Türkiyədə Qara dənizdə batan Rusiya gəmisinin 4 üzvü xilas edilib - YENİLƏNİB


Bartında batan Rusiyaya məxsus gəmidən 4 nəfər xilas edilib, digərlərinin də xilası üçün fəaliyyətlər davam edir. 
APA-nın yerli bürosunun xəbərinə görə, Bartın valisi deyib ki, fırtınalı hava şəraiti  xilasedicilərə ciddi şəkildə mane olur.  
Qeyd edək ki, təxminən bir saat öncə gəmi limana yaxınlaşmazdan öncə ortadan ikiyə bölünüb.

Saat 14:42

Türkiyədə Rusiyanın yük gəmisi batıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Bartın vilayətinin valisi bildirib.

Vali Sinan Güner deyib ki, Qara dənizin Bartındakı İnkumu rayonu  sahilinə çatmaqda olan Rusiya bayraqlı yük gəmisinin batdığı aşkar olunub.

“Qara dənizdəki pis hava şəraiti və yüksək səviyyəyə qalxan dalğalar gəminin İnkumu sahilinə çatmasına imkan verməyib. Xilasetmə heyətlərimiz gəmidə çətin vəziyyətdə qalan 15 nəfərə yaxın insanın xilası üçün fəaliyyətə başlayıb” - deyə vali bildirib.