Təklif yerinə düşüb ! - “Şuşa Türk xalqlarını birləşdirəcək"

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev Prezident İlham Əliyevlə videoformatda görüşüb. Danışıqlar zamanı B.Amreyev Şuşa ilə bağlı mühüm məqamlara toxunub.

O deyib ki, hər il türk dünyasının mədəni paytaxtı seçilir. 2022-ci ildə Şuşanın belə paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik:

“Bunlar Şuşanın bütün türk və İslam dünyası üçün böyük mədəni əhəmiyyətini vurğulayar. Dünən biz bu məsələni xarici işlər naziri cənab Bayramovla da müzakirə etdik. Siz icazə versəniz, biz bu işə başlayarıq, 2022-ci ildə Şuşada 20-yə yaxın mədəni tədbir keçirərik.

Əminik ki, o vaxta qədər Şuşa bərpa olunacaq, öz əvvəlki simasını alacaq. Biz həmişə Sizin yanınızda olmuşuq və həmişə Sizin yanınızda olacağıq”.

Baş katibin təşəbbüsünü “Sherg.az”a dəyərləndirən şair Rüstəm Behrudi əvvəlcə Şuşanın əsarətdən qurtulması münasibətilə xalqımızı təbrik edib:

“Bir neçə paytaxtı olan ölkələr mövcuddur. Məsələn Cənubi Afrikanın  üç paytaxtı var: mənəvi, iqtisadi və siyasi.

Elə Azərbaycanın da mədəni paytaxtı Şuşadır. Şuşa bizim mənəvi aləmimizin mərkəzidir. Bakı dövlətin, ruhumuzun paytaxtı isə Şuşadır. İndi isə ruhumuz da bizdədir. Ona görə açıqlama da yerinə düşüb.

Türkçülük, turançılıq baxımından Şuşanın türk dünyasının mədəni paytaxtı olması böyük düşüncə və iradə tələb edir. Çox sevinirəm.

Türk xalqlarının daha da bir-birinə yaxınlaşmasına kömək edəcək. Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunması ideyasını alqışlayıram”.