Mətbuat Şurası 2020-ci ildə gördüyü işlərə dair hesabat yayıb

Azərbaycan Mətbuat Şurası 2020-ci ildə gördüyü işlərə dair hesabatını təqdim edib. Hesabatda bildirilib ki, ötən il Şurasnın fəaliyyətində iki başlıca ənənəvi xətt olub. Bunlar birincisi şikayətlərin araşdırılmasıdır. "Sherg.az"xəbər verir ki, ötən il Şuraya ümumilikdə 389 müraciət daxil olub. Onlardan 261-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. 128 müraciət digər məsələlərlə bağlı olub.

Şura Katibliyi 261 şikayətlə əlaqədar tərəfləri quruma dəvət edib. Bu mərhələdə 178 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 83 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib. 

Şikayətlər üzrə Komissiyada baxılan 83 məsələdən 67-i komissiya səviyyəsində həllini tapıb. Digər 16 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. 

261 şikayətin 95-i ayrı-ayrı vətəndaşlardan, 94-ü dövlət idarə, müəssisə və təşkilatlarından, 72-i özəl müəssisələrdəndir. Ötən il ərzində müxtəlif məsələlərlə bağlı Şuranın İdarə Heyətinin 6, Şikayətlər üzrə Komissiyanın 11 iclası keçirilib.

Şikayətlərin KİV-lər üzrə təsnifatına gəlincə, internet xəbər portallarının fəaliyyətindən narazılıqlar ümumi şikayətlərin 73 faizini təşkil edib. İnformasiya agentlikləri ilə bağlı şikayətlərin faiz göstəricisi 16-dır. Şikayətlərin 10 faizi qəzetlərdən, 1 faiz isə jurnallardandır.

Şikayətçilər materiallarda əsasən mövqelərinin işıqlandırılmamasından, şərəf və ləyaqətlərinin təhqirindən, işgüzar nüfuzlarının ləkələnməsindən narazılıqlarını bildiriblər. Mətbuat Şurasının cavabdeh KİV-lərlə bağlı qərarlarında təkzib vermək (44 %), qarşı tərəfin mövqeyinin işıqlandırılması (35 %), şikayətə səbəb olmuş materialın silinməsi (9%) tövsiyəsi yer alıb. Eyni zamanda qərarların 12 faizində şikayətçiyə məsələnin hüquqi müstəvidə araşdırılmasının zəruriliyi ilə bağlı məlumat verilib. 

Hesabatda həmçinin Azərbaycan Mətbuat Şurasının jurnalistlərin xüsusi karanti rejimində peşə fəaliyyətinin həyata keçirilməsinin səmərəliləşdirilməsi istiqamətində Operativ Qərargah və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə müntəzəm təmaslarlarından söz açılıb.

Bundan başqa sənəddə 9 fevral parlament seçkiləri ilə bağlı fəaliyyət, o cümlədən Şuranın medianın seçkini işıqlandırması vəziyyəti ilə bağlı monitorinqinin nəticələri əksini tapıb. 

Hesabatda əksini tapan vacib məqamlardan biri də MŞ-nin Vətən müharibəsi ilə bağlı fəaliyyətidir. Bildirilib ki, qurum müharibə müddətində yerli və xarici KİV-lər müraciətlər ünvanlayıb. Bu baxımdan Şuranın Rusiya KİV-lərinin Dağlıq Qarabağ münaqişəsində birtərəfli mövqe tutmalarına, ölkə ictimaiyyətini yanlış, qeyri-obyektiv məlumatlandırmalarına dair Rusiya Jurnalistlər İttifaqına müraciəti xüsusi vurğulanmalıdır. 

Müharibə müddətində MŞ Dağlıq Qarabağa xaricdən jurnalist səfərləri ilə bağlı bəyanat yayıb. Sənəddə Azərbaycanın razılığı olmadan bölgəyə jurnalist səfərlərinin həyata keçirilməsinin yolverilməzliyi, Ermənistanın bilərəkdən xarici jurnalistlərin həyatlarını təhlükəyə atdığı vurğulanıb. 

Mətbuat Şurası TASS İnformasiya Agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin müdiri Səadət Kadırovaya təzyiqlə bağlı Rusiyanın media ictimaiyyətinə, AZTV-nin çəkiliş qrupunun atəşə məruz qalması, Fransanın “TF1” telekanalının üzləşdiyi durumla,  “Euronews” telekanalının çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması, Erməni lobbisinin “La Repubblica” və “Nyu-York tayms” qəzetlərinə hücumları ilə bağlı dünyanın aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb. 

Mətbuat Şurasının təşəbbüsü ilə qurumun İdarə Heyətinin üzvləri və baş redaktorlar cəhbədə döyüşən jurnalistlərin ailələrinə baş çəkib, yardım ediblər.