Navalnının dönüşü...

Müxalifət lideri böyük elektorata sahib deyil

"Putinin Rusiyada qeyri-məhdud hakimiyyətə malik olduğunu nəzərə alsaq, Navalnının şansı o qədər də böyük görünmür"

Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı Rusiyaya geri dönüb. Müxalif bloger Moskvanın “Şeremetyevo” hava limanındaca hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Navalnı 29 dekabr 2020-ci ildə dələduzluğa görə açılan cinayət işi çərçivəsində saxlanılıb.

Onun təyyarəsi Vnukova hava limanına eniş etməli olsa da, sonradan Şeremetyevoya yönəldilib. Aeroportun yolunu isə polis bağlayıb. Çünki minlərlə şəxs sosial şəbəkədə Navalnını qarşılamağa getdiklərini bəyan ediblər. Siyasətçinin özü də daxil olmaqla ümumilikdə 69 nəfərin həbs olunduğu deyilir. Saxlanılanlar arasında 6 jurnalist də var.

Navalnı rus hərbi-siyasi elitasını ciddi təşvişə sövq edir...

Navalnı ilk dəfə 2013-cü ilin sentyabrında Moskva mer seçkilərində iştirak edib. 27 faiz səs toplasa da, Sergey Sobyaninə uduzub. Bundan sonra hakimiyyətin seçki saxtakarlığı etdiyini və faktiki olaraq daha çox səs aldığını iddia edib. Navalnı sosial şəbəkələrdə də olduqca aktiv fəaliyyət göstərir. O, milyonlarla izləyicisi olan öz bloqundan, “YouTube” və “Twitter” səhifələrindən Rusiya dövlət məmurları barədə korrupsiya ilə bağlı video və sənədlər yayımlayır. 2018-ci ildə prezident seçkilərində namizəd olmaq üçün kampaniyaya başlasa da, Rusiyanın Mərkəzi Seçki Komissiyası namizədliyini qəbul etməyib. Ali Məhkəmə isə müraciətini rədd edib. Navalnı Rusiyada bir neçə dəfə həbs olunub və zəhərlənmə də daxil olmaqla müxtəlif sui-qəsdlərə məruz qalıb. Qalmaqallı siyasətçinin yenidən Rusiyaya dönməsi siyasi qarşıdurmaların və iğtişaşların olacağından xəbər verir. Ekspertlərin fikrincə, Navalnı təkcə Kreml rəhbərini deyil, Rusiyanı pərdə arxasından idarə edən hərbi elitanı da narahat edir. Ona görə də Navalnıya qarşı bütövlükdə sistem mübarizə aparır. 

“Navalnı həbs ediləcəyini bilə-bilə qayıtdı...”

Navalnının zəhərlənməsi ilə bağlı araşdırmanın müəllifi olan jurnalist Xristo Qrozev deyib ki, müxalif bloger Rusiyaya qayıdacağı halda həbs ediləcəyini özü də bilirdi. Onun sözlərinə görə, Navalnı həbsinə və uzun müddət həbsdə qalacağına hazır idi. O, Navalnının siyasətçi kimi fikirləşdiyini bildirib: “Əgər o, ata və ya həyat yoldaşı kimi görünsəydi, Almaniyada qalardı. Burada özünün siyasi işini təşkil edər və sonra geri dönərdi. Navalnı Almaniyada daha bir neçə ay qalsaydı, onu Rusiyada Qərbə satılan insan kimi təqdim edərdilər. Mən onu başa düşürəm. O, Rusiyada olmalıdır ki, burada onunla siyasətçi kimi hesablaşsınlar”. Qrozev Navalnı ilə daha bir hesablaşma cəhdinin olacağını bildirib.

ABŞ-dan Rusiyaya sərt tələb: “Dərhal və qeyd-şərtsiz...”

ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanın müxalifət lideri Aleksey Navalnının saxlanılması ilə əlaqədar açıqlama verərək rəsmi Moskvaya reaksiya göstərib. O, Vaşinqton hökumətinin müxalifət liderinin saxlanılmasını qınadığını bildirib: “Navalnının tutulmasını şiddətlə qınayırıq. Biz Navalnının dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edirik”. O, seçki prosesi zamanı Rusiyadakı bütün siyasi partiyalar və namizədlərə yer açılmalı olduğunu bildirib. 

“Navalnının “Kreml layihəsi” olduğu ilə bağlı versiyalar var”



Müxalif blogerin Rusiyaya dönüşünü və həbsini “Şərq”ə dəyərləndirən Azər Rəşidoğlu deyib ki, Navalnı zəhərlənəndən sonra Rusiyanın əsas müxalifət lideri statusunu qazanıb. Siyasi şərhçinin sözlərinə görə, Navalnı Moskvaya qayıdan kimi həbs ediləcəyini yaxşı bilirdi:

“Həbsi ona Putinin başlıca rəqibi və əzabkeş müxalifətçi lideri statusu üçün lazım idi. Bir siyasətçi kimi Aleksey Navalnı nə istədiyini bilir. Lakin Navalnının siyasi elektoratı böyük deyil.

Ölkədə yeganə müxalif lider hesab olunsa da, Putinlə müqayisədə zəif rəqib təsiri bağışlayır. Prezident Putinin əlində olduqca böyük resurslar var”.

Analitikin sözlərinə görə, Putin Navalnını ciddi rəqib hesab etmir: “Elə buna görə də, Navalnının məhz “Kreml layihəsi” olduğu ilə bağlı versiyalar irəli sürülür. Qərbin bəzi dairələri isə Navalnını Putinin alternativi və Rusiyanın yeni lideri kimi qəbul edir. Onun şansı da məhz “Qərbin adamı” olmasındadır.

Putinin Rusiyada qeyri-məhdud hakimiyyətə malik olduğunu nəzərə alsaq, Navalnının şansı o qədər də böyük görünmür. Bu baxımdan, mübarizənin qalibinin Putin olacağı ehtimal edilir.

Lakin Rusiyada yeni bir lider də meydana çıxa bilər. Daha güclü lider siyasətə gələrsə, Navalnının şansları daha da azalar”.