Prezidentin xüsusi diqqət və qayğısı var

Tezliklə Qarabağdakı dini-tarixi abidələrimiz bərpa ediləcək

Uzun müddət erməni təcavüzkarlarının işğalına məruz qalmış Qarabağ torpağı artıq azaddır. Düşmən 30 il  ərzində burada yerləşən şəhər və rayonlarımızı, yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıdıb, təbii sərvətlərimizi talan edib, həmin ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi viran qoyub. Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağdan bir iz belə qalmayıb. 

Mənfur düşmənin illərdir soyub-taladığı diyarı dirçəltmək, ona nəfəs vermək üçün həmin torpaqlarda yenidənqurma işlərinə başlanılıb. Bərpası vacib olan yerlər sırasında dini abidələrimiz, məscidlərimiz də var.

Ermənilər Qarabağdakı dini-tarixi əhəmiyyətə malik olan bütün abidələri, xüsusilə də məscidlərimizi bərbad vəziyyətə salıb. İşğal müddətində onlar məscidlərimizdən tövlə kimi istifadə edib.

Heydər Əliyev Fondu müqəddəslik rəmzi olan dini abidələrimizin bərpası üzrə dekabr ayında layihəyə start verib. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması nəzərdə tutulub.

Bu məsələ ilə bağlı fikirlərini "Şərq"lə bölüşən ilahiyyatçı-alim Hacı Atif İsmayılov qeyd edib ki, işğal olunmuş ərazilərimizdə erməni faşizminin törətdiyi vəhşiliklər, o cümlədən ibadətgahlarımızın dağıdılıb, içində donuz saxlanması bir daha sübut edir ki, onlar insani keyfiyyətlərdən məhrum millətdir:

"Qarabağ torpağı qədim dövrlərdən etibarən görkəmli simalar yetişdirib. Həmin dahilərin göstərdiyi səylər nəticəsində dini və milli tariximizin möhtəşəm əsərləri, ibadətgahlar və məscidlər inşa edilib.  Xalqımız ən qədim zamanlardan bu günə kimi mədəniyyətinə və tarixinə çox sıx bağlı olub. Tariximizə, milli mədəniyyətimizə göstərilən diqqət də buna ən gözəl sübutdur.  Bizdən fərqli olaraq mənfur düşmən xalqımızın izlərini həmin torpaqlardan birdəfəlik silmək, tarixin izlərini yox etmək məqsədilə vandalizm həyata keçirib. Qarabağ bölgəsində erməni təcavüzkarlarının həyata keçirdiyi amansız cinayətlər, nümayiş etdirdikləri barbarlıq onların necə millət olduqlarını yenidən göz önünə sərir". 

Hacı Atif bəy inanır ki, qısa zaman ərzində həmin torpaqlar yenidən öz abadlığına qovuşacaq: "Hazırda düşmən işğalından azad olunan ərazilərdə yenidənqurma və bərpa işləri aparılır.

Prezidentimizin bu sahəyə göstərdiyi xüsusi diqqət və həssaslıq təqdirəlayiqdir. Milli-tarixi dəyərlərimizin kökləri sayılan dini abidələrimizin bərpası yönündə bir sıra tədbirlər həyata keçirilməsi çox vacib addımlardandır. Bir xalqın özünə qayıtması üçün ən önəmli faktorlardan birincisi milli və mənəvi dəyərlərin təməlində duran dini-tarixi abidələri bərpa etmək, dirçəltməkdir. Cənab İlham Əliyevin həmin  sahəyə göstərdiyi qayğı Azərbaycan xalqının öz tarixi köklərinə necə bağlı olduğunun bariz nümunəsidir. Biz inanırıq ki, tez bir zamanda əzəli və əbədi torpağımız olan Qarabağ dövlətimizin gördüyü yenidənqurma və abadlıq işləri sayəsində əvvəlki halına qayıdacaq".

Aytac Ali