Azərbaycan Cənubi Qafqaz üçün yeni əməkdaşlıq və təhlükəsizlik perspektivi yaradıb - Politoloq 

“Regiondan autsayderə çevrilmiş Ermənistan da rasional hərəkət edərək bu imkanlardan yararlansa, siyasi və iqtisadi dividendlər əldə edə bilər"

“Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində meydana çıxmış Dağlıq Qarabağ münaqişəsi uzun illər ərzində regional təhlükəsizliyə, sabitliyə cidd təhdid amili kimi çıxış edib. İşğalçı ölkənin təcavüzkar mövqeyini davam etdirməsi, status-kvonun qorunub saxlanılmasına xidmət edən təxribatçı hərəkətləri, eləcə də separatizmə dəstək və rəvac verməsi nəticəsində 1 milyondan çox azərbaycanlının bütün fundamental hüquqları pozulub, tarixi-mədəni irsimiz soyqırımına məruz qalıb. Bu, həm də humanitar problemlərə yol açıb. Bir sözlə, regionda bütün gərginliyin, eskalasiyanın səbəbi Ermənistanın işğalçı siyasəti olub”.

 Bu fikirləri Sherg.az-a politoloq Nurlan Qələndərli deyib. Politoloq əlavə edib ki, Azərbaycan dövləti daim Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini diqqətə çatdırıb:

“Amma işğalçı dövlət qeyri-konstruktiv mövqeyindən əl çəkməyib, nəticədə gərginliyin eskalasiyası, itkilərin baş verməsi kimi neqativ hallar müşahidə olunub. Ermənistanın təxribat cəhdlərinə adekvat olaraq Azərbaycanın əks-hücum əməliyyatı həyata keçirərək torpaqlarını işğaldan azad etməsi, öz ərazi bütövlüyünü təmin etməsi regional təhlükəsizlik kontekstində də yeni mərhələnin başlanmasını şərtləndirib. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur, keçmişdə qalıb. Azərbaycan bu münaqişəni öz hərbi-siyasi qüdrəti vasitəsilə həll edib, milli güc resurslarından istifadə etməklə işğal və separatizm faktına son qoyub”.

 Nurlan Qələndərlinin sözlərinə görə, Azərbaycanın formalaşdırdığı yeni geostrateji reallıqlar Cənubi Qafqaz üçün yeni əməkdaşlıq və təhlükəsizlik perspektivi yaradıb:

“Regiondan autsayderə çevrilmiş Ermənistan da rasional hərəkət edərək bu imkanlardan yararlansa, siyasi və iqtisadi dividendlər əldə edə bilər. Yox, əgər bu ölkənin siyasi dairələri yenə də revanşist yanaşma ilə köhnə - ənənəvi siyasi stereotiplərini davam etdirəcəksə, daha böyük faciə və fəlakətlərlə üzləşəcəklər. Xüsusilə də, hər hansı bir təxribat cəhdi onlar üçün “bumeranq effekti” verəcəkdir. Bu hərəkətlər, eyni zamanda, regional təhlükəsizlik, bölgədə genişmiqyaslı və çoxformatlı əməkdaşlıq baxımından da arzuolunmazdır ”.