Azərbaycana Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər gəldi

Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə 20 yanvar 2021-ci il tarixində Türkiyədən dəvət olunmuş mütəxəssislər ölkəmizə gəlib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
FHN-nin dəvəti ilə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardımçı olacaqlar.

Eyni zamanda, qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin Fövqəladə Hallar Nazirliyinin psixoloq-mütəxəssisləri ilə birgə fəaliyyət göstərməsi, həmçinin təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib, ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.