Azərbaycanla Türkmənistan arasında Memorandum: “Yeni pəncərə açılır”

Türkmənistanla Azərbaycan arasında Xəzər dənizində “Dostluq” yatağının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Memorandum imzalanıb. Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldıqları imzalanma mərasimində sənədə xarici işlər naziri Ceyhun Bayramov və həmkarı Rəşid Meredov imza atıblar. Bununla Türkmənistanla Azərbaycan arasında uzun müddətdir mübahisə doğuran məsələ həllini tapıb.

Xatırladaq ki, bu zamana qədər dəniz sərhədində yerləşən yatağı Türkmənistan “Sərdar”, Azərbaycan isə “Kəpəz” adlandırırdı. Hər iki tərəf yatağın yerləşdiyi bölgəni öz dəniz ərazisi hesab edirdi. Yeni imzalanan sənədlə ortaq məxrəcə gəlindi və yatağa ortaq ad verildi - “Dostluq”. Artıq yataqdan birgə istifadə olunacaq. Məlum məsələdir ki, İran və Rusiya Türkmən qazının Xəzər dənizinin dibi ilə Azərbaycan üzərindən Avropaya ixracında maraqlı deyil. Ona görə də “TransXəzər” boru kəmərinin tikintisinə mane olurlar. Lakin iki ölkənin anlaşması gələcəkdə ortaq enerji kəmərlərinin çəkilməsinə imkan verəcək. Həmçinin, Türkiyə, Azərbaycan, Pakistan, Türkmənistan və Əfqanıstandanı birləşdirən Lapis-Lazuri nəqliyyat dəhlizinin açılması digər layihələrin də siyasi reallaşmasına gətirəcək. Bir sözlə, Türkmənistanın Azərbaycanla Xəzər dənizində birgə fəaliyyəti, digər Orta Asiya ölkələri ilə siyasi-iqtisadi əlaqələrin inkişafı yeni mərhələnin başlanğıcı deməkdir. 



Tarixi anlaşma ilə bağlı fikirlərini “Şərq”ə bölüşən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, mübahisəli karbohidrogen yataqların həllini tapması regionda birgə neft-qaz istismarı üçün münbit şərait yaradacaq. Ekspertin sözlərinə görə, bütün hallarda hədəf türk dövlətlərinin birliyini möhkəmləndirməkdir:

“Məlumdur ki, sıx iqtisadi bağlılıq olmazsa, real birlikdən, həmrəylikdən  danışmaq sadəcə zaman itkisidir. İndiyə qədər türk dövlətləri daha çox mədəni əlaqələrə diqqət yetiriblər.

Düzdür, bu sahədə xeyli uğurlar əldə olunsa da, konkret addımlar atılmayıb. Ən əsası isə ortaq dillə bağlı nəticə əldə olunmayıb. Mərkəzi Asiyanın türk dövlətləri bəzi proseslərə tam hazır deyillər. Ona görə də münasibətlər daha da sıxlaşmalıdır. Siyasi münasibətlər də arzuolunan səviyyədə deyil.

Əlaqələrin qurulmasına əngəl yaradan əsas faktor Rusiya amilidir. Mövcud şəraitdə Azərbaycan öz imkanlardan maksimum yararlanmağa çalışır və Türkiyə ilə eyni siyasi xətt üzrə hərəkət edir. Bu istiqamətdə səyləri davam etdirməliyik”. 

Politoloq diqqətə çatdırıb ki, XİN başçısı Ceyhun Bayramov regionun türk respublikaları ilə görüşlərdə daha çox TAP qaz kəmərinin təminatı ilə bağlı danışıqlır aparacaq:

“Rusiya müxalifətçisi A.Navalnının həbsi Moskvaya qarşı ciddi sanksiyaları gündəmə gətirib. Avropa Parlamenti “Şimal Axını-2” layihəsini dayandırmaq üçün Avropa İttifaqına müraciət etməyi düşünür.

ABŞ-ın yeni prezidenti Cozef Bayden Rusiyaya qarşı sanksiyaları gücləndirmək niyyətindədir. Bütün bunlar ilk növbədə Rusiyanın qaz idxalına təsir edəcək. Soyuq qış aylarında Avropaya çatdırılacaq qazın həcminin azalması isə Azərbaycan üçün yeni imkanlar açacaq.

Ona görə də SOCAR yeni qaz yataqlarının işlənməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Paralel olaraq Mərkəzi Asiyanın türk ölkələri ilə hərtərəfli əməkdaşlıq daha da genişlənməlidir”.