Şərtlər dəyişir: “Sülhməramlılar ermənilərin qarşısını alacaq” – Əzələ nümayişi! 

“Rus hərbçilər qarşılarında başqa bir güc görəndə avtoritar siyasətdən əl çəkib, diplomatik qaydalara əməl etməyə başlayacaqlar”

“Odur ki, səbrsizliklə türk sülhməramlılarının bölgəyə yerləşməsini gözləyirik”

Əlbəttə, birinin uğuruna ən çox sevinən həmişə onun qardaşı olur. Biz bunu Azərbaycanın qazandığı tarixi zəfər zamanı Türkiyənin reaksiyalarından, o cümlədən dəstəyindən gördük. Lazım olan ancaq mənəvi dəstək idi. Sağ olsunlar, bunu artıqlaması ilə göstərdilər. Müharibənin ilk günlərindən etibarən ürəkləri bizimlə, əlləri çiyinlərimizdə idi.

 Hətta günü bu gün də müharibədəki qələbəmizdən danışırlar. Özü də ağızdolusu, gözləri gülərək. Türkiyəli jurnalist, siyasi analitik Volkan Aydemir isə digərlərindən daha çox sevinir. Çünki o, həm də Türkiyənin Kocaeli Derincə Azərbaycan Evi Dərnəyinin rəhbəridir. Yəni həqiqətlərimizə kifayət qədər bələd olan, hadisələri yaxından izləyən insandır. Odur ki, “Sherg.az” olaraq Azərbaycanı özünə ikinci vətən bilən Volkan bəylə əlaqə saxlayıb, söhbətləşdik:

- Tarixi zəfərimizi necə qiymətləndirirsiniz?

- Azərbaycan silahlı qüvvələri İkinci Qarabağ müharibəsində həqiqi bir dastan yazdı. Siz çox qısa zamanda mürəkkəb relyefə sahib ərazinizi geri aldınız. Beləliklə, Azərbaycan müdrik Ali Baş Komandana, peşəkar və yüksək döyüş qabiliyyətinə malik orduya malik olduğunu dünyaya göstərdi.

- Bu zəfərdə jurnalistlərin, medianın rolu nədən ibarət idi?

- İnformasiya dövründə olmağımızla əlaqədər dünyanın istənilən nöqtəsindəki xəbərə internet vasitəsilə çata bilərik. Deməli, birbaşa mənbədən gələn xəbərləri ictimailəşdirmək mümkündür. Bu işi görən isə jurnalistlərdir. Biz bunu təkcə İkinci Qarabağ savaşında deyil, həm də Xocalı qətliamında, vaxtı ilə torpaqlarımızın işğalı vaxtında da görmüşdük. Məhz mətbuat işçilərimizin fəaliyyəti nəticəsində dünya ictimaiyyəti daha ermənilərin göz yaşlarına inanmır və Azərbaycanın haqq davasına dəstəkləyənlərin sayı günü-gündən artır.

- Bildiyiniz kimi, 10 noyabr bəyanatının şərtlərinə əməl edilmir. Rus sülhməramlıları açıq-aydın tərəf tutur. Belə bir vəziyyətdə biz nə etməliyik?

- Bəli, razılığa nəzəriyyədə əməl edilsə də, praktika başqa şeyi göstərir. Bunun səbəbi isə rus əsgərlərinin ermənilərə qarşı simpatiyası, tarixi və dini yaxınlıqları və regionda hələlik tək olmalarıdır. Qarşılarında başqa bir güc görəndə avtoritar siyasətdən əl çəkib, diplomatik qaydalara əməl etməyə başlayacaqlar. Odur ki, biz səbrsizliklə türk sülhməramlılarının bölgəyə yerləşməsini gözləyirik.

- Yəni bundan sonra vəziyyət dəyişəcək?

- Əlbəttə. Beləliklə, 10 noyabr şərtlərinə əməl edilməsi və rus əsgərlərinin mühafizəsində olan ermənilərin “şıltaqlıqlarının” qarşısının alınması təmin olunacaq. Yəni şərtlər dəyişəcək.

- Ermənistan baş naziri Nikol Paşinyan yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşdə məsələnin hələ bitmədiyini deyib. Sizcə, bu, nəyə işarədir?

- Onu qarşıda çox çətin aylar gözləyir. Öz ölkəsindəki seçimlərdə səs qazanmayacaq vəziyyətdədir. Erməni diasporu və rus hakimiyyəti Paşinyanı istəmir. Ancaq Qərb ölkələri, o cümlədən Avropa Birliyi erməni baş naziri dəstəkləyir. O da müəyyən qədər. Baş nazirin belə davranışları isə səs qazanmağa hesablanıb. Hər halda Ermənistan ordusu və diasporu növbəti savaşa yaxın vaxtlarda başlamaz. Fəqət yenə də diqqətli olmaq lazımdır.

- Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın anonsunu verdikləri altılıq platforması barədə nə düşünürsünüz?

- Bu fikir illər əvvəl 3+3 kimi ortaya çıxmışdı. Yəni Rusiya, Türkiyə və İran birləşib Azərbaycan, Gürcüstan, Ermənistan problemini həll etməli idilər. İndi iki ölkə rəhbərlərinin bu məsələni müzakirə etməsi onların bir-birilərinə verdikləri dəyərdən irəli gəlir.

- Ermənistanın həmin platformada yer alması nə qədər realdır?

- Əslində daha maraqlısı İrandır. Belə ki, əgər rəsmi Tehran buna razı olsa, onun strateji tərəfdaşı Ermənistan da avtomatik “hə” deyəcək.

- Dünya Azərbaycan və Türkiyə qardaşlığından dərs çıxaracaq?

- Bəli, dünya bundan dərs çıxarır. Amma  vacib olan çıxarılan dərsin bizə təsiridir. Əlbəttə, qardaşlığımızı dəstəkləyənlər də, paxıllıq edənlər də var. Deməli, hər iki ölkənin xarici işlər nazirliklərinin və cəmiyyətin üzərinə böyük məsuliyyət düşür.

- Mütəxəssislər iki ölkə arasında ortaq media platformasının yaranmasının əhəmiyyətindən danışırlar. Belə bir layihə bizə nə verəcək?

-İki ölkənin KİV-i arasında əlaqələr mütləq olmalıdır. Amma ortaq media quurluşu, məncə, kifayət etməz. Ən azından media quruluşunun ən yuxarı səviyyəsi olan xəbər agentliyi yaradılmalıdır. Ora peşəkarlar dəvət edilməlidir. Yalnız informasiyanın çatdırılmasına deyil, eyni zamanda təhlilə, multimedia vasitələrindən istifadəyə diqqət yönəlməlidr. Əgər bu media platforması professional səviyyədə qurulsa, iki ölkə arasındakı iqtisadi, siyasi və mədəni əlaqələr bizi dünya dövlətləri arasında ən yuxarı zirvəyə apara bilər.