Şəhid atası qürurludur!- “Oğlum 20 yaşında adını tarixə yazdı”

Rəsmi məlumatlara görə, şəhidlərimizin sayı artıq 2855-dir. Bu isə o deməkdir ki, on minlərlə insanın gözü yaşlıdır. Bir o qədəri sarsılmış vəziyyətdədir. Amma istisnasız olaraq hər kəs - bütün Azərbaycan təşnə qaldığımız tarixi zəfəri indiyədək qeyd edir. Əlbəttə, buna görə ilk növbədə qəhrəmanlarımıza borcluyuq. 



Odur ki, “Sherg.az” olaraq onları ictimaiyyətə tanıtmağa davam edirik. Şəhid Fərid Hüseynzadənin atası Eldəniz bəy bizimlə söhbətində oğlu barədə bunları deyib: 

“2002-ci ilə anadan olub. Orta təhsilini başa vurandan sonra 2020-ci ilin iyulunda hərbi xidmətə çağırılıb. Beyləqandakı N saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsində döyüşüb.

Oktyabrın 14-də  Füzuli istiqamətindəki hərbi əməliyyatlarda qəlpə yarası alaraq şəhadətə qovuşub. Əlbəttə, övlad  itkisi ağırdır.

Amma oğlumla fəxr edirəm. O, cəmi iyirmi yaşında adını tarixə yazmağı bacardı”.