SMS-icazənin ləğvi ilə sərnişin sayı xeyli artıb

Respublika ərazisində xüsusi karantin rejiminin yumşaldılmasından sonra Bakıda marşrutlarda sərnişinlərin sayında artım müşahidə olunub. 
Bu  sözləri "Sherg.az"a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, sərnişin sayının artması Bakıda tətbiq edilmiş SMS-icazənin ləğv edilməsi ilə bağlıdır:

“Ölkədə istər sərt karantin rejiminin tətbiqi, istərsə də karantin şərtlərinin yumşaldılması zamanı əvvəlcədən hazırlanmış nəqliyyat planına uyğun olaraq addımlar atılır. Yanvarın 18-dən etibarən ölkədə SMS-icazə sisteminin ləğv edilməsi ilə bağlı məlumat daxil olan kimi yenidən nəqliyyat üzrə işlər təşkil olundu.

Belə ki, yanvarın 18-də SMS-icazə ləğv edilən gün əvvəlki həftənin eyni gününü müqayisə edərkən, Bakıda sərnişin sayında 200 min nəfər artım olduğu müəyyən olunub. Amma buna baxmayaraq sərnişin daşınmasında hansısa ciddi narazılıq müşahidə olunmadı. Çünki əvvəlcədən plana uyğun olaraq marşrut xətlərindəki avtobusların, həm ehtiyat avtobusların sayı artım ehtimalına uyğyn artırılmışdı.

Ona görə də həmin gün sərnişin sıxlığı ilə bağlı hər hansı problem yaranmayıb. Yanvarın 25-dən etibarən Bakıda əksər xidmət və ticarət obyektləri fəaliyyətini bərpa edəcək. Bunun üçün də növbəti həftə üçün yeni nəqliyyat planı hazırlanır. Plana uyğun olaraq xətdə və ehtiyatda olan avtobusların sayı müəyyən edilir, exspres avtobusların intervalı da buna uyğun olaraq hesablanacaq”. 

M. Ağayev hava şəraiti və sərnişin sayının artması ilə əlaqədar şəxsi avtomobil sürücülərinə də müraciət edib:

"Sürücülərdən xahiş edirik ki, şəxsi avtomobillərini avtobus dayanacaqlarında saxlamasınlar. Yollarda vəziyyəti nəzərə alsınlar, avtobusların üstünlüyünə şərait yaratsınlar. Sürücülərin avtobus dayanacaqlarında şəxsi avtomobillərini qanunsuz park etmələri halları həm onlar üçün inzibati məsuliyyət yaradır, həm də avtobusların intervallarında gecikmələrə səbəb olur. Bakıda hazırda metro stansiyalarının fəaliyyət göstərmədiyi vaxtlarda avtobusların fəaliyyəti və vaxtında dayanacaqlara çatması vacibdir”.