Korrupsiya ilə mübarizə asanlaşıb

Artıq xalq-iqtidar birliyi, rəhbər-cəmiyyət həmrəyliyi çox güclüdür

Məhərrəm Zülfüqarlı: "Prezidentin komandasında xeyli gənc kadrlar var. Gənclər keçmiş dövrün zərərli psixologiyasından uzaqdır"

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində növbəti dəfə qanunsuz fəaliyyətlə məşğul olan, etimadı doğrultmayan məmurlara, yüksək vəzifə sahiblərinə xəbərdarlıq edib. Dövlət başçısı bildirib ki, ölkənin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Ölkə rəhbəri vurğulayıb ki, bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır və qeyri-ədalətli şəkildə bölünür: “O cümlədən, su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin”.

Xatırladaq ki, son illər ərzində dövlət başçısının birbaşa rəhbərliyi və nəzarəti ilə ölkədə neqativ əməllər törədən məmurlara, korrupsioner vəzifə sahiblərinə qarşı çoxsaylı əməliyyatlar keçirilib. Paytaxtda və ölkənin müxtəlif bölgələrində rüşvətlə vətəndaşları bezdirən, kasıb-kusubun malına göz dikən, harınlıq edən bəzi icra başçıları, məmurlar vəzifədən uzaqlaşdırılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Dövlət başçısı müsahibəsində təmizləmə işinin sonadək davam edəcəyinin anonsunu verdi. 

Prezidentin diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən professor Məhərrəm Zülfüqarlı deyib ki, Prezident İlham Əliyev 2003-cü ildən Azərbaycana rəhbərlik edir. Ekspertin sözlərinə görə, 17 il ərzində ölkə başçısı daim korrupsiyaya qarşı mübarizə aparıb. Lakin əfsuslar olsun ki, bizdə rüşvətin kökünü kəsmək mümkün olmayıb:

“Azərbaycan sovet rejimindən çıxıb. Sovet vaxtı korrupsiya baş alıb gedirdi. Ali məktəblərə qəbulu ona görə test üsuluna keçirtdilər ki, savadsız uşaqlar rüşvət verərək universitetlərə qəbul olurdular. Bilikli gənclər isə kənarda qalırdı. Ötən müddət ərzində korrupsiyaya qarşı mühüm addımlar atılıb, tədbirlər görülüb. Son dövrlərdə mübarizə daha da gücləndirilib və miqyası genişləndirilib. 44 günlük Vətən müharibəsindən sonra cənab Prezidentin, Ali Baş Komandanın reytinqi həm regionda, həm də dünyada həddindən ziyadə yüksəldi. Prezidentimiz dünyada ən reytinqli liderlərdən biridir. Ölkə rəhbəri bunu öz fəaliyyəti ilə sübuta yetirib.

Ancaq çox təəssüflər olsun ki, bir sıra məmurlar Prezidentimizə layiq deyil. Əvvəlki sistemə öyrəşmiş köhnə təfəkkürlü məmurlar yeniləşə, müasirliyə ayaq uydura bilmirlər. Torpaq sahələrini satmaq, qəsb eləmək, rüşvət almaq, özbaşınalığa yol vermək, insanların haqqını tapdalamaq onlar üçün adi vərdişə çevrilib.

Sovet rejimində olduğu kimi Allahsız ideologiyanın təsirindən çıxa bilmirlər. Əlbəttə, belə məmurlardan tezliklə xilas olmaq şərtdir. Görürsüz, Prezidentin komandasında xeyli gənc kadrlar var. Gənclər keçmiş dövrün zərərli psixologiyasından uzaqdır”.

M.Zülfüqarlı vurğulayıb ki, korrupsiyaya bulaşmamış, intellektual gənclərin yeni vəzifələrə təyin olunması sevindirici haldır:

“Təbii ki, mən korrupsioner ailədə böyümüş gənclərdən danışmıram. Onlar ailədə necə “tərbiyə” görübsə, o cür davam edəcəklər. Korrupsiya qlobal problemdir və biz də dünyanın bir parçası kimi rüşvət faktoru ilə mübrizə aparırıq. Dövlət başçısı məmurlara mesaj verdi ki, artıq xalq-iqtidar birliyi, rəhbər-cəmiyyət həmrəyliyi çox güclüdür. Korrupsiyaya qarşı mübarizədə bu amil əsas rol oynayır. İndi elə bir dövrdür ki, heç kimin neqativ əməli gizli qalmır. Kimsə hardasa rüşvət alan kimi görüntülər sosial şəbəkədə yayılır. Neqativ əməllər törədən məmurların ifşası çox asanlaşıb”.

Ekspert bəyan edib ki, islahatlar, xüsusən kadr dəyişiklikləri bundan sonra da davam edəcək:

“İşğaldan azad edilmiş ərazilərimizdə dövlət işlərinə milli kadrlar təyinat almalıdır. Vətən və bayraq hissi güclü olan şəxslər idarəetmədə önə çəkilməlidir. İnanmıram ki, milli ruhlu insan rüşvətə bulaşsın. Çünki onlar fərqindədir ki, Vətən torpaqları şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına düşməndən azad edilib. Rüşvətxor məmur isə öz var-dövlətindən ötrü Vətəni də satar, torpağı da”.