Müsəlmanlara dəstək vermək daha ləyaqətli yoldur

Fazil Mustafa deyib ki, Prezidentin Şuşada verdiyi mesajlar konkret ünvanlarına çatdı

Prezident İlham Əliyev Şuşa şəhərinə səfəri çərçivəsində Ermənistanla dostluq edən müsəlman ölkələrinə də mühüm mesajlar verib. Dövlət başçısı vurğulayıb ki, Ermənistan vandalizmi, irqçiliyi, etnik-dini dözümsüzlüyü dövlət siyasətinə çevirmiş islamofob ölkədir. Ermənilər məscidləri, dini abidələri dağıdıb, viranə qoyublar. Müqəddəs məbədlərdə donuz saxlayıb, təhqir ediblər. Ölkə rəhbəri vurğulayıb ki, müsəlman dini abidələrini təhqir edən Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz:

“Ermənistanla dostluq edən müsəlman ölkələrin liderləri isə öz xalqlarına cavab verməlidir. Bu ölkəni dost ölkə kimi qəbul etmək riyakarlıqdır, Allahsızlıqdır”. Prezident sərt formada erməni vandalizminin dini abidələrə qarşı yönəldiyini söyləyib. Ermənistanın özünü müsəlmanların “dostu” kimi təqdim etməsinə diqqət çəkib: “Müsəlman ölkəsinin mütəxəssisləri Azərbaycanın icazəsi olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturublar. Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub məscidi guya təmir ediblər. Yuxarı Gövhərağa məscidinin Ermənistan tərəfindən “təmiri” riyakarlıq rəmzidir”. 

Dövlət başçısının diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən millət vəkili Fazil Mustafa deyib ki, Prezidentin xəbərdarlığı Ermənistanla açıq və gizli münasibət saxlayan bütün dövlətlərədir. Deputatın sözlərinə görə, dövlət başçısı tərəfindən konkret ölkə adlarının çəkilməsi müəyyən problemlərə səbəb ola bilərdi:

“Prezidentin öz sözləri ilə nəyə işarə etdiyi hər kəsə bəlli idi. Dövlət başçısı islam ölkələrinin müsəlman xalqlarına müraciət etdi ki, əgər sizin üçün ortaq dəyər islam dini və məsciddirsə, Qarabağdakı ibadət məbədlərini xarabalığa çevirən zehniyyətlə necə yaxınlığınız ola bilər?! Hansısa xarici ölkədə Məhəmməd Peyğəmbərin karikaturasını çəkənə, əleyhinə məqalə yazana dərhal “ölüm hökmü” verirsiz. Amma məscidləri dağıdanla, orada donuz saxlayanla dostluq edirsiniz.

Bunun izahı varmı? Prezidentin ifadələri çox məntiqli ritorikaya söykənirdi və tezliklə öz təsirini göstərməlidir. Bir çox ölkələr hansı dəyərləri qabartmağın daha sonra özləri üçün problemə çevriləcəyini anlamalıdırlar. Guya, islamı müdafiə etdiklərini, din yoluyla getdiklərini iddia edənlər müsəlmanlığa zidd davranışlarını məhz Ermənistana münasibətdə ortaya qoyurlar”. 

Parlament üzvü vurğulayıb ki, prezidentin ifadələri konkret bir yox, bir neçə ünvana idi:

“Məncə, mesajlar öz ünvanına çatdı. Bildilər ki, dövlət başçısı konkret olaraq hansı zidd davranışları nəzərdə tutur. Kimsə gəlib ermənilərlə birlikdə guya məscid “təmir” edir. Əgər işğal altındakı torpaqda müsəlman namaz qıla bilmirsə, sən hansı adla bu məscidi təmir edirsən?! Kimdən icazə almısan?

Prezident gələcəyə yönəlik mesajlar verdi ki, kimsə özünü kəklik quşu kimi “heç bir tərəfim görünmür” deyə gizli zənn etməsin. Hər şey aydın görünür və hamının mövqeyi bilinir. Bu cür mövqe islam prinsiplərinə, müsəlman dəyərlərinə zidd olduğuna görə, uzaq durmaq lazımdır.

Qardaş dedikləri müsəlmanlara dəstək vermək onlar üçün daha ləyaqətli yoldur”.