Azərbaycanlı alimin “Erməni dili” kitabı: Düşmən öz dili ilə “vurulacaq”

Hatəm Cabbarlı:“Ermənilərin yazdıqlarını, dediklərini bilmək vacibdir”

Düşmənlə mübarizənin əsas qollarından birini də onun dilini öyrənmək təşkil edir. Bu fikirləri tanınmış siyasi liderlər də təsdiq ediblər. Məsələn SSRİ rəhbəri İosif Stalin İkinci dünya müharibəsi (1941-1945) davam edərkən orta məktəblərdə şagirdlərə alman dilinin tədris olunması ilə bağlı göstəriş verib.

Düşmənin dilini bildikdən sonra istər-isəməz mübarizə asanlaşır. Mübarizə dedikdə isə həm hərbi münaqişələr, həm də media üzərindən informasiya savaşı nəzərdə tutulur. Hərbçilər və digər peşələrə yiyələnən şəxslər düşmənin dilini bilməklə ona qarşı mübarizəni daha da qətiləşdirə, öz dilləri ilə özlərini “vura” bilərlər.


Ölkəmizdə erməni dilinin öyrənilməsi baxımdan mühüm fəaliyyət göstərən tanınmış alim, siyasi elmlər doktoru Hatəm Cabbarlı “Sherg.az”a bildirib ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra bütün qonşu dövlətlərlə məntiqli xarici siyasət həyata keçirməyə çalışırdı:

“Təəssüf ki, Ermənistan kimi qonşusu olan Azərbaycan bu ölkəyə yönəlik istədiyi nəticələri əldə edə bilmirdi. Ölkəmiz qonşuları olan İran, Rusiya, Gürcüstan və Türkiyə(həm də qardaş ölkədir) ilə sağlam ənənələr üzərində münasibətlərini inkişaf etdirsə də, Ermənistanla bu münasibətlərin qurulması mümkün olmadı. Ermənilərin torpaqlarımıza olan ərazi iddiası iki ölkə arasında münasibətləri pisləşdirdi. Beləliklə,1991-1994-cü illərdə hərbi əməliyyatlar aparıldı, torpaqlarımızın böyük hissəsini itirdik. Əlbəttə, belə olan halda Azərbaycan özünə qonşu olan dövlətlərin dili, mənədiyyəti və tarixi ilə maraqlanırdı. Xüsusilə erməni dilinin öyrənilməsinin əsas səbəbi də Ermənistanın torpaqlarımızı işğal etməsi ilə bağlı oldu”.

H.Cabbarlı qeyd edib ki, erməni dilini, mədəniyyəti və tarixini bilmək, erməni mətbuatını izləmək düşməni tanımaq baxımından böyük əhəmiyyət daşıyır:

Erməni dilini ilk dəfə 2006-cı ildə ilk dəfə “Xəzər” Universitetində tədris etmişəm. Bu dildə ilk kitabı 2015-ci ildə hazırladım. Təəssüf ki, bu fənn bir il tədris edildikdən sonra davamı gəlmədi. Xüsusilə, son illərdə erməni dilinə marağın artması mənim ilk kitabımın nəşrindən sonra gündəmə gəldi”.

Alimin sözlərinə görə, erməni dilinin öyrənilməsi günümüzün reallıqlarından biridir:

“Artıq Qarabağ problemi əhəmiyyətli dərəcədə həll olunub. Qarabağda yaşayan ermənilərin Azərbaycan qanunlarına tabe olaraq bölgədə yaşaması erməni dilini öyrənmək ehtiyacımızı daha da artırır.

Çünki həmin ermənilərlə təmas qurmaq lazımdır. Onların yazdıqlarını, dediklərini bilmək vacibdir. Bu baxımdan erməni dilinin öyrənilməsi öz aktuallığını qoruyur.

2020-ci ilin əvvəlində ikinci dəfə “Erməni dili” kitabım çap edildi. 2015-ci il nəşrindən fərqli olaraq 2020-ci ildəki kitab daha geniş mövzuları əhatə edir. İlk kitab 220, son nəşr isə 500 səhifədən ibarətdir. Kitabda erməni dilinin əsas xüsusiyyətləri qeyd olunur, qrammatik dərslərə aid çalışmalar, mətnlər var.

Kitab 5 hissədən ibarətdir və həm kursda, həm də müstəqil istifadə üçün nəzərdə tutulub”.