Türk psixoloqlar BAKIDA ! – “Kadr hazırlayacaqlar”

“Onlar təlim keçəcəklər və bu işləri türkiyəli mütəxəssislərin yetişdirdiyi kadrlar görəcək. Ən düzgün yol budur”



Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə işlər davam etdirilir. Bu məqsədlə Türkiyədən dəvət olunan mütəxəssislər dünən ölkəmizə gəlib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
FHN-nin dəvəti ilə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardımçı olacaqlar. Eyni zamanda, qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə işlər görüləcək. Həmin mütəxəssislərin FHN-nin psixoloq-mütəxəssisləri ilə birgə fəaliyyət göstərməsi, həmçinin təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Psixoloq Elnur Rüstəmovun “Sherg.az”a açıqlamasına görə, türkiyəli mütəxəssislərin birmənalı şəkildə faydası olacaq:

“Şübhəsiz ki, dəvət olunan psixoloqlar kifayət qədər təcrübəli olacaq. Sadəcə 20 nəfər psixoloq bu qədər qazi və şəhid ailələrinə psixoloji yardım göstərə bilməz. Bu, fiziki olaraq mümkün deyil. Psixiatrik yardım olsa, hansısa problem yaşanmaz.

Çünki müayinələrdən sonra pasiyentə dərman yazılacaq, 1 ay qəbuldan sonra təkrar yoxlanış olacaq. Psixoloji yardım isə tamam başqadır.

“Psixoloji yardım haqqında” qanunda da qeyd olunub ki, ağırlıq dərəcəsindən asılı olaraq bir nəfər həftədə bir, iki, üç dəfə, ehtiyac olarsa hər gün psixoloji yardım ala bilər.

Bir psixoloji seans müddəti isə 45 dəqiqədən 1 saata qədərdir. 20 mütəxəssis bir gündə 8 nəfəri qəbul etsə, bu şəxslər həftədə üç dəfə yardım alsalar, mütəxəssislər bir həftə ərzində 16 nəfəri qəbul etməli olur.

O zaman türkiyəli mütəxəssislər burada nə qədər qalacaqlar? Ona görə də düşünürəm ki, həmin mütəxəssislər ölkəmizə kadr hazırlamaq üçün gəliblər. Onlar təlim keçəcəklər və bu işləri türkiyəli mütəxəssislərin yetişdirdiyi kadrlar görəcək.

Ən düzgün yol budur. Çünki müharibədə iştirak edənlərdə posttravmatik stress pozuntusu var. Bu stress pozuntusunun fonunda depressiv hal və yuxu pozuntusu, özünə qapanma, ailə və cəmiyyətlə yaşadığı problemlər dayanır. Fikrimcə,türkiyəli mütəxəssislərin gəlməsi çox yaxşı haldır”.

E.Rüstəmov qeyd edib ki, Azərbaycanda da bu sahədə mütəxəssislər var. Onlar da işə cəlb olunsalar, kadrlar hazırlaya bilərlər:

“Ölkəmizdə 13 nəfər psixologiya üzrə professor var. Həmin professorları da işə cəlb etmək lazımdır. Onlar arasında akademik və praktik sistemdə çalışanlar var. Azərbaycanda həmçinin 5 dənə psixologiya kafedrası mövcuddur.

Elmlər Akademiyasında “Sosial psixologiya” adlı şöbə var. Praktik sahədə də yaxşı mütəxəssislərimiz çoxdur.

Səhv etmirəmsə, türkiyəli mütəxəssisləri FHN dəvət edib. Amma Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də var. Həmçinin Təhsil Nazirliyini də bu işə cəlb etmək lazımdır.

Çünki məktəb psixoloqlarımız da yardım göstərə bilərlər. Müharibə iştirakçılarının hamısı paytaxtda yaşamır, ucqar kənddə qalanlar da çoxdur.

Onlara psixoloji dəstəyi kim göstərəcək? Məktəb psixoloqları kadrlar kimi hazırlansınlar və dəstək göstərsinlər. Çünki hər kənddə bir məktəb və hər məktəbdə bir psixoloq var”.