir ki, Rusiya vasitəsilə Qarabağda fəaliyyət göstərsin. Cavad Zərif bir müddət əvvəl Qarabağda ölmüş erməni hərbçiləri ilə bağlı Ermənistana baş sağlığı verib.  İranın karate üzrə çempionu Ermənistanda aldığı qızıl medalı Qarabağda ölən erməni idmançısının ailəsinə hədiyyə olaraq göndərib. Bir sözlə, İran Qarabağ məsələsində Ermənistanı Rusiyadan heç də az müdafiə etməyib. Ola bilsin ki, perspektivdə Qarabağda Rusiyanın yanında İran da görünsün. İran bütün hallarda vurnuxur ki, Qarabağda fəaliyyət göstərsin”.

Analitik diqqətə çatdırıb ki, heç bir halda İran hakimiyyəti və şirkətlərini Qarabağa buraxmaq olmaz:

“Çünki İran 44 günlük müharibə zamanı Azərbaycana etibarsız oldu. Bölgəyə İranın yerinə Pakistan  buraxılmalıdır. Çünki Pakistan ölkəmizin haqq işini hər zaman müdafiə edib. Pakistan bizə İrandan daha yaxşı qonşuluq və müsəlmanlıq edir”.