Ortaq media platformasına ciddi ehtiyac var

"Bir çox məsələlərdə Türkiyənin təcrübəsindən yararlana bilərik"

"3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə işçi komissiya yaradılacaq"

Qədim tarixi ənənələrə malik Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz dostluğa, ənənəvi qardaşlığa söykənən möhkəm təməllər üzərində qurulub. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Son aylar baş verən hadisələr bir daha təsdiq etdi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Xüsusilə son vaxtlar Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq istiqamətində xüsusi bir canlanma müşahidə edilir.

Bu günləri həmçinin Azərbaycanla Türkiyə arasında birgə media platforması yaradılması, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılması genişləndirilməkdədir. Televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlıq ilk olaraq hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol oynayacaq. Artıq Azərbaycan-Türkiyə media platformasının əhatə dairəsi müəyyənləşib. Bu barədə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.
Sənəddə qeyd edilib ki, tərəflər yaradılacaq birgə media platforması çərçivəsində iki ölkə arasında sağlam media əlaqələri şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:

- Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;
-  İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;
-  Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;
-  Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;
-  Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;
-  Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;
-  İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.

Sənəddə bildirilir ki, Anlaşma Memorandumunun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq.

Mövzu ətrafında fikirlərini "Şərq"lə bölüşən “Xalq Cəhbəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, platforma çərçivəsində müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması mühümdür. Tanınmış media eksperti əlavə edib ki, bu yöndə qarşılıqlı səfərlərin təşkili çox əhəmiyyətlidir:

"Bu səfərlər ilk növbədə praktik məcrada olmalıdır. Yəni məqsəd ondan ibarət olmamalıdır ki, kimlərsə turist səfərlərinə gedib vaxtlarını itirsinlər. Digər tərəfdən qarşılıqlı əlaqələrin inkişafı üçün forumların keçirilməsinin də məqsədəuyğun olduğunu düşünürəm. Çünki media platforması çərçivəsində əməkdaşlıq hər iki tərəfin marağında olmalıdır. Media qurumları arasında əgər hansısa əlaqələr qurulacaqsa və inkişaf etdiriləcəksə, ortaq məqamlar olmalıdır. Məsələn, hər iki tərəf üçün informasiya siyasətində hansı amillər əsas götürülür, hansı məqamlar prinsipal əhəmiyyət kəsb edir. Bunlar xüsusilə önəmlidir. Şübhəsiz ki, bu gün Azərbaycan mediası ilə Türkiyə mediasının gücünü və potensialını müqayisə etmək mümkün deyil. Qənaətimə görə, ilk növbədə daha çox Azərbaycan mediasının inkişafına təkan verəcək amilləri  bu prosesdə nəzərə almaq lazımdır". 

E.Mirzəbəyli vurğulayıb ki, daha çox birgə təlimlərin keçirilməsi vacib şərtlərdən biridir:

"Əlaqələrin qurulmasında bu amil də əhəmiyyətli rol oynaya bilər. Necə ki, maddi-texniki bazanın gücləndirilməsi və kommersiya fəaliyyətinin inkişafı amilləri. Media platforması ilə yanaşı Türkiyədə bizim öyrənəcəyimiz çox məqamlar var. Çünki medianın bir kommersiya strukturu kimi fəaliyyət göstərməsi və qazanc əldə etməsi üçün əsas şərtlərdən biri reklam bazarının liberallaşdırılmasıdır. Məsələn, reklamların və sosial reklamların ədalətli bölünməsi və s. Bu aspektdən də Türkiyədən bu məsələlərlə bağlı öyrənə biləcəyimiz çox məqamlar var.

Amma bu prosesin inzibati metodlarla həyata keçirilməsi düşünürəm ki, mümkün deyil. Sadəcə olaraq, burada tənzimləyici bir funksiya həyata keçirilməlidir. Ola bilsin ki, bu, Media İnkişafı Agentliyi tərəfindən gerçəkləşdiriləcək. Amma tənzimləyici proses olmalıdır və əlaqələr qurulmalıdır. Nəzərinizə çatdırım ki, bundan öncə də Azərbaycan və Türkiyə mediaları arasında əlaqələrin qurulması üçün kifayət qədər cəhdlər olunub. Ayrı-ayrı media qurumlarının rəhbərləri tərəfindən belə addımlar atılıb.

Hələ 2020-ci illərdən başlayaraq bu proseslər gedir. Həmin insanlar Azərbaycanla Türkiyənin ortaq media platformasında birləşməsini və iki ölkənin bütün sahələrdə olduğu kimi media sahəsində də yaxınlaşmasını ürəkdən arzulayırdılar. Amma təəssüflər olsun ki, bəzən ən gözəl ideyalar belə bəzi şəxslər tərəfindən xüsusi olaraq məqsədyönlü şəkildə mənimsənilir və onların həyata keçirilməsinə imkan verilmir. Yəni formal bir xarakter daşıyan ayrı-ayrı platformalar və təchizatlar yaradılıb.

Təchizatların da məqsədi əslində inkişafdan yox, daha çox fərqli maraqlardan ibarət olub. Ümid edirəm ki, indiki şəraitdə ortada çox ciddi tərəf var və bu, parlament səviyyəsində paraflanan sənəddir. Şübhəsiz ki, çox önəmli sənəddir. Azərbaycan tarixində indiyə qədər belə bir fakt olmayıb. Bu əslində sənədin özünün ciddiliyindən xəbər verir".

Tanınmış media eksperti qeyd edib ki, Azərbaycan-Türkiyə media əlaqələrinə mane olan bu amillərlə yanaşı digər amil isə Azərbaycan mediasının zəifliyi olub:

"Media qurumları ən azı bərabər səviyyəyə yaxın bir platformada olmalıdırlar ki, onların əməkdaşlıq perspektivləri olsun. Biz Türkiyə mediasına nə vəd edə bilərik ki, onlar üçün maraqlı olsun? Məhz bu barədə düşünmək lazımdır. Əvvəla nə vəd verəcəyimizi düşünməliyik. Onlar üçün hansı aspektdən maraqlı olacağımızı gündəmə  gətirməliyik. Hətta gələcəkdə bu məsələlər müzakirə olunsa və həllini tapsa, bir sıra problemlər hətta  gələcəkdə ortaq media qurumlarının yaradılması perspektivi də kifayət edir.

Düşünürəm ki, bu media platformasının ciddi şəkildə işlənilməsi, həyata keçirilməsi, bütövlükdə Türkiyə media platforması üçün çox ciddi bir bağ rolunu oynaya bilər. Çünki ümumiyyətlə, türk dövlətlərinin əməkdaşlığı prosesini sürətləndirən amillərdən biri Azərbaycan-Türkiyə əməkdaşlığının perspektivli olması, belə deyək ki, özünü sübuta yetirməsi olub. Bu özünü enerji layihələrində, iqtisadi əlaqələrdə və s. büruzə verib. Bu aspektdən də media platformasında da eyni tendensiyaların - səmərəlilik, qarşılıqlıq, faydalılıq elementlərinin önə çıxmasına ehtiyac var". 

Tanınmış media eksperti Zeynal Məmmədli "Şərq"ə açıqlamasında Azərbaycan-Türkiyə Birgə Media Platforması çərçivəsində televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsinin vacibliyini qeyd edib. Ekspert diqqətə çatdırıb ki, bu günləri televiziya sahəsində çox ciddi qüsurlar var:

"Azərbaycan və Türkiyə arasında birgə media əməkdaşlığına çox ciddi ehtiyac var. Qeyd edim ki, operatorların, televiziya rejissorlarının, reportyorların, şərhçilərin hazırlanması ilə bağlı özəlliklə TRT böyük təcrübəyə sahibdir.

Ümumiyyətlə, Türkiyə televiziyaları bu sahədə kifayət qədər peşəkar praktikaya malikdirlər. Burda məhz təsdiq-təlim baxımından işbirliyi ola bilər. Bədii televiziyaya gəlincə, bu günləri dövlətimiz tərəfindən televiziya seriallarına pullar ayrılır. Məsələn, set çəkilişlərinə, situasiya komediyalarına, ümumilikdə tarixi seriallara. Lakin istənilən keyfiyyət əldə olunmur. Bunlarla bağlı Türkiyənin təcrübəsindən yararlanmaq mümkündür.

Digər tərəfdən televiziyada xəbər və xəbər törəmə materialların çəkilişi ilə bağlı işlərin daha da təkmilləşməsinə ehtiyac var. Məsələn, daha çox təlimlər və kadrların hazırlanması ilə bağlı iş birliyi çox vacibdir.

Yəni birgə təlimlər və hazırlıqlarla bağlı onların çox böyük faydaları ola bilər. Məni işin bu istiqaməti maraqlandırır. Sözsüz ki, digər birgə proyektlər, layihələr də mümkündür. Bu, türk xalqların  mədəniyyəti, tarixi ilə bağlı ola bilər. Sənədli filmlərin, silsilə sənədli filmlərin çəkilişi və materialların hazırlanması ilə bağlı ciddi iş birliyi qurmaq lazımdır". 

Z.Məmmədli bildirib ki, bu günləri televiziyalarda peşəkarlıqlarla bağlı axsamalar var:

"Efir məkanımızda efir, danışıq və görüntü dili, sözlərin ifadə olunması ilə bağlı ciddi qüsurlar mövcuddur. Habelə, davranış və təcrübə ilə bağlı da. Görürsən ki, məsələn, 20-22 yaşında bir telexəbər aparıcısı hər hansı bir hadisəyə münasibət bildirir.

Bu zaman onun ifadələri və səs tonu xoş təsir bağışlamır, yəni bunun nə həyat təcrübəsi var ki, birdən-birə efir məkanındadır. Onun reportyor olan vaxtı efirdə aparıcılıq etməsini düzgün hesab etmirəm. Yəni bizdə efir yaşı problemi də var.

Bu məsələlərdə də Türkiyənin təcrübəsindən ciddi faydalana bilərik. Televiziyalarda efir yaşı deyilən bir anlayış mövcuddur. 30-35  yaşına kimi sən televiziyada reportyorsan, yəni hələ xəbər dalınca qaçmalısan, nədəsə ixtisaslaşmalısan, öyrənməlisən və ondan sonra efirə çıxa bilərsən. Amma bizdə bilmirsən ki, bu aparıcıların hansı moderatordur.

Yəni heç bir tərəfə və təbliğata yol vermədən aparacaq. Bizdə efir aparıcıları hamısı bir-birinə çox bənzəyir. Birinin elementləri hamısında var. Elə qəribə bir qarışıq yaranır ki, çaşıb qalırsan ki, bu nədir? Bu baxımdan bizdə həm təhsil, həm seçilmək baxımından, həm də dünyagörüşlü şəxsiyyət olmaq baxımından çox ciddi nöqsanlar aşkarlanmaqdadır. Türkiyədəki seçim təcrübəsi bizə böyük fayda verə bilər.

Bundan başqa bizdə prodüser məktəbi yoxdur. Prodüser məktəbinin formalaşmasında qardaş ölkənin təcrübəsindən ciddi istifadə edə bilərik. İnanıram ki, birgə media platforması sahəsində mediamızda çox ciddi uğurlar əldə edəcəyik".