Arxayınlaşmaq olmaz ! – "Qələbə diplomatik sferada da rəsmiləşdirilsin"

“Ermənistan “boş qabdan səs çox çıxar” prinsipilə hərəkət edərək ağlayıb-sızlayır və dünya ictimaiyyətini çaşdırır”

“Təəssüflə deməliyəm ki, Fransa başda olmaqla bir çox ölkələr artıq işğalçıya inanmağa, hətta onu dəstəkləməyə başlayıblar”

“Məhz belə məqamda Türkiyə ilə Azərbaycanın media quruluşlarının birgə fəaliyyəti gündəmə gəlir”


Tanınmış hərbi diktor, ifaçı Şəmistan Əlizamanlının mahnılarından birindəki “…Türk deyil ki, öz qanından qorxan türk” cümləsi son vaxtlar tez-tez yadıma düşür. Biz bu teoremi ayrı-ayrı vaxtlarda dəfələrlə sübut etmişik. Növbəti zəfər yürüşümüz- İkinci Qarabağ müharibəsi də belə tarixi günlərdən idi. Kədərləndik, həyəcanlandıq, sevindik…Və bu cür anların hər birində qardaş türklər yanımızda oldular, emosiyalarımıza şərik çıxdılar. Türkiyənin TRT kanalının keçmiş müxbiri, hazırda təqaüddə olan jurnalist Şeref Yiğit də ölkəmizdə baş verən hadisələri yaxında izləyib. O, barədə “Sherg.az”a danışarkən qələbəmizlə fəxr etdiyini deyib: 

“Mən Ermənistanın Qarabağı işğal etməsindən sonra Bakıda iki il çalışdım. Yerindən-yuvalarından didərgin salınmış insanları şəxsən tanıdım. Qardaşlıq bir kənara, içində azacıq vicdan olan heç kim bu zülmə qarşı səssiz qala bilməzdi. Bilirik ki, Ermənistan o vaxtkı vəziyyətdən və əlbəttə, Rusiyanın da dəstəyindən yararlanaraq torpaqlarınızın iyirmi faizini işğal etmişdi.

Bu işğalla barışılmayacağını, qardaş Azərbaycanın bir gün ayağa qalxacağını bilirdim. Doğrudan da, siz keçən on illiklər ərzində iqtisadi və hərbi cəhətdən güclənərək torpaqlarınızı azad etməyi bacardınız. Bunu mütləq deməliyəm ki, Azərbaycan ordusunun müharibədəki qələbəsi Türkiyəyə də böyük sevinc və həyəcan yaşatdı. Hamımızı qürurlandırdı. Əlbəttə, mən də qələbənizi sosial media və televiziyadan izlədim.

Amma təəssüf ki, biz türklərin ən böyük çatışmazlığı hərb meydanında əldə etdiyimiz uğuru bir çox hallarda diplomatik sferada rəsmiləşdirə bilməməyimiz olub. Bu, erməni soyqırımı yalanları və haqlı digər mübarizələrimizdə üzə çıxıb.

Əvəzində ermənilər illərlə soyqırıma məruz qalınıbmış kimi davranaraq özlərini zərərçəkmiş qismində təqdim etməyi bacarıblar. Əlbəttə, burada bir çox ölkələrin erməni yalanlarını dünəndən qəbul etməyə hazır olduqları mühüm faktdır. Deməli, indi torpaqlarımızı azad etdiyimizə görə arxayınlaşmalı deyilik”.

Jurnalistin fikrincə, ehtiyatı əldən vermək olmaz. O, bu məsələdə mətbuatın rolunu xüsusi qiymətləndirir: 

“ Ermənistan “boş qabdan səs çox çıxar” prinsipilə hərəkət edərək ağlayıb-sızlayır və dünya ictimaiyyətini çaşdırır. Təəssüflə deməliyəm ki, Fransa başda olmaqla bir çox ölkələr artıq işğalçıya inanmağa, hətta onu dəstəkləməyə başlayıblar. Məhz belə məqamda Türkiyə ilə Azərbaycanın media quruluşlarının birgə fəaliyyəti gündəmə gəlir. Ermənistanın informasiya məkanındakı təxribatlarının qarşısını almağa və dünya ictimaiyyətinə həqiqətin çatdırılmasına ehtiyac var. Qarabağı boşaldarkən Azərbaycan əsgərlərinin göstərdiyi humanist münasibət dünyaya kifayət qədər çatdırıla bilibmi? Məncə, yox. Hər halda iki ölkə KİV-i arasındakı koordinasiyalı fəaliyyət beynəlxalq münasibətlərdə ciddi dəyişikliklərlə nəticələnə bilər.

Fikrimcə, bir ölkənin yeraltı və yerüstü sərvətlərə malik olması böyük avantaj olmaqla yanaşı, həm də arzuedilməzliklərə yol aça bilir. Çünki bu sərvətlər qlobal güclərin diqqətinin bizə yönəlməsinə səbəb olur.

Yəni müəyyən qüvvələr sahib olduqlarımızı bizimlə bölüşməyə çalışır. Orta Şərqdə baş verənlərin təməlində dayanan da məhz budur.

Ümumiyyətlə, Orta Şərq və Cənubi Qafqaz kimi ərazilər imperialist güclər üçün “yağlı tikə”dir. Bax, məhz bu nöqtədə region ölkələrinin reaksiyaları və uğurlu diplomatik addımlar həlledici rol oynayacaq. Azərbaycan hakimiyyətinin bu məsələdə lazımi addımlar atacağına ürəkdən inanıram.

Eyni zamanda Azərbaycanın yaxın gələcəkdə regionda əhəmiyyətli bir güc mərkəzi olacağına  əminəm. İkinci bir tərəfdən, Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq yaxın gələcəkdə Orta Asiyayadək uzanan Türk birliyinin təməli olacaq”.