Pakistanlı analitikdən iddia: ”Ermənistan yeni plan izində...” – Revanşa hazırlaşır?

“Paşinyanın Moskva görüşündəki açıqlaması, həqiqətən, şübhə doğurur”

“Müqavilə, bəlkə də, sadəcə vaxt qazanmağa,  o cümlədən texnika və canlı qüvvə cəhətdən güclənməyə hesablanıb”

“Həmçinin Paşinyanın rəqibi Vazgen Manukyan hakimiyyətə gələcəyi təqdirdə, torpaqları geri alacağını və guya Azərbaycana “dərs verəcəyini” vəd edir”


Zalımlar da, zülmə məruz qalanlar da bütün tarix boyu olub. Yəqin, bunda sonra da olacaq. Amma keçmişdən çıxardığımız bir nəticə də var- qisas qiyamətə qalmır. Ədalət mütləq nə vaxtsa bərpa olunur. Biz bunu Azərbaycan xoronologiyasına qızıl hərflərlə yazılmış 2020-ci ildə çox aydın gördük. Otuz il əvvəl havadarlarına güvənərək torpaqlarımızı işğal edən, qətliamlar törədən nankor qonşularımız ermənilər üçün çərxin fələyi artıq çevrilib. İndi vəhşiliklərinin cavabını verirlər. Özü də təkcə Azərbaycan yox, bütün bəşəriyyət qarşısında.

Torpaqlarımızı artıq azad etmişik. İndi qalıb düşmənin beynəlxalq hüquq qarşısında cavab verməsi. Əlbəttə, ən yaxın zamanda bu da olacaq. Amma o vaxtadək gərək arxayınlaşmayaq, haqq savaşımızdan dönməyək.

 -Pakistanlı siyasi analitik Əşfəq Əhməd Qarabağ müharibəsi və onun fonunda baş verən siyasi proseslərlə bağlı “Sherg.az”ın suallarını cavablandırarkən vəziyyətin xeyrimizə olduğunu konkret faktlarla əsaslandırıb:  

-Müharibə niyə məhz indi başlandı?

-Ermənilər dörd il əvvəlki Aprel döyüşlərində uduzmuşdular. Sizin qələbəniz Ermənistan hakim dairələrində rüsvayçılıq və beynəlxalq miqyasda ikrah yaratdı. Onlar alçaldılar. Ümumiyyətlə, 30 il əvvəl ermənilərin qanunsuz olaraq sizin torpaqlarınıza sahib çıxması onlarda yanlış təsəvvürlər formalaşdırmışdı. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan “fəal çəkindirmə” adlanan yeni strategiya hazırlamışdı. Əslində bu hələ bir neçə il əvvəl, itirilmiş əraziləri, yəni Azərbaycanın azad etdiyi torpaqları geri qaytarmaq məqsədilə ortaya atılmışdı. İkinci bir tərəfdən isə düşmən yeni ərazilər tutmaq üçün müharibə ocağını da dəyişmək istəyirdi. Tonoyan bunu “Yeni ərazilər naminə yeni müharibə” adlandırırdı. 2020-ci ildən etibarən Ermənistanda vəziyyət sürətlə pisləşdi. Müxtəlif səbəblərdən, o cümlədən COVİD-19 xəstəliyindən ölənlərin sayı 30 mini keçdi. Müxalifət baş nazir Nikol Paşinyan administrasiyasını sərt tənqid etməyə başladı. Ölkənin ÜDM 3,5 faiz aşağı düşdü, işsizlik artdı. Beləliklə, Ermənistan iqtidarı əhalinin diqqətini yayındırmaqdan ötrü Azərbaycanın şimal-qərb bölgəsində təxribata başladı. Qarşı tərəf Bakı-Tbilisi- Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, və Avropa ilə Asiya arasındakı enerji-nəqliyyat dəhlizini hədəf alaraq sizin üçün də daxili böhran yaratmaq niyyətində idi.

-10 noyabr bəyanatını necə qiymətləndirirsiniz?

-“Atəşkəs sazişi” adlandıra biləcəyimiz bu razılaşma hər üç tərəfə- həm Azərbaycana, həm Rusiyaya, həm də Ermənistana təsir göstərdi. Etiraf etmək lazımdır ki, Kreml istədiyini elədi. Rəsmi Bakı qələbə qazandı. Düşmən isə açıq-aydın məğlubiyyətə uğradı. Atəşkəs razılaşması sizin Qarabağa nəzarətinizi təsdiqlədi. Həmçinin üç rayonu bircə gülləsiz azad etdiniz. Prezident İlham Əlyevin bu bəyanatın tarixi əhəmiyyətə malik olduğunu bildirməsi heç də təsadüfi deyil.. Ümumiyyətlə, dövlət başçınız çox uzaqgörən siyasət yeritdi. O, işğal altındakı ərazilərin böyük əksəriyyətini geri qaytarmasına və hələ kifayət qədər gücünün olmasına rəğmən, rasional qərar qəbul etdi. Məsələnin sülhlə bitməsinə çalışdı və bunu bacardı. Beləliklə, Prezidentinizin beynəlxalq aləmdəki nüfuzu daha da artdı. O, çox məsuliyyətli lider və siyasətçidir. İlham Əliyevin erməniləri sizinlə dinc və sülh şəraitində yaşamağı əsla və əsla Bakının zəifliyi kimi qəbul edilməməlidir. Ermənistan növbəti “dəmir yumruğu» görmək istəmirsə, emosiyaya yox, reallığa tabe olmalıdır.

-Müqavilənin Ermənistana təsiri nədən ibarət oldu?

-Dediyim kimi, düşmən çox şey itirdi. Baş nazir Paşinyan bəyanatı özü və erməni xalqı üçün əbəs yerə “ağrılı razılaşma” adlandırmır. Bu, daxildə hiddət yaratdı. Camaat hökumətə qarşı çıxdı, Paşinyanı istefaya çağırdılar, hətta baş nazir əleyhinə sui-qəsd planları hazırlandı. Üstəgəl, etirazçılar parlament binasına daxil oldular. Yeri gəlmişkən, onu da deyim ki, şimal qonşunuz üçün ən böyük fayda ABŞ-ı proseslərdən kənarlaşdırmağı və regiondakı ənənəvi təsir gücünü qorumasıdır. Bəli, o, bunu bacardı. Tərəflərin bəyanata qol çəkməsi Rusiyanın regiondakı sabitliyin təminatçısı olmaq deməkdir.

-11 yanvar görüşü barədə nə deyə bilərsiniz?

-Bu, yaxşı işarədir. Düzdür, prezident Putinin sədrliyi ilə keçirilən görüşün bir çox detalı açıqlanmayıb. Amma regionda nəqliyyat ifrastrukturu, əməkdaşlıq inkişaf edəcək. Bunun üçün yaradılan işçi qrupunun yanvarın 30-da görüşü planlaşdırılır. Həyata keçiriləcək işlərin planı martın 1-dək rəhbərliyə təqdim edilməlidir. Razılığa görə Çinin “Bir kəmər bir yol” layihəsi Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdiriləcək. Bu isə yüklərin daşınmasına görə nəzərdə tutulan vaxta və məsafəyə qənaət deməkdir. Bölgədə yeni iqtisadi inteqrasiya, inkişaf dövrü başlanacaq. Əgər yoxsul İrəvan iqtisadi mənfəət əldə edə bilsə, razılaşmanın regionda daimi sülhü təmin edəcəyinə inanmaq olar.

-Bilirsiniz ki, Paşinyan məsələnin hələ bitmədiyini deyib. Deməli, yeni müharibə başlaya bilər?

-Ermənistan bütün beynəlxalq hüquqları pozaraq Qarabağı 30 ildən çoxdur ki, işğalda saxlayırdı. Nəticədə təkcə siyasilər deyil, bütünlüklə erməni xalqı emosional və psixoloji baxımdan bu torpaqlara bağlanıblar. Sizin dediyiniz kimi, Paşinyanın açıqlaması, həqiqətən, şübhə doğurur. Ermənistanın hərbi ekspertlərinin, həmçinin müttəfiq olduğu ölkə mütəxəssislərinin revanş naminə qüsursuz plan tərtib edəcəkləri ehtimalı mövcuddur. Müqavilə, bəlkə də, sadəcə vaxt qazanmağa,  o cümlədən texnika və canlı qüvvə cəhətdən güclənməyə hesablanıb. İkinci bir tərəfdən isə Paşinyanın rəqibi olan Vazgen Manukyan hakimiyyətə gələcəyi təqdirdə, torpaqları geri alacağını və guya Azərbaycana “dərs verəcəyini” vəd edir. O, xalqın təkidi ilə hakimiyyətə gəlsə, dediyinə əməl etməyə məcbur qalacaq. Paşinyanı sərt ittiham edən, onun Ermənistanın maraqlarına uyğun davranmadığını bildirən, opponentini “satqın” adlandıran Manukyan geri addım atmaz.

-Qarabağdakı rus sülhməramlıları açıq-aydın tərəf tuturlar. Belə bir şəraitdə biz nə etməliyik?

-Bəli, ruslar düşməni dəstəkləyirlər. Amma onların əməkdaşlıq haqqında sazişlərinin olduğunu da nəzərə almalıyıq. Və buna rəğmən, İrəvanın çoxsaylı çağırışları, xahişləri nəticəsiz qaldı- Rusiya əraziyə Azərbaycanla vuruşmaq üçün hərbi kontingent göndərmədi. Onu da bilməliyik ki, durum Şərqi Ukraynada, Cənubi Osetiya və Abxaziyada olduğu kimi deyil. Çünki üçtərəfli saziş birmənalı olaraq sülh və qarşılıqlı etimad yaratmağı tələb edir. Zənnimcə, Rusiyanın Ermənistana güzəştli münasibət göstərməsini demək hələ tezdir. Mövcud şübhələri artırmağa ehtiyac yoxdur. Sadəcə rəsmi Bakı sülhməramlıların fəaliyyətini izləməli və təhlil etməlidir. Və, əlbəttə, tərəfli münasibətə dair fakt üzə çıxanda narazılıq bildirilməlidir.

 -Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötənlərdə Pakistana səfər etdi. Bu görüşü necə dəyərləndirirsiniz?

-Pakistan Azərbaycanın ərazilərini qanunsuz olaraq işğal etdiyi üçün Ermənistanı tanımır. Biz eyni problemdən- ərazi bütövlüyümüzün pozulmasından əziyyət çəkirik. Belə bir şəraitdə İslamabad və Bakı bir-birilərini dəstəkləyirlər. Pakistan rəsmiləri çətin günlərdə həmişə həmrəyliklərini dilə gətirdilər. Sözügedən görüşdə baş nazir İmran xan Qarabağdakı yenidənqurma işlərində əlindən gələni etməyə hazır olduğunu söylədi. Mən iki müsəlman ölkə arasında ən müxtəlif sahələrdə əməkdaşlığın güclənməsinə inanıram.

-Deməli, biz Ermənistanla Hindistanı müqayisə edə bilərik?

-Elədir ki, var. Hər iki ölkə beynəlxalq hüquq normalarını pozaraq qonşusunun ərazisini tutub. Bu mənada Yeni Dehli ilə İrəvanın heç bir fərqi yoxdur. Onlar işğal etdikləri torpaqlarla kifayətlənməyib, süni şəkildə demoqrafik dəyişiklik edirlər.

Eyni zamanda heç biri atəşkəsə əməl etmir və mülki əhalini hədəf alır, dağıntılar törədir. Onlar xalqlarının yaşayış şəraitini yaxşılaşdırmaq əvəzinə, müharibəyə başlamaq üçün silah alırlar. Və, beləliklə, ardı-arası kəsilməyən təxribatlar törədirlər.

Növbəti oxşarlıq onların strategiyalarındadır- ikisi də hərbi əməliyyatları öz ərazisinı çəkərək yardım adı ilə müttəfiqlərdən kömək almaq istəyirdi. Rəsmi İrəvan rəsmi Bakını, Hindistan isə bizi beynəlxalq əlaqələrdən təcrid etmək üçün qara piar, çirkin kampaniyalar aparır. Və, nəhayət, müharibəyə başlamaq motivi eynidir- daxildəki narazılıqları səngitmək, əhalinin fikrini başqa istiqamətə yönəltmək.

Ümumiyyətlə, Ermənistan və Hindistandakı hərbi-siyasi liderlər faşist ideologiyasına meyillidirlər. Onların hərbi avantüraları, sərt davranışları iqtisadi rifahı, sabitliyi və təhkükəsizliyi təhdid edir.

-Üç müsəlman ölkəsi- Azərbaycan. Türkiyə, Pakistanın birliyi dünyaya dərs olacaq?

-Tərəflər arasında ilk üçtərəfli görüş hələ 2017-ci ildə Bakıda keçirilmişdi. Bu yaxınlarda isə “İslamabad bəyannaməsi” qəbul edildi. Həmin sənəd üçtərəfli əməkdaşlığın gələcək kursunu müəyyənləşdirir. Görüşün əhəmiyyəti isə kənar təsirlərə, V nəsil müharibələrə, piar kampaniyalarına, islomofobiyaya qarşı birgə mübarizədən ibarətdir. Pakistan öz can dostları sayəsində Hindistana yalnız olmadığını göstərdi. Bu, Kəşmirdə insan hüquqlarını pozan, eyni ilə ermənilər kimi məsum insanlara qarşı vəhşilik törədən Hindistana ciddi mesaj idi.