Dələduzların tələsinə düşənlər prokurorluğa məlumat verməlidir


"İstənilən halda kibercinayətkarlıqla məşğul olan şəxslər cinayət törətmiş hesab olunur"

İnternet vasitəsilə alış-veriş zamanı dələduzluq hallarının sayı son vaxtlar artıb. Onlayn alqı-satqı səhifələrində yaxud saytlarda insanlar müxtəlif məhsulların satışını həyata keçirən zaman kiberdələduzların tələsinə düşür. 
NRYTN-in verdiyi məlumata görə, bir qrup şəxs qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə "Azərpoçt" MMC-nin rəsmi saytına oxşar saxta saytlar açıb. Həmin şəxslərin hədəfi isə müxtəlif alış-veriş saytlarında onlayn alqı-satqı ilə məşğul olan insanlardır.  

Dələduzlar alıcı qismində saxta "WhatsApp" nömrələrindən onlara yazıb, məhsulu almaq istədiyini söyləyir və ödənişin həyata keçirilməsi üçün satıcıdan "Azərpoçt" MMC-nin adına açılan saxta sayta daxil olmasını istəyir. Növbəti mərhələdə isə kart hesabı məlumatlarını tələb edir.
Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə balansında olan vəsait kiberdələduzların əlinə keçir. 

Mövzu ilə bağlı "Şərq"ə danışan media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib ki,  kiberdələduzluqla məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir:

"Azərbaycan Respublikası qanunvericiliyinə əsasən istənilən halda kibercinayətkarlıqla məşğul olan şəxslər cinayət törətmiş hesab olunur. Buna görə də onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əgər bu dələduzların tələsinə düşən insanlar varsa, həmin şəxslər mütləq şəkildə bu haqda prokurorluğa məlumat verib, şikayətlərini bildirməlidirlər. Bu zaman kibercinayətkarlıqla məşğul olan adamlar barəsində cinayət işi başlanılır. Əgər kiberdələduzlar ölkə xaricində bu fəaliyyət ilə məşğul olursa, yaşadıqları ölkənin hüquq-mühafizə orqanları ilə koordinasiya şəkildə onların müəyyən edilib məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlər həyata keçirilir". 

Aytac Ali