MEDİA - nın səlahiyyətləri genişdir ! - “Mətbuatda səliqə-sahman yaradılacaq”


Yeni yaradılan Media İnkişaf Agentliyi (MEDİA) Azərbaycan mətbuatının zamanla ayaqlaşması, informasiya texnologiyalarının gətirdiyi yeniliklərə uyğunlaşması baxımından olduqca önəmlidir. 
Bu mənada Prezident İlham Əliyevin fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında yaradılan MEDİA-dan gözləntilər böyükdür. Ekspertlər hesab edir ki, yeni Agentlik medianın saflaşması, ölkədə  jurnalistikanın inkişafı, peşəkar media nümayəndələrinin formalaşması, media quruluşlarının biznes modelinə keçməsi cəhətdən mühüm töhfələr verə bilər.

Onların fikrincə, Agentlik mediadakı rəqabətliliyi, keyfiyyət standartlarını təmin edə biləcək layihələr icra etməklə dövlətin mətbuata uğurlu dəstək modelinə çevrilə bilər. 

MEDİA-nın yaradılmasının mühüm addım olduğunu deyən “APA Holdinq”in baş direktoru Vüsalə Mahirqızı “Sherg.az”a bildirib ki, yeni qurum mətbuatın fəaliyyətinə dəstək verəcək:

“İlkin mərhələdə qanunda yenilənmə olmalıdır. İnternet və sosial media ilə bağlı qanunvericilikdə dəyişiklik  öz əksini tapmalıdır. Onlayn media subyektlərinin statusu və fəaliyyətinə dair məsələlər də həll edilməlidir. Ən vacib məsələlərdən biri də jurnalistlərin vahid “press-kart”la təmin olunmasıdır. Jurnalistlərlə bloqer və aktiv sosial şəbəkə istifadəçiləri arasında fərq olmalıdır. Jurnalistin “immunitet”i var, hər kəs budan istifadə etməməlidir”.

V.Mahirqızının fikrincə, agentlik jurnalistlərlə dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələri arasındakı kommunikasiyanın daha ciddi təşkil edilməsində iştirak etməlidir:

“Əlbəttə ki, qurumun fəaliyyət proqramında jurnalistlərin peşəkarlığının artırılması qeyd olunub. Sadaladığım məsələlər öz həllini tapandan sonra maliyyə resurslarının artırılması üçün müəyyən dəstəklərin verilməsi, reklam bazarı ilə bağlı təkliflərin nəzərə alınması və.s problemlər tənzimlənəcək. Əslində qurumun səlahiyyətləri çox genişdir. İnanıram ki, ilk mərhələdə mediada səliqə-sahman yaradılacaq, bundan sonra digər məsələlərlə məşğul olunacaq”.