Hər gün güclənməliyik

Hərbi təlimlər Azərbaycanın da, Türkiyənin də maraqlarına tam uyğundur

"Son günlər baş verən proseslərdən görünür ki, Yerevan hökuməti aldığı zərbədən tam nəticə çıxarmayıb. Düşmənin revanş xarakterli davranışlarının şahidi olmaqdayıq"


Türkiyə Silahlı Qüvvələri genişmiqyaslı qış təlimlərinə hazırlaşır. Azərbaycan hərbçilərinin də iştirak edəcəyi təlimlərə snayper komandaları, Xüsusi Təyinatlı Komandanlığın şəxsi heyəti, komando və helikopterlər də qatılacaq. Təlimlər 1-12 fevral tarixlərində Qarsda keçiriləcək. İki ölkənin silahlı qüvvələrinin birgə təlimlərində ortaq hərbi əməliyyatlar təşkil olunacaq və yeni döyüş silahlarını, texnikaları sınaqdan keçiriləcək. Ekspertlərin sözlərinə görə, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri, post-müharibə dövründə hər iki ölkənin yeni siyasi-hərbi çağrışlara hazır olmasının mesajıdır.

Qarsda keçirilən təlimə  Azərbaycan ilk dəfə böyük kolonla, zirehli texnikaların iştirakı ilə qatılacaq. Bu məqam Müzəffər Ordumuzun beynəlxalq səviyyədə güclənməsinin göstəricisidir.

Hər halda Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun ikinci ən güclü qoşunları ilə ortaq təlimlərə qatılması hər baxımdan faydalıdır. Siyasilərin qənaətincə, bu cür təlimlərin davam etdirilməsi perspektivdə Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq. 

İki qardaş ölkənin növbəti hərbi təlimləri ilə bağlı “Şərq”ə danışan AMİP sədri, politoloq Arzuxan Əlizadə deyib ki, Türkiyə ilə Azərbaycan bütün addımları ilə “bir millət iki dövlət” konsepsiyasının doğruluğunu dəfələrlə isbatlayıb. Partiya rəhbərinin sözlərinə görə, sadəcə 44 günlük Vətən müharibəsi zamanı deyil, ondan əvvəl və sonra da Türkiyə hər vaxt Azərbaycanın yanında yer alıb, haqqımızı müdafiə edib:

“Ötən il iyul hadisələrindən sonra Azərbaycanda genişmiqyaslı birgə hərbi təlimlər keçirildi. Ardınca Vətən savaşına başladıq və işğalçı Ermənistanı məğlub edərək torpaqlarımızı azad etdik.

Son günlər baş verən proseslərdən görünür ki, Yerevan hökuməti aldığı zərbədən tam nəticə çıxarmayıb. Düşmənin revanş xarakterli davranışlarının şahidi olmaqdayıq.

Ermənistanda yenidən müharibə çağırışlarını gündəmə gətirən, hərbi ritorikaya üstünlük verən dairələr peyda olub. Azərbaycan tərəfi öz ordusunun döyüş qabiliyyətini daim artırmalı, Silahlı Qüvvələrin güclənməsinə xüsusi diqqət yetirilməlidir. Ordunun gücünü artıran mühüm amillərdən biri hərbi təlimlərdir.

Türkiyə ilə ortaq təlimlərimiz bu məqsədə xidmət edir. Azərbaycan regionda, Türkiyə isə dünyada söz sahibinə çevrilməkdədir. Türkiyə NATO-nun ikinci güclü ordusudur. Azərbaycan Ordusu da yeni silah-sursatla, hərbi texnikalarla, müasir döyüş taktikaları ilə böyük inkişaf yolu qət edib və güclənib”. 

A.Əlizadə vurğulayıb ki, Ermənistanda və regionda cərəyan edən proseslər fonunda Türkiyə ilə ortaq hərbi təlimlər davam etməlidir:

“Qarabağın dağlıq bölgəsinin az bir hissəsinə nəzarət tam olaraq əlimizdə deyil. Rusiya öz qoşunlarını “sülhməramlı” adı ilə həmin əraziyə yerləşdirib. Onlara arxayın olan erməni separatçıları təxribatlara əl atır, “dövlət” qurmaq xülyasına qapılırlar.

Rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, separatçıların istənilən provokasiyası Ermənistanın daha böyük məğlubiyyətlə üzləşməsinə səbəb olacaq. O baxımdan birgə hərbi təlimlər həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına tam uyğundur.

Partiya olaraq hesab edirik ki, qardaş ölkə ilə hərbi-siyasi ittifaq barədə düşünməyin zamanıdır. Çoxları 2010-cu ilin strateji əməkdaşlıq müqaviləsinə istinad edirlər.

Amma hesab edirik ki, qarşıdakı dönəmdə Türkiyə ilə Azərbaycan arasında konkret hərbi-strateji tərəfdaşlıq haqqında saziş imzalanmalıdır.

Dövlətin hərbi rəhbərləri istənilən anda iki ölkənin əsgərlərini yan-yana gətirmək səlahiyyətinə malik olmalıdır. Bölgədə çox ciddi proseslər gedir. Regionda siyasi-iqtisadi maraqları olan qüvvələrin toqquşma ehtimalı qalmaqdadır.

Bir məqamı da diqqətə çatdırım ki, torpaqlarımızı 30 illik əsarətdən sonra düşməndən azad etmiş qəhrəman Ordumuzun təmsilçilərinin əhəmiyyətli hissəsi məhz Türkiyədə hərbi tədris keçmiş hərbçilərdir.

Fikrimcə, qardaş ölkə ilə hərbi təcrübə mübadiləsinin olması zəruridir. Ermənistanla sərhədə yaxın bölgədə, Qarsda keçiriləcək təlimlər birbaşa düşmənə mesajdır”.