Mükəmməl işə başlanır

Qarabağda sənaye və tekstil fabrikləri qurulacaq

Bu, bölgədə yeni iş yerlərinin açılmasına çox böyük kömək edəcək

Qarabağda məskunlaşacaq vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə sənaye və tekstil fabriklərinin qurulması planlaşdırılır. Layihənin icrasına dair qurumun nümayəndələri 18-22 yanvar tarixlərində Bakıda olacaqlar və ölkənin səlahiyyətli qurumlarının nümayəndələri ilə görüşəcəklər. Səfər çərçivəsində Milli Məclisin nümayəndələri, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə də görüşlər keçiriləcək.

Layihə ilə bağlı fikirlərini "Şərq"ə bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, Qarabağa köçəcək əhalinin aktivliyi və iqtisadi məşğulluğu üçün bu cür layihələrin icrası təqdirəlayiqdir. Ekspert bildirib ki, həmin bölgədə yeni sənaye müəssisəsinin yaradılması və yeni iş yerlərinin açılması ən önəmli məsələlərdəndir:

"Bu layihənin icrası həm bölgənin iqtisadiyyatının yüksəlməsinə, həm iş yerlərinin yaranmasına, həm də ümumdaxilii məhsulun artım tempinə müsbət təsir göstərəcək amildir.

Sadəcə elə kompleks yanaşma olmalıdır ki, ölkə ərazisində əkilən və becərilən pambığın ölkədən kənara xammal kimi satılmasındansa, onlardan hazır məhsulun istehsalına keçidlə bağlı bir zəncir qurulsun.

Yəni tarladan geyimə qədər olan bir zəncir qurulmalıdır ki, bununla da həm daha çox iş yerlərinin yaradılması ilə bağlı məsələ öz həllini tapsın, həm də maya dəyərinə müsbət təsiri olsun". 

N.Cəfərli əlavə edib ki, yerli xammaldan istifadə etməklə parçaların, ipliklərin toxunulması və ondan hazır məhsul olaraq geyim tekstil məmulatlarının hazırlanması məhsulların maya dəyərinə də müsbət təsir göstərəcək:

"Yəni rəqabətə davam gətirə biləcək qiymətlərin yaranmasına səbəb olacaq. Bu, kifayət qədər ciddi düşünülmüş bir layihədir. Sadəcə bunun yaxşı həyata keçirilməsi vacibdir ki, kompleksli zəncir qurmaq mümkün olsun".