Televiziyalarda olan əvvəlki mənzərə artıq dəyişib

Artıq bəzi kanallarda tətbiq olunmuş qayda-qanunlara qəti şəkildə əməl edilir


Geridə qoyduğumuz il ərzində ölkəmizdə fəaliyyət göstərən televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bəzi tələblərinin pozulması halları baş verib. 
Milli Televiziya və Radio Şurasının (MTRŞ) ötən ilin yekunlarına dair hesabatında bildirilib ki, yayımçılar 
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 40.2.1-1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Himnini hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq səsləndirilməsi, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmaması və digər bunun kimi bir sıra qanunvericilik aktlarını və onların müddəalarını pozublar. 

Tanınmış media eksperti, BDU-nun professoru Qulu Məhərrəmli mövzu ilə bağlı "Şərq"ə danışarkən qeyd edib ki, telekanallar vəziyyətdən nəticə çıxarmalıdır:

"Sözügedən məsələ birbaşa olaraq  Milli Televiziya və Radio Yayım Şurasının səlahiyyətindədir. Bu barədə müvafiq monitorinqlər aparılması nəticəsində nöqsanlar aşkara çıxır.

Belə nöqsanları  telekanallara xatırladanda onlar bundan nəticə çıxarmalıdır. Hər səhər yayıma başlamazdan öncə himnin səsləndirilməsi bir növ ənənədir.

Bu ənənəyə də mütləq şəkildə əməl olunmalıdır. Bəzən himnin səsləndirilməsində texniki problemlər üzə çıxa bilər. Bunu MTRŞ özü də nəzərə alır. Lakin uşaqlarla bağlı məsələlərə olduqca həssas yanaşmaq lazımdır. Azyaşlılar üçün nəzərdə tutulan verilişlərin yayımına verilən tələblərə riayət edilməsi mütləqdir".

Ekspert sözlərinə əlavə olaraq deyib ki, əvvəlki dövrə nisbətən telekanallarda qoyulan tələblərə ciddi əməl edilir:

"Fikrimcə, son zamanlar MTRŞ bu barədə çox intensiv işləyir. Onun xəbərdarlıqları, konkret addımları nəticəsində televiziyalarda olan əvvəlki mənzərə kəskin surətdə dəyişib. Artıq bəzi kanallarda tətbiq  olunmuş qayda-qanunlara qəti şəkildə əməl edilir. Digər televiziya şirkətləri isə əziyyət çəkib nəzərəçarpan pozuntuların dərhal aradan qaldırılması üçün bir sıra tədbirlər görməlidir. Əks təqdirdə bu pozuntular vərdiş halını alır və tamaşaçıları narahat edir".

Aytac Ali